“Lamiyənin işi” ədliyyə sistemini bir-birinə qatıb
Ombudsmanlıq dilə gəldi: “Cəzaçəkmə müəssisəsi strateji və məhdud bir yerdir”; Penitensiar Xidmət araşdırması bitmək bilmir; Aslan Aslanovun adı ən qalmaqallı işdə hallanır, sabiq icra başçısının oğlunu qətlə yetirən qadından məhbəsdə də intiqam aldığı deyilir
Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlunun qətlinə görə 10 il müddətinə azadlıqdan məhrum edilən Lamiyə Quliyevanın saxlandığı cəzaçəkmə müəssisəsində ana olması aranı qatıb. “Uşağın atası kimdir” sualına hələ də cavab verən yoxdur. Rəsmi qurumlar ümumi sözlərlə bu sualın üstündən keçirlər. 2003-cü ildə bu qətl baş verəndən sonra yaşananları xatırlayanlar işdə A.Aslanovun əlinin olduğunu güman edirlər: “Aslan Aslanov and içib ki, yeganə oğlunun ölümündə adı keçən Lamiyə və Vüqar türmədən çıxmayacaqlