Həbsdə olan jurnalist Xədicə İsmayıl bir günlük karserə salınıb, onun kamerasında isə yoxlama aparılıb. Bu haqda Azadlıq Radiosuna vəkil Yalçın İmanov məlumat verib. Vəkilin sözlərinə görə, həbsxana əməkdaşları jurnalistin cəzalandırılmasını onun məqaləsinin mətbuatda yayılması ilə izah edirlər.
Yalçın İmnaov hadisənin ötən həftənin sonunda baş verdiyini deyir.
“Sadəcə, o vaxtdan görüşə bilməmişik deyə, indi xəbər tutmuşuq. Mətbuatda yayılan məqaləsinə görə bir günlük cəzalandırılıb. Xədicə deyir ki, karser elə də dəhşətli yer deyil. Orada olduğu müddətdə bir kitabı oxuyub bitirib. Deyir ki, kameradan fərqli olaraq, karserdəki pəncərənin qarşısında ağac var. Bu təbiət mənzərəsini görməkdə yardımçı olduqlarına görə təcridxana rəhbərliyinə təşəkkür edir. Karserdən buraxılandan bir gün sonra isə kamerasında axtarış aparılıb. Bütün qeydlərini götürüblər"
Yalçın İmanov deyir ki, hazırda da jurnalistin vəkilləri ilə görüşü ciddi nəzarət altında həyata keçirilir.