Əli Abbasovun peyk yalanı: 101 milyon ziyan örtbasdır edilir

21-01-2015, 09:21   
Nazirin gətirdiyi rəqəmlərl reallıqla üst-üstə düşmür
Əli Abbasovun peyk yalanı: 101 milyon ziyan örtbasdır edilir

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın ikinci kommunikasiya peyki 2016-cı ildən öz-özünü maliyyələşdirə biləcək. Onun sözlərinə görə, "Azerspace-1" əgər 2013-cü ilin birinci yarısının nəticələrinə görə peyk operatoru tərəfindən cəlb edilən kredit vəsaitlərinin 50 faizi ödənilmişdisə, bu gün həmin göstərici 75 faizə çatıb. Peyk 2016-cı ildən öz xərcini tam çıxaracaq və gəlir gətirməyə başlayacaq".
Nazirin sözlərinə görə, indiyə qədər infrastruktur layihələri həyata keçirilib. 2015-ci ildə nazirliyin əsas hədəfi İKT və yüksək texnologiya sahəsində istehsal sahəsini genişləndirməkdir: "Əsas məqsədimiz ixracat yönümlü sahəni inkişaf etdirməkdir. Bu istiqamətdə son 2 ildə hüquqi bazanın, işgüzarlıq mühitinin, maliyyə resurslarının əldə olunması üçün şərtlərin həyata keçirilməsini təmin etmişik. Artıq yarım ildir ki, böyük şirkətlərlə danışıqlar aparırıq. 2015-ci ildə yaddaqalan hadisələr bu istbqamətdə, yəni ixrac yönümlü xidmətlərin inkişafı istiqamətində olacaq".
İqtisadçı ekspern Natiq Cəfərli isə nazirin açıqlamasını şərh edərkən bildirib ki, 2-ci peyk haqqında doğru-dürüst məlumatlar yoxdur. Amma 1-ci buraxılan peyklə bağlı analiz və hesablamalar aparmaq üçün kifayət qədər məlumat var: "Ölkəmizin 1-ci peyki, bütün xərclər hesablananda 250 milyon dollara başa gəlib. İlk dəfə 2013-cü ildə orbitə buraxılıb. Həmin il 4 milyon dollar, 2014-cü ildə 10 milyon dollar gəlir gətirib və bütün gücü ilə işləsə, tezliklərin hamısı satılsa, 2015-dən sonra ildə, maksimum, 15 milyon dollar gəlir gətirməsi planlaşdırılır. Rabitə peyklərinin orbitdə çalışma zamanı 10-12 ildir, sonra həmin peyklər kosmik "zibilə" çevrilir, ya da okeanların birində batırılır. Bizim peykin ilk 2 ilində gəlir 14 milyon dollar olub, bu gündən sonra daha 10 il (yəni maksimum) işləsə, bütün tezliklər dolsa, ildə 15 milyon dollar qazanc gətirəcək".
Onun fikrincə, bu gəlirin azı 10 faizi xidmət sahələrinin ödənilməsinə xərclənir, yəni 13,5 milyon dollar illik gəlir hesablasaq, 10 ilə 135 milyon dollar vəsait əldə olunacaq. Bunun üzərinə ilk 2 ildə əldə olunan 14 milyon dolları da gəlsək, peykin "zibilə" çevrilməsinə qədər maksimum zaman çalışma ehtimalı ilə cəmi 149 milyon dollar geri dönəcək: "Beləliklə, 250 milyon yatırımın, ən ideal variantda, 149 milyon dollarını geri qaytaracağıq. Beləliklə, peykimiz 101 milyon dollar ziyan vuraraq okeanda batırılacaq. Həmin 101 milyon dollara azı 2500 tələbəni xaricdə oxutdurmaq olardı. Sözümün canı odur ki, kiçik dövlətlər üçün bu cür layihələr "imic"dən başqa bir şey deyil, kommersiya gəlirliliyi yoxdur, təhlükəsizlik nəzərindən isə bizə müasir, hərbi, kəşfiyyat peykləri vermirlər, verməyəcəklər də. Ona görə də, tək rabitə üçün peyk buraxmaqdansa, artıq peyki olan dövlətlərdən tezlikləri icarəyə götürmək daha sərfəlidir. Əgər peyk biznesi gəlirli sahə olsaydı, 800 milyard dollar ehtiyatı olan Norveç həftədə bir peyk buraxardı, amma, Norveçin öz peyki yoxdur".
Qeyd edək ki, Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peyki 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən yerli vaxtla saat 18:36-da (Bakı vaxtı ilə 8 fevral 2013-cü il saat 01:36) orbitə buraxılmışdır. Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi məqsədi daşıyır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar