“Dostoyevski yaşasaydı, ona yenə də əfv ərizəsi yazdırardılar” - Asılmamış portret

20-01-2015, 14:00   


Pərviz Cəbrayıl: “... O zaman etdi, bu dövrdə yaşasaydı, yenə edərdi; söhbət heç zaman dəyişilməyən insan xarakterindən və tarixi missiyadan gedir ... ”

Bir qucağa sığışan masa, iki stulun güclə yerləşdiyi balaca, “Bəyaz gecələr” qədər ağ, uşaq ürəyi qədər təmiz bir hücrə. İki yarımın bir otuza. O qədər kiçikdir ki, üçüncü şəxsin içəriyə girməsi üçün ikinci adam gərək oranı tərk etsin. Yenicə bitirdiyi “Məryəm surəsi” romanının redaktəsiylə məşğul olacağı bu otağı göz bəbəyi kimi qoruyur. Özündən sol yanda rəssam Pəri Miniatürün “Yad dildə”yə nəzirə protretini asıb. Beləcə, İçərişəhərin bir-birinə göz qoyan evləri arasından doğan “Yad dildə”nin siluetləri içərisində özünün də boy verdiyi portreti altında Dostoyevskinin portretini çizdi...


“Nəsrin Olimpində dayanan Zevs!”


- Cənab Cəbrayıl! Söhbətimizə Dostoyevskinin portretini çəkməklə başlayaqmı?

- Mən Cənab Cəbrayılamsa, sən Cənab Cəbrayılzadəsən. Yəni çox bərk getmə. “Öləngi”ni sənin yadına salım: tənqid edənlərlə tənqid etdikləri bir qatarda, eyni sürətdə, eyni aqibətdə gedirlər. Suala gələk, hə, mən klassikləri sevirəm, ancaq daha çox öz gənc yazarlarımız haqda danışmağın tərəfindəyəm.

Çox istərdim ki, sən Dostoyevskini yox, bugünkü yazarlarımızdan birini seçərdin və heç kimin haqqında danışmayan məni məcbur edərdin ki, buyur, danış. Hətta onu oxumamış olaydım belə. Məncə, vurğunu bütün hallarda öz yazarlarımızın üstünə salmaq lazımdır. Markesin, Dostoyevskinin, Hemenqueyin, Folknerin dahilik möhürü vurulub və arxivə göndərilib. İş ona deyərəm ki, sən gələcəyin dahisini kəşf edəsən.

Madam ki, “Asılmamış portret”də kiminsə portretini çəkməyi layihə müəllifi seçir, deməli, Dostoyevski haqda danışmağa məhkumuq. Ancaq mən kompromis variant kimi o titanı günümüzə gətirib özümüzünküləşdirməyi və çağdaşlaşdırmağı təklif edirəm. Gəl, Dostoyevskinin ömür yoluna bir ekskurs edək.




- Razıyam. Başlayaq...


“Yazı prosesində səndən böyüyə yer yoxdu. Orda Allahı da sən yaradırsan, Şeytanı da”


- Gəncliyində inqilabçılara - Petroşevskiçilərə qoşulur. 1849-cu ildə - 28 yaşında həbs olunur və edama məhkum edilir. Sonradan imperatorun əfv əmriylə ömürlük katorqaya göndərilir. Hələ Petropavlovsk qalasında olarkən, yəni məhkəməsi gedən vaxtda yuxarılara xahiş-minnətçilər düşürməyə başlayır və hələ orada olanda baxışlarında dəyişikliklər gedir. Katorqanın bir hissəsini, yəni 5 ilini çəkəndən sonra uzun xahiş-minnət, yalvarışlarla, həbsindən 5 il ötdükdə isə katorqanın ömürlük soldatlıqla əvəzlənməsinə nail olur.

Bir müddət sonra - 1855-ci ilin fevralında I Nikolay ölür, yazıçı onun dul xanımına sadiq təbəə kimi şeir həsr edir və daha iki “təbəə” şeiri yazır. Yeri gəlmişkən, bu şeirlər o öləndən sonra çap edilib. Nəticədə unter-zabit rütbəsi alır, ancaq rütbə, vəzifə bir yazıçının nəyinə lazımdı? O, azad olmaq istəyir, Sevastopol qəhrəmanı general Totlebenə yeni imperatordan onu əfv etməsi üçün xahiş məktubu yazır və general da bu haqda çardan xahiş edir; yeni çar II Aleksandr da onun adını imzaladığı amnistiyaya salaraq vəzifəsini artırır. Dostoyevski, nəhayət, 1859-cu ildə tam azad edilərək bir inqilabçı kimi düşdüyü sürgündən qatı idealist, dindar, hətta belə deyək İsa Məsihin özü kimi paytaxta qayıdır və çap olunmağa başlayır. Sonralar jurnal təsis edir. Qardaşıyla çox maddi çətinliklər çəkə-çəkə jurnalı nəşr edir. Heç yerdən yardım gəlmir. Özü kitab yazır, aldığı qonorarın bir hissəsini nəşrə xərcləyir. Dostoyevski getdikcə şöhrət, dahilik zirvəsinə yaxınlaşır və doğrudan da onun dahiliyi təsdiq olunur. Ən sonda çar ailəsinin mürəbbisi olur. Çarın uşaqlarının mənəvi atalığı ona tapşırılır. Bax, Dostoyevski inqilabçılıqdan gör hara gəlib çıxır.

- Dostoyevski bu gün yaşasaydı nə edərdi?

- Yaxşı sualdı. Dostoyevski bir təşkilata qoşular, həbs olunar, sonra mütləq ərizə yazardı. İnqilabçı kimi düşdüyü həbsdən dindar kimi çıxardı, yenə yazmağa başlayardı. Hakim ailəyə, iqtidara nə qədər yaxınlaşacaqdı, o, ayrı bir mövzudu. Bütün hallarda bu prosesi keçəcəkdi. Gəncliyin inqilabi havasını, çılğınlığını yaşayacaqdı. O zaman etdi, bu dövrdə yaşasaydı, yenə edərdi. Söhbət burada yazıçıdan deyil, heç zaman dəyişilməyən insan xarakterindən və üzərinə düşən tarixi missiyadan gedir. Onun missiyası yazmaq idi.
Ancaq indi gəl, bir şey fikirləşək. Bu dövrdə bunu edənlərə - əfv ərizəsi yazanlara necə yanaşırıq? Nə qədər pis qarşılanır, düzdürmü? “Biz səni müdafiə etdik, məhkəmələrinə gəldik, döyüldük, söyüldük, həbs edildik, sənin qəhrəman obrazını yaratdıq, təsəlli tapdıq, nə qədər gəncə ruh verdik, sən isə zəhmətimizi yerə vurdun”. Hər dəfə peşmançılıq təkrar olunur. Bu məzəmmət yiyələrinin də yolu içəri düşür və o da eyni yolla geri qayıdır.

Ancaq iki əsr öncə Dostoyevski bunları edib, heç biri də xatırlanmır. Qınayan da yoxdu.
Başqa bir şey deyim. O, zəminçi-slavyanafil olub. Bu ideologiya şovinizmdir. 37-lərdə bizim böyük ziyalıların üzərinə cinayət maddəsi kimi qoyulan pantürkizm kimi bir şey. Ancaq bu da xatırlanmır. Dostoyevskinin inqilabçılıqdan başlayıb Çar ailəsinin əziz-xələfi olmasına qədər sürən proses də unudulub. Bəli, bu gün bunları xatırlamırıq, ancaq bir dahi romançı haqda danışırıq. Yerdə qalan onun əsərləri oldu. Onun şəxsiyyəti çox az-az hallarda xatırlanır - o da bir mələk olan həyat yoldaşı Anna Qriqoriyevnanın nişan üzüyünü uduzan qumarbazlığı, bununla belə, qadınların dalınca qaçması, yaradıcı adamlara məxsus qeyri-müəyyən sevgi hisləri...

Onun bugünkü portretində bunlar kiçik ştrixlərlə yer alıb. Əlbəttə, o zaman yeni-yeni yaranan nihilistlər, bolşevizmin mənəvi əcdadları Dostoyevskini çar ailəsinin içinə getdiyinə görə (azad olmaq üçün ərizə yazdığına görə yox) qınayırdılar. Lakin onların ömrü Dostoyevskinin peyğəmbərcəsinə dediyi müddət qədər oldu, ideyalarının (kommunizm) əfsanə, inqilablarının isə yalnız xaricdən alınan maliyyə hesabına Rusiyanın çökdürdülməsi üçün həyata keçirildiyi bir iş olduğu üzə çıxdı, Dostoyevskinin sənəti isə hələ də yaşayır və yaşayacaq da. Yəni onun portreti bu gün həbsdə yatıb çıxan qardaşlardan heç nə ilə fərqlənmir. Bircə bu qalır: o yatıb çıxanlar hər şeyi unutduracaq bir iş görə biləcəklərmi? Yəni azadlığa nə ilə haqq qazandıracaqlar? Ancaq maddi portretdən danışsaq, o mənim gözümdə qədim yunan allahlarına oxşayır. Daha dəqiqi - Zevsə! Nəsrin Olimpində dayanan Zevs!

“Yazı prosesində səndən böyüyə yer yoxdu. Orda Allahı da sən yaradırsan, Şeytanı da”


- Rəssam olsaydınız, onun həyatında hansı anları portretə mütləq daxil edərdiz?

- “Yoxsul insanlar” əsərini dostu Qriqoryeviç o dövrün məşhur tənqidçisi, Natural məktəbin banisi olan Belinskiyə və Nekrasova aparır. Dostoyevski hələ özünü təsdiqləməmiş 27 yaşlı gənc yazardı, inamsızdı. Belinski romanı oxuyur və deyir ki, “hə, ədəbiyyatımıza yeni Qoqol gəldi”. Dostu bu sözü ona deyəndə, Dostoyevskinin keçirdiyi sevinc hislərini mütləq portretə əlavə edərdim. Yazıçının həyatında olan bu cür sevinc hissini insan bəlkə də yalnız ilk dəfə eşqə düşəndə yaşayır.

- Portretini çəkəndə onun qumarbazlığını silərdin?

- Üstündən az qala iki əsr ötüb. Hara silirəm? Yaxşı olar, elə qalsın (gülür). Dostoyevski elə bir yazardı ki, onun çar ailəsinin əziz-xələfi olması kimsəyə bir zərər gətirməyib, qumarbazlığı belə, bəşəriyyətə xeyir verib.



- Dostoyevskinin həyat yolundan danışdınız. Bəs, yazıçı necə olmalıdır?

- Özüm əməliylə yaradıcılığının vəhdətini, yəni yaradıcılıq üçün tam əngəllər cəbbəxanasını qəbul edənlərdən olsam da, Dostoyevski ilə bağlı ilk sualda danışdıqlarımızı götür-qoy edəndən sonra çaşıb qalıram və hələ də bu barədə bir qərara gələ bilmirəm. Ancaq onu da deyim ki, ilk hekayələr dövründə yaradıcılığın sosiallıqdan, siyasilikdən uzaq olmasını, ancaq gerçək həyatda bir fərd kimi yazarın inqilabçılığını özümçün xətt qəbul etmişdim. Sonradan vəhdət mənə daha doğru göründü. Beləcə, qalırsan: yazıçı hara qədər olmalıdır? Bayaq dediyim kimi, ictimai kimlik və yaradıcılıq dilemmasında vurğu nəyin üstündə olmalıdı? Ortaq məxrəc mümkündür? Ya ortaq məxrəc ortabablığa gətirir? Uğrunda yazıçıları inqilablara qoşulmağa doğru itələdiyimiz bəşəriyyət daha çox kimi xatırlayır: Gələcək bolşeviklərin düşük əxlaq atası, “Nə etməli?” romanını yazan Çernişevskini, ya “İdiot”u yazan idealist Dostoyevskini? Axı yazıçı hansını seçməlidi: inqilabçılığı, hansısa siyasi ideolojinin, xəttin, firqənin, partiyanın mənafeyinə çox vaxt özü də bilmədən qulluq etməni, yaxud bunun əksini? Daha doğrusu, bunların hamısına əsərlərinin içindən baxmanı? Və ən əsası, bütün bunlara bu gerçəklikdən baxanda: həyat bircə dəfə verilir... “Həmişə düşünmüşəm ki, inqilabçılar dünyanın qəddarlığından hiddətlənib, ona daha böyük qəddarlıqla cavab verə bilən adamlardır”, - Mişel Houellebekin bu fikri çox diqqətəlayiqdi bu məqamda.

“Yazıçı necə olmalıdır” sualınınsa cavabı yoxdu. Yaza-yaza yazıçı olur. Məncə, bircə şərt var - həyatda istər kölə, qul ol, ancaq əsərin içində külli-azad olmalısan. Yazı prosesində səndən böyüyə yer yoxdu. Orda Allahı da sən yaradırsan, Şeytanı da. Ona görə də mən bəzən ifrat küfr əsərləri də normal qəbul edirəm.

“Dostoyevski o ictimai əxlaqla sənin çağdaşın olsaydı, onu oxuyardınmı və sosial şəbəkələrdə ona nə statuslar həsr edərdin?”


“Min il bundan sonra da Dostoyevski ədəbiyyatın baş kahini olaraq qalacaq”


- “İnsanoğlu həyata xoşbəxt olmaq üçün gəlməyib”. Dostoyevskinin bu fikriylə razısız?

- İnsanoğlu dünyaya niyə gəlib? Buraya “gəlib”, yoxsa sırf fizioloji proseslərdən yaranıb? Bunun özü ayrı bir sualdı. Ancaq Dostoyevski dini xətt tərəfdarıdı və bu konteksdə fikri qaydasındadı. Bu cümlənin əvvəlində onu da deyir ki, rahatlıqda, acısızlıqda xoşbəxtlik ola bilməz. Ancaq onun başqa bir sözü də var. Deyir ki, “Qraf Tolstoyun imkanları məndə olsaydı, 100 il sonra da məni oxuyardılar”. Yazıçının ümidsizliyinə bax ki, 100 ildən sonra oxunmayacağını düşünür. Halbuki min il bundan sonra da Dostoyevski ədəbiyyatın baş kahini olaraq qalacaq. Necə ki, poeziyanın Zevsi Füzuli... Yəni, bu fikirlər bir-birini döyür. Yazıçılarda da belə şeylər zamana, daha doğrusu, ovqata görə olur. Bəlkə də Dostoyevski bunu deyəndə elə bir kədərin içində imiş və o anda elə gözəl bir obraz tapıb ki, bu onun üçün xoşbəxtlik kimi görünüb.

- Qardaşına yazdığı bir məktubda "Cinayət və cəza" romanı haqda bunu deyir: “Mövzusu doğrudan çox gözəldir. Romanın qəhrəmanı isə bu günə qədər heç işlənməmiş bir obrazdır. Ancaq günümüzün Rusiyasında bu cür insan tez-tez qarşımıza çıxmaqdadır”.

- Pərviz Cəbrayıl, 19-cu əsrin Roskolnikovu ilə 21-ci əsrin Roskolnikovu arasında çox fərq var?

- Doğrudur, bütün obrazlar ədəbi uydurmadır. Roskolnikov isə ifrat uydurmadır. Əslində, “Cinayət və cəza”ya “İdiot” adı qoyulsaydı, daha doğru olardı. Dostoyevskinin əsərlərində bütün əsas qəhrəmanlar idiotdur. Roskolnikov mütləq sonradan Knyaz Mışkin olmalıydı. Əslində isə, Roskolnikov obrazı iki hissəyə bölünür. İnsan bəşəriyyət naminə yaxşı bir iş görmək istəyir. Bunun üçün imkanı, vəsaiti yoxdur. Ona görə də cinayət törədir, adam öldürür. Bu cür insanlar çoxdur. Kimsə nəsə bir iş görmək istəyir, ancaq bunun üçün pisliklərə, cinayətə əl atır.

İkinci hissədə isə etdiyi cinayəti dərk edib, tövbəyə, özünü cəzalandırmaya qapılmaq. Bu, az təsadüf olunan şeydi. Elə Azərbaycan cəmiyyətində birinci hissəyə aid nə qədər adam var. İkinci ilə bağlı isə bunu demək olar: 19-cu əsrin bədii Roskolnikovu yüz hiylə quraraq öz cinayətinin üstünü açmaq, 21-ci əsrin Roskolnikovu isə cinayət törədib min bir hiylə ilə həbsdən yaxasını qurtarmaq istəyir.

Qısası, özünü tutduran Raskolnikova ancaq bədii əsərdə rast gəlmək olar ki, həmin romanın bədiiliyi də məhz həmin hissədədi.

- Tolstoyun Dostoyevskiyə münasibəti birmənalı olmayıb. O, bir tərəfdən hesab edir ki, Dostoyevskini dövrünün ən böyük mütəfəkkirləri ilə eyni cərgəyə qoymaq olar, digər tərəfdən isə onun əsərlərindəki bəzi ideyaları, “mistika”nı, yazı texnikasını, dilini sərt tənqid edir. Məsələn, Tolstoy “Karamazov qardaşları” haqda bu fikirdədir ki, “hər yerdə danışan Dostoyevskinin özüdür”...

- Onlar şəksiz olaraq bir-birini nəhəng kimi qəbul ediblər. Təbii ki, romantizmdən gələn xəttə görə, bütün qəhrəmanlar hardasa müəllifin özü olur. Kamyuda da, Sartrda da obrazlar filosof kimi danışır. Dostoyevski də romantizmdən gəlmişdi.

İkisi də bir-birinin sanbalını, səviyyəsini biliblər. Bəlkə də elə bu bilmək onlara görüşməyə imkan verməyib. Maraqlı bir nüansı xatırladım. O dövrdə yazıçıların əsərləriylə bağlı gecələr keçirərdilər. Tolstoyun “Hərb və sülh” romanıyla bağlı məclislərdən birinə qrafın bacısı, qrafinya Tolstaya Dostoyevskini dəvət edib. Dostoyevski o gecə yaxşı mənada içində həsəd hissi keçirib və Karamazovları yazmağı düşünüb. Ondan sonra “Karamazov qardaşları”nı yazıb. Bəlkə də Tolstoy əsəbiləşib ki, Dostoyevski bunu “Hərb və sülh”ünə inadla yazıb. “Karamazov qardaşları” daha çox publisistik notlar toplusudur. Gündəmin mövzularıydı. Özü də yenə idealist, dini. Mənim üçün də sevimli əsər deyil.

- Tolstoy Dostoyevskinin dilini də tənqid edirdi...

- Tolstoy dil məsələsində çox amansız olub. Dostoyevskinin rus dili həmişə tənqid edilib. Niyə? Çünki bu adam həmişə qaça-qovda yazıb. Buna görə də deyib ki, Qraf Tolstoyun imkanları onda olsaydı, 100 il sonra da oxunardı.

- Bəlkə Dostoyevski buna görə deyir: Sevdiyimiz insanın hər yalanında bir doğru, sevmədiyimiz insanın hər doğrusunda bir yalan axtarırıq.

