Abşeron rayon icra başçısının bütöv bir yarımadanın öz biznes maraqlarına qurban verməsinin təfərrüatları
Bir müddət öncə "Bakı Dirçəliş” İctimai Birliyinin Bakıətrafı, xüsusilə qəsəbə tipli paytaxt rayonlarının sosial problemlərinə həsr olunmuş geniş yığıncaq keçirərək Abşeron rayonu və Bakı kəndlərindəki acınacaqlı durum haqda həyacan tədbiri çalmışdı. Sözügedən bölgədəki problemlər Pirallahı, Xəzər, Sabunçu, Suraxanı, Binəqədi və Abşeron rayonlarının rəhbərliyinin yarıtmaz fəaliyyəti dövlət və xalq arasında inamsızlıq yaradır və bu kimi məmur özbaşınalığının ictimai gərginliyə səbəb olur. Bu istiqamətdə cumhuriyyet.az olaraq da apardığımız araşdırmalar ortaya ilginc faktlar çıxarıb. Bu araşdırmalarımız onu göstərir ki, məhz Zakir Fərəcovun Abşerona rəhbərlik etdiyi illərdə paytaxt ətrafında uzun illər ərzində və böyük zəhmət hesabına ərsəyə gətirilən 100-lərlə hektar yaşıllıq zolağı, qiymətli bağlar, plantasiyalar məhv edilib, yerləri müxtəlif məqsədlər üçün ayrı-ayrı şəxslərə satılıb. Məhz bu baxımdan 3 milyona yaxın insanın yaşadığı paytaxtda bu gün ekoloji problemlərin yaşanmasının başlıca günakarlarından biri Zakir Fərəcovdur.
"Yaşıl soyqırımın” başında dayananlar arasında Zakir Fərəcov həm də ona görə birincidir ki, o, Bakı ətrafı qəsəbələrdəki 100-lərlə hektar yaşıllıq zolağını, qiymətli bağları hər hansı dövlət əhəmiyyətli işlər üçün deyil, şəxsi maraqları, neçə deyərlər, sonsuz tamahı naminə məhv edib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan geniş materialları, əməkdaşlarımızın Bakı kəndlərindən hazırladıqları reportajları silsilə şəklində oxucularımıza, ölkə ictimaiyyətinə təqdim edəcəyik. Silsilə araşdırmamıza keçməzdən öncə Z.Fərəcovun Abşeron rayon icra hakimiyyətinin başçısı təyin olunması ilə bağlı bir neçə məqamı diqqətinizə çatdıraq.
Zakir Fərəcov necə Abşerona icra başçısı təyin olundu?
Zakir Fərəcov 2005-ci ildə Abşeron rayonuna icra başçısı təyin olunmamışdan əvvəl rayonun icra başçısı işləyən mərhum Mirzə Novruzovun fəaliyyətindən də insanlar razı deyildi. Ancaq onun dövründə yaşıllıqların, bağların belə kütləvi şəkildə məhv edilməsi, Bakı kəndlərinə aid torpaqların açıq hərraca çıxarılması hallarına rast gəlinmirdi. Zakir Fərəcov isə işə başlar-başlamaz Abşeron rayonunun balansında olan bütün torpaqlar şatışa çıxarıldı. Hətta əvvəllər satılanları belə. Qeyd edək ki, əslən Laçın rayonundan olan Zakir Fərəcov icra başçısı təyin olunana qədər 5 il Sumayıt şəhər bələdiyyəsinin sədri işləyib. Bəziləri onun torpaqları, yaşıllıqları, bağları hansı yollarla, necə satmaq təcrübəsini də burda qazandığını iddia edir. 2005-ci ilin avqustunda Zakir Fərəcov havadarlarının səyi nəticəsində Abşeron rayonuna icra başçısı təyin olundu. Onun bu vəzifəyə təyin olunmasında Dövlət Mühafizə Xidmətinin rəhbəri Vaqif Axundovun və prezidentin şəxsi mühafizəsinin rəhbəri Bəylər Əyyubovun xüsusi rolu olduğu iddia edilir.
Z.Fərəcovun təyinatından az əvvəl Prezident İlham Əliyev Hövsan qəsəbəsinin sakinləri ilə görüşərkən, həmin vaxt rayonun icra başçısı işləyən Mirzə Novruzovun qanunsuz torpaq alveri ilə məşğul olduğunu bildirmək istəyən şəxslərin dövlət başçısı ilə görüşünü də məhz Vaqif Axundovun və Bəylər Əyyubovun təşkil etdikləri vurğulanır.
Abşeron rayonuna icra başçısı təyin olunandan sonra kifayət qədər qüdrətli himayədarları olan Zakir Fərəcov bundan yararlanaraq, artıq xeyli vaxtdır ki, özünəməxsus sakitlik və ustalıqla Abşeron torpaqlarına divan tutur. Hektarlarla ərazini fərqli üsullarla zəbt edərək öz şəxsi mülkiyyətinə çevirən Z.Fərəcov, bu gün də başçılıq etdiyi rayonda genişmiqyaslı torpaq istilası həyata keçirməkdədir. Bununla bağlı məlumat verən etibarlı mənbələr Z.Fərəcovun torpaq istilası ilə bağlı çoxsayli ilginc faktlar açıqlayıblar. Hələlik onlardan birini təqdim edirik.
Heydər Əliyevin Zirədə saldığı 170 hektardan artıq badam bağı necə "qeyb oldu”?
Bəlkə də çoxlar bilmir ki, son illərə qədər Zirə ərazisində qiymətli bitki hesab olunan böyük badam bağı olub. Belə ki, hələ 70-ci illərdə məhum prezident Heydər Əliyevin birbaşa tapşırığı ilə Zirə südçülük-tərəvəzçilik sovxozunun nəzdində badamlıq salınmağa başlanır. Qısa müddət ərzində 170 hektar ərazidə badam əkilir. Əvvəllər hər hektarda 207 ağac əkilsə də, sonradan bir qədər də sıxlaşdırılır. Və beləliklə Zirə ilə Türkan qəsəbələri arasındakı ərazidə 40 mindən artıq badam ağaçı əkilir. Qeyd edək ki, badam ağacı 4-5 ildən sonra bar verir. Ancaq onun tam yetişməsi üçün 7 il vaxt lazım gəlir və 130 ildən artıq yaşyır. 70 –ci ilərin sonlarından etibarən ərazidən böyük həcmdə badam əldə olunmağa başlanır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, yığılan badamın bir hissəsi biskvit fabrikinə göndərilib, bir hissəsi isə toxumluq kimi daxilə və xaricə satılırdı. 5-6 il bundan əvvələ qədər də sözügedən bağdan məhsul yığılıb.
Ancaq maraqlıdır ki, Zirədə olan bu böyük badamlıq barədə internet resurslarında hər hansı məlumata rast gəlinmir. Adinin çəkilməsini istəməyən sabiq dövlət məmuru bunun səbəbini 90 –cı illərin ortasında (1995 və ya 1996-cı ildə) Nazirlər Kabineti tərəfindən Abşeron rayonunun "yükünü” azaltmaq məqsədi ilə Zirə südçülük- tərəvəzçilik sovxozunun nəzdində badamlığın rəsmi təsərrüfat subyekti kimi qeydiyyatının "silinməsilə” izah edir. Yəni, təsərrüfat faktiki mövcud olsa da, hər il ordan 10 tonlarla badam yığılsa da (təminən 130-140 ton), rəsmi sənədlərdə bu bağın qeydiyyatı olmayıb. Bu cinayəti kimin, nə məqsədlə etdiyini araşdıraçağıq…
Ancaq bu fakt sonradan Zakir Fərəcova imkan verib ki, 170 hektardan artıq bu badamlığı sözün həqiqi mənasında yerlə-yeksan etsin. Belə ki, yerli sakinlərin sözlərinə görə, keçmiş icra başcısı Mirzə Novrzov badamlığın ərazisinin 60 hektarını Mustafa Mirzəyev adlı birinə uzunmüddətli icarəyə vermişdi. Mustafa Mirzəyevin əlində bağın hansı hissəsini icarəyə götürdüyü ilə bağlı eskiz olmadığından o, bütün bağın məhsulunu toplayıb satırdı. Təbii ki, icra başçısı ilə şərikli.
Zakir Fərəcov icra başçısı təyin olunduqdan bir müddət sonra həmin müqavilə ləğv edilir. Və badamlıq Abşeronun yeni icra başçısının nəzarətinə keçir.
Ancaq Zakir Fərəcov cəmi bir-iki ildən sonra badam ağaclarının meyvəsindən deyil, badamlığın ərazisindən faydalanmaq həvəsinə düşür. Görünür ildə bir dəfə bar verən badam ağaclarından toplanan məhsulu satmaqdansa, ərazini hərraca çıxarmaq daha sərfəli olub. Hər halda yerli sakinlərin sözlərindən belə məlum olur ki, ordan toplanan badamı satmaqla bəlkə də 100 ilə qazana bilməyəcəyini Zakir müəllim badamlığın ərazisini satmaqla 3-4 ildə əldə edib.
Badamlığın ərazisi daş karxanalarına çevrilib!
Bu haqda danışmazdan öncə qeyd edək ki, Zirə və Türkan qəsəbələri arasında yerləşən badamlığın qonşuluğunda daş karxanaları mövcud olub. Elə badamlığın altından mişar daşı çıxarmağın mümkünlüyü məlum olsa da, Zakir Fərəcova qədər heç kim belə bir fikrə düşməyib. Hətta qonşuluqda daş karxanası olan sahibkarlar belə böyük zəhmət hesabına yetişdirilən badam bağlarının ərazisinə girməyə uzun müddət çürət etməyiblər.
Ancaq böyük himayədarlarına ümid bağlayan Zakir Fərəcov nəinki badamlığın ərazisinə girməyə, hətta mərhum prezident Heydər Əliyevin birbaşa iştirakı lə salınan 170 hektarlıq badam bağını cəmi 4-5 il ərzində yer üzündən silməyə belə cəsarət etdi. Yerli sakinlərin dediyinə görə, əvvəlcə Zakir Fərəcovun yaxın adamları badam ağaclarını gecələr çıxararaq, aparıb başqa yerdə yandırırdılar. Boş olan ərazidən isə daş çıxarıb satırdılar.
Sonradan ərazidən başqalarına, qonşuluqda daş karxanası olan sahibkarlara, vəzifəli şəxslərə də yer satmağa başladılar. Onlar da əvvəllər gecələr badam ağaclarını məhv edib, yerində "karyer” açırdılar.
Son illər isə badamlıqdan ərazi alan şəxslər qorxusuz-ürküsüz günün-günorta çağı od vurub 30-40 illik ağacları məhv edirdilər. Beləliklə də cəmi 4-5 ildə bütün badamlıq məhv edilərək, yerində daş karxanaları salındı. Bu açıq cinayət faktı ilə bağlı yerli sakinlərin şikayətlərinə isə baxan tapılmır. Bağ rəsmi qeydiyyatdan "silindiyindən” şikayətlər də nəticəsiz qalır.
Qudaların karxana biznesi
Zakir Fərəcovun bu ərazidən böyük qazanc götürdüyü iddia olunur. Belə ki, adının çəkilməsini istəməyən ərazidəki daş karxanası sahiblərindən birinin sözlərinə görə, badamlığın ərazisinin hər hektarı əvvəllər 20 min manatdan, sonralar isə 30-40, hətta axıra yaxın 50 min manatdan satılıb. Sadə hesablama aparsaq, badamlığın satılmasından Fərəcovun 6-7 milyon manat qazanc götürdüyünü 4dashsöyləmək olar. Necə deyərlər, mərhum Heydər Əliyevin saldığı bağ Fərəcova milyonlar qazandırıdı.
Ancaq bu da son deyil. Deyilənə görə, Zakir Fərəcovun göstərişilə ilə vaxtaşırı daş karxanalarında reydlər aparılaraq sahibkarlardan külli miqdarda – 20-30 min manat pul yığılır. Qeyd edək ki, ərazidə 33 daş karxanası var ki, hazırda onlardan 17-si fəaliyyət göstərir.
Pul verməyən sahibkarların şəxsi mulkiyyətində olan daş karxanalarından daş kəsən maşınları götürüb aparırlar. Şikayətlərə isə baxan olmur. Sahibkar da məcbur olub biri 3-4 min manata olan daş kəsən maşınlarını almaq üçün Fərəcovun adamlarına istədikləri məbləği verir. Bu zaman əlavə olaraq daş kəsən maşınların saxlandığı hər günə gərə 100-150 manatdan əlavə haqq alınır. Bu azmış kimi ən azı bir daş kəsən maşın da yoxa çıxarılır. Ya aparıb satırlar, ya da öz karxanalarında işlədirlər.
Yerli sakinlərin iddiasına görə, badamlıqdakı ən böyük daş karxanaları elə Zakir Fərəcovun yaxın qohumlarına, o cümlədən kürəkənlərinə aiddir. Hətta bir müddət əvvəl belə xəbər yayılb ki, Zakir Fərəcov ərazidən bütün sahibkarları çıxararaq daş karxanalarına nəzarəti kürəkəni Ramin Məcidova həvalə edəcək. Ramin Məcidov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadənin oğludur. Ancaq hələlik bu məsələdən bir xəbər yoxdur.
Əslində, bunun artıq elə bir mənası da yoxdur. Çünki əsas vacib olan badamlıqdı ki, o da artıq məhv edilib. Böyük bir bağın yerində indi dik duran bir ağac belə tapmaq mümkün deyil. Yaşıllığın yerini ətrafa toz-duman, deməli həm də xəstəlik yayan daş karxanaları tutub. Hansı ki, bu karxanaların daşı çıxarıldıqdan sonra üzərləri torpaqla örtülmədiyindən həm qəsəbənin torpağını məhv edir, həm də insanlarını xəstə salır. Bu isə milli təhlükəsizliyə yönəlmiş bir cinayət hesab oluna bilər.
Mehdi Səlimzasə ilə qohumluq və qanunsuz sənədlər
Zakir Fərəcov yalnız Türkanın torpağını, bağlarını satmaqla qazanmır. Burda ən böyük daş karxanalarının elə onun yaxın qohumlarına, o cümlədən kürəkənlərinə məxsus olduğu bildirilir. Mənbənin bildirdiyinə görə Abşeron rayon icra başçısının kürəkəni – Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadənin oğlu Ramin Məcidovun Türkanda 10-larla hektar ərazidə daş karxanasının oduğu iddia edilir. Yerli sakinlərin iddiasına görə, qaynatası Zakir Fərəcova arxayın olan Ramin Məcidov hətta sahibkarların qanuni istifadəsində olan daş karxanalarını belə zorakılıqla ələ keçirir. Bu zaman saxta sənədlərdən belə istifadə etməkdən çəkinmirlər. Belə ki, Fərəcov icra başçısı təyin edildikdən az sonra Ramin Məcidova məxsus "Ekspress-11” fərdi kiçik müəssisəsinə Abşeron rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2005-ci il tarixli sərəncamı ilə qış örüş sahəsindən 6 hektar torpaq sahəsi ayrılıb. Necə bir təsadüfdürsə elə həmin gün – 30 dekabr 2005-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin müdiri Mübariz Vəliyevin imzası ilə torpağın istifadəsinə aid rəy verilib. Həmin sənəddə isə "Ekspress-11” fərdi kiçik müəssisəsinin xahişi əsasında ona ayrılmış dövlət ehtiyat fondunda saxlanılan Daşlı örüş uqodiyası (qoyun örüş sahəsi) kimi qeydiyyata alınmış torpaq sahəsinin mişar daşı istehsalı üçün adıçəkilən müəssisəyə verilməsinə rəy verilib. Və "Ekspress-11” fərdi kiçik müəssisəsinə qış örüş sahəsi kimi ayrılmış torpaq sahəsinin saxta sənədlər əsasında daş karxanası kimi qeydə almasına nail olunub.
Zirə digər Bakı kəndləri ilə müqayisədə bəlkə də Zakir Fərəcovun ən az zərbə vurduğu və qazanc götürdüyü ərazidir. Dıgər kənd və qəsəbələrdə satılan torpaqlar, bağ əraziləri, deməli həm də Fərəcovun qazancı daha böyükdür. Belə qəsəbələrdən biri də Türkandır…
12 minə qədər insanın yaşadığı Türkan yalnız Bakının deyil, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Adından göründüyü kimi türklərin qədim yaşayış məskənlərindən biri olan Türkan bəlkə tarixinin ən çətin dövrünü son 7-8 ildə yaşayır. Baxmayaraq ki, ərazidən millət vəkili şeçilən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkanın müasir yaşayış məntəqəsinə çevrilməsi üçün xeyli işlər həyata keçirib. Məhz Mehriban Əliyevanın səyi ilə Türkanda müasir tələblər səviyyəsində inşa olunmuş mədəniyyət mərkəzi, yeni poliklinika binası tikilərək istifadəyə verilib. Bundan əlavə Heydər Əliyev Fondu tərəfindən qəsəbədəki orta məktəblər, körpələr evi-uşaq bağçası və başqa ictimai obyektlər əsaslı şəkildə təmir olunub, əlavə korpuslar tikilib, müasir avadanlıqlarla təchiz edilib. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Bakı ətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçəvəsində Türkanda yollar, infrastruktur tamamilə yenidən qurulub.
Ancaq Zakir Fərəcovun Bakı kəndlərindəki "fəaliyyəti” nəinki bu işlərin üzrindən qara xətt çəkir, həm də ərazidən milət vəkili olan Mehriban Əliyevanın nüfuzunu müəyyən qədər zədələyir. Çünki Bakı kəndlərində bağların, yaşıllıqların məhv edilərək ərazisinin satılmasından əldə olunan pulların, eləcə də iş adamlarından vaxtaşırı toplanan "haqqın”, alınan rüşvətlərin Heydər Əliyev Fonduna yönəldildyinə dair şayiələr buraxılıb. Bu şayiələri kimlərin və niyə buraxdığına, hansı məqsədlər güdüldüyünə növbəti yazılarımızda aydınlıq gətirəcəyik…
Fərəcov Türkan üzümçülük-südçülük sovxozuna aid olan əraziləri satışa çıxarıb
Qayıdaq Türkana… Zirə kimi bu kəndin ərazisində də uzun illər ərzində böyük bağlar, yaşıllıqlar salınıb. Kəndin ətrafındakı üzüm, əncir bağları, bostanlar hətta Azərbaycandan kənarda da şöhrət qazanıb. Türkanın məşhur "sarı gilə” üzümü yalnız Bakida deyil, ölkə sərhədlərindən kənarda da süfrələrin bəzəyi olub.
Təsaüfi deyil ki, sovet dövrü kənddə Türkan üzümçülük- südçülük sovxozu fəaliyyət göstərib. Elə buna görə də kəndin bir hissəsində 100-lərlə hektar üzüm bağları salınıb. Müəyən hissəsindən isə qış örüş yeri kimi itifadə olunub. Bundan əlavə müəyyən ərazilər tərəvəzçilik və bostançılıqla məşğul olmaq məqsədilə kənd camaatına uzunmüddətli icarəyə verilib. Əvvəllər qəsəbədə xeyli istilikxanalar olub və adamlar qış-yay tərəvəz məhsulları əkib-satmaqla məşğul olublar. Dəniz kənarı ərazidə isə bostan əkiblər.
Ancaq Zakir Fərəcov icra başçısı olduqdan sonra Türkan camaatının ənənəvi məşğulluğuna son verilib. Özündən əvvəlki bütün sərəncamları, icarə müqavilələrini "qanunsuz” elan edən Fərəcov Türkan üzümçülük- südçülük sovxozuna aid olan bütün əraziləri yenidən satışa çıxarıb. Qəsəbədə sakinlərindən cumhuriyyet.az-a daxil olan məlumatlardan belə məlum oldu ki, Fərəcovun Türkana "səlib yürüşü” bir neçə istiqamətdə olub. Fərəcov sovxoz torpaqlarını ya yaxınlarının adına sənədləşdirib, ya da imkanlılara satıb. Zakir Fərəcovun Türkana "səlib yürüşünün” ikinci istiqaməti camaatın tərəvəzçilik və boctançılıqla məğul olduğu əraziləri, həmçinin dəniz kənarını müxrtəlif şəxslərə, o cümlədən ayrı- ayrı məmurlara satmasıdır.Belə ki, sovet dövrü sovxozun qış örüş sahəsi kimi itifadə olunan torpaqlardan müstəqillik illərində əhali tərəvəzçilik və bostançılıq məqsədilə istifadə edirdi.Bu məqsədlə çoxlu sayda istixanalar salınmışdı.Camaatın əsas dolanışıq yeri də bu istixanalar idi.
Fərəcov icra başcısı təyin olunduqdan az sonra əhaliyə verilən icarə müqavilələrini "qeyri-qanuni” elan edərək bu istixanaları sökdürməyə başladı. Düzdür, "haqqını” verənin istixanasına toxunulmurdu. Ancaq sonradan qazın qiyməti qalxdığından "haqq” verərək istixana işlətmək heç kimə sərf etmədi.Beləliklə də Türkan camaatına məxsus bütün istixanalar ləğv edildi.Ərazi isə kənar şəxslərə, o cümlədən ayrı-ayrı məmurlara satılmağa başladı.
Türkan qəsəbəsi, keçmiş südçülük sovxozu yaxınlığında ərazidə ümumi sahəsi 450 hektar olan ərazinin yeni yaşayış kompleksi inşa olunacağı adı ilə oliqarx məmurlardan birinə satıldığı iddia edilir. Hansı ki, orada 3-9 mərtəbəli 26 yaşayış binası tikiləcəyi iddia edilir.Torpaq verilsə də, hələlik bu layihədən bir xəbər yoxdur.
Bundan əlavə, 2010-cu ildən sonra qəsəbədə köhnə sovxoz ərazisinə aid 10 sot pay torpaqları da əhalinin əlindən alınaraq təkrar satışa çıxarılıb.Kim pulunu veribsə ərazisini qoruyub, verməyənlərinki başqa şəxslərə satılıb, ya da Fərəcəvun yaxın adamlarının adına 99 iliyə icarəyə götürülüb adı ilə sənədləşdirilib. Belə ərazilər hasarlanaraq boş şəkildə saxlanılıb. Kim gəlib qəsəbədə torpaq axtararsa, onlara təklif edilir. Razılıq olarsa Abşeron İra Hakimiyyətində sənəd dəyişdirilir və torpağın alınan hissəsi yeni sahibinin adına sənədləşdirilir.
İri vəzifə sahiblərinin də Türkanda hektarlarla ərazisi var
Ərazinin bir hissəsi də ayrı-ayrı məmurlara satılıb. Onlardan bəziləri ərazidə böyük istixanalar quraşdırıb, bəziləri isə villalar, istirahət mərkəzləri tikiblər. Bunların arasında spiker Otay Əsədovun, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılovun, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin, xalq artisti Zeynəb Xanlarovanın və başqalarının adları çəkilir. Onların hər birinin ərazisi isə hektarlarla ölçülür.
Məsələn, Oqtay Əsədovun 3 hektar hasara alınmış ərazidə nəhəng kompleks tikdirdiyi haqda da söhbətlər dolaşır.Elə Kəmaləddin Heydərova və Heydər Babayevə verilən ərazilərin də 3 hektardan artıq olduğu vurğulanır. Bir sözlə, Zakir Fərəcov Türkanın daş karxanasl kimi istifadə etmək mümkün olmayan torpaqlarını da ya yaxın adamlarının adına sənədləşdirib, ya da hektarlarla ayrı-ayrı pullu adamlara, o cümlədən məmurlara satıb. Türkanlı isə öz qəsəbəsində torpaqsız qalıb.
Fərəcov paytaxtın 2 addımlığında hər an partlaya biləcək "bomba” yaradır
Qeyd etdiklərimiz Zakir Fərəcovun "fəaliyyəti” nəticəsində Bakının bir kəndinin camaatının başına açılan oyunların müəyyən bir hissəsidir. Hansı ki, bu şəxsən Zakir Fərəcovun böyük kapital əldə etməsinə səbəb olsa da, hökumət, siyasi hakimiyyət üçün paytaxtın 2 addımlığında hər an partlaya biləcək bir "bomba”nın yaranmasına səbəb olur.Fərəcovun gözlə gördüyünü satmaq şakəri ucbatından ağır sosial problemlər, işsizlik məngənəsində sıxılan Türkan camaatının bu gün etiraza qalxmamasının bəlkə də yeganə səbəbi deputatları Mehriban Əliyevaya olan inamları və ümidləridir. Ancaq son zamanlar Türkanda ortaya atılan yuxarıda qeyd etdiyimiz şayiələr bu inamın da zədələnməsinə səbəb olur. Həm də təkcə Türkanda deyil… Fərəcovun fəaliyyəti həmçinin Hövsanda, Xırdalanda, Kürdəxanıda, Ramanıda, Sarayda, Zabratda, Masazırda, digər qəsəbə və kəndlərdə böyük narazılıqlara yol açıb. Bunlar barədə növbəti yazılarımızda, həmin kəndlərdən hazırlayacağımız reportajlada məlumat verəcəyik.
Ancaq yaxşı olardı ki, hörmətli Zakir müəllim vaxtını "Qazangöl”, "Baxçasaray”, "Romi”, "Ağ otel” və digər bu kimi iri istirahət mərkəzlərində muğam ifaçılarını dinləməklə keçirmək əvəzinə, Bakı kəndlərini gəzərək, yaratdığı problemlərin insanlara nə qədər dərin yara vurduğunu görəydi.
P.S. Zakir Fərəcovun Abşeron rayonundakı fəaliyyəti haqda araşdırmamızı davam etdirəcəyik. Abşeron Rayon İcra Hakimiyyətinin və yazıda adları keçən şəxslərin mövqeyini işıqlandıqmağa hazırıq.
cumhuriyyet