- Füzuli nə deyir: “Nəyə sərgəştə olan baxsa, xuraman görünür”. Dostoyevski də insan təbiətinin atasıdır. Sevdiyin qızda, sevdiyin yazıçıda həmişə yaxşı cəhətlər axtarırsan. Sevmədiyində isə çalışırsan nəsə qaranlıq, mənfi bir şey tapasan. Çünki önyarqı var. Ancaq ən mənfi insanda kiçik bir işıq ola bilər. Hərçənd ki, bu çox kiçik bir nöqtədir.



“Sən Füzulidən də, Dostoyevskidən, Kamyudan, Markesdən, Folknerdən də böyüksən! Ancaq...”



- Dostoyevski öz nahamar yolunu keçməsəydi, o yazdıqlarını yaza biləcəkdi?

- Dostoyevski o inqilabçılıqdan, qumardan, qadın arxasınca boylanmaqdan - bütün bu proseslərdən keçməsəydi, bunlar yaza bilərdimi? Təbii ki, heç kim bunları yaşamaq istəməz. İnsan şüurlu olaraq bunlara “yox” deyir.
Dostoyevski içindən keçdiyi qumarı da, edam hökmü məsələsini də, sevgini də, katorqanı da - hər şeyi ədəbiyyata çevirən adamdı. Təbii ki, bunları yaşamadan da istedadlı yazıçı erudisiyasıyla, fəhmiylə, istedadıyla, mexaniki biliklərilə yaza bilərdi. Ancaq onun içindən keçmək ayrı şeydi.

- Səninçün Dostoyevskinin ən gözəl əsəri hansıdır?

- Özü “İdiot”u sevib. Onu təkrarlamaq baxımından yox, oxucu kimi mən də bu romanı sevirəm. Əsərlərinin hamısının canı orada toplaşıb. Baxmayaraq ki, ondan öncəki əsərləri də var. İstəyi ideal insan - İsa obrazı yaratmaq idi. O biri əsərləri - əvvəlkilər də, sonrakılar da “İdiot”un şinelindən çıxıb.

- Dostoyevski bu gün Azərbaycanda yaşasaydı, bu qədər əzab-əziyyətlərin içərisində yenə elə romanlar yaza bilərdi?

- Yaza bilməzdi. 1999-cu ildə “Peşəkarlığa yol varmı?” adlı bir essemdə üzümü yazarlarımıza tutub elə bu sualın cavabını təxminən belə yazmışdım: Sən sübh səhərdən gecənin üçünə kimi hansısa qəzetdə çalışıb, it kimi əldən düşüb evə dönürsənsə, bu yükün altında yenə nəsə yaza bilirsənsə, mən sənə qibtə edirəm, sənə səcdəyə düşürəm, yazar qardaşım! Sən Füzulidən də, Dostoyevskidən, Kamyudan, Markesdən, Folknerdən də böyüksən! Ancaq sən heç Anar belə ola bilməyəcəksən...

“Bircə yazıçı Dostoyevski çatışmır”


- Bəs Pərviz Cəbrayıl niyə Dostoyevski ola bilmir?

- Bax, bu, ayrı sualdı. Özündən əvvəlkinin təkrarı deyil. Elə bil Dostoyevskiyə sual verirlər ki, Fyodor Mixayloviç niyə Balzak ola bilmir? Yeri gəlmişkən, bir haşiyə çıxım, həm də sözümün qüvvəti olsun. 1844-cü ildə o, Balzakın “Yevgeni Qrand” romanını ruscaya çevirib; tərcümə yanlışlıqlarla doludu, qeyri-dəqiqliklər var, xeyli hissələr buraxılıb, xeyli yerdə Dostoyevski özündən uydurub. Kəsəsi, nəinki o Balzak ola bilməyib, hətta Balzakı yazıq günə salıb.

Bəs mən? Mən kiməm? Niyə Dostoyevski ola bilmirəm? Xeyr! Çağımın onlarla başqa yazarı kimi mən elə Dostoyevskiyəm. Əvvəlki cavabda dediyim, 21-ci əsrin vəhşi gerçəkliyinin girovuna çevrilmiş redaktor Dostoyevski; korrektor, jurnalist Dostoyevski. Bircə yazıçı Dostoyevski çatışmır. Necə ki, onda da öz çağında yazıçı Balzak çatışmırdı. Sonra zaman göstərdi ki, çatışmazlıq onun böyüklüyü imiş. Çünki lazım olan hansısa mərhum deyil, elə onun özüydü, o da oldu.

Bunun ardıyca bir də soruşsan ki, niyə bizim Dostoyevskimiz yoxdur, onun kimi olmaq üçün mütləq onun yaşadığı məşəqqətləri yaşamaq lazımdır? Onda mən sənə bu cavabı verməli olacam: - Niyə o əjdahadan bizdə yoxdur, hə? Qardaş, niyə yoxdur, bəs Nadir Qafarzadə?

- Yox, bir az ayrı sual verirəm: ümumiyyətlə, sizin Sibir həyatınızın Dostoyevskinin katorqasıyla oxşarlığı var?

- Var, ancaq bu layihədə açmaq fikrində deyiləm. Sadəcə, bunu deyim: bir dəfə soyuqdan ayaqlarım taxtaya dönüb, kirpiyim qırov, saqqalım buz bağlayanda göm-göy olmuş əllərimə baxa-baxa onun 19-cu əsrdə, orada daha ağır şəraitdə necə üşüdüyünü düşünmüşdüm. Mən azca üşüyəndə bir kəlmə yazmaq nədi, düşünə bilmirəm. O isə, hər cür yazışmanın yasaq edildiyi yerdə, bir dəstə qatilin arasında iri qeydlər yazmışdı. Yeri gəlmişkən, onun qədər əzablı yol keçən ikinci bir rus yazıçısı olmayıb. Mən isə orda hər gün Dostoyevski küçəsindən keçib gedirdim...



- “İstedadsız yazıçı axsaq əsgər kimidir” - bunu da Dostoyevski deyib...


- Belə bir deyim var: istənilən istedadsız, sarsaq əsərdə dahiyanə bir cümlə tapmaq olar. Bu tərəfdən yanaşanda axsaq əsgər elə bir anda qəhrəmanlıq göstərə bilər ki, onu hər kəs edə bilməz. Ancaq bütün hallarda axsaq əsgərin yeri evdir, onu tərxis etməlidirlər, istedadsız yazıçı da özü-özünü tərxis etməlidir. Düzdür, axsaq əsgər dərk edir, ancaq istedadsız yazıçı bunu bilmir, əksinə, həmişə istedadlı olduğunu düşünür.

- Dostoyevskinin çizdiyin bu portretini evində divarda asardın?

- Mən o portreti sənə bağışlayıram...



Söhbətə burada nöqtə qoyub soyuyan çaydan bir qurtum almamış Pərvizin sualları başlayır. Sanki “əvəz-əvəz” oyunu oynayırıq.



“Dostoyevski o ictimai əxlaqla sənin çağdaşın olsaydı, onu oxuyardınmı və sosial şəbəkələrdə ona nə statuslar həsr edərdin?” sualına cavab vermirəm, o da gülür.
Təbii ki, oxuyardım - fərq etməz, ya mən onun dövründə yaşasaydım, ya da əksinə. Dostoyevski bütün hallarda oxunardı. Təkərin vintciyi rolunu oynayanların tənqid etməsi belə onu kiçildə bilməz! “Sosial şəbəkələrdə ona nə statuslar həsr edərdin” sualına gəlincə isə bu qeydi mütləq yazardım: Dostoyevski məni özümdən yaxşı tanıyır!


Ramin DEKO, xüsusi olaraq musavat.com üçün
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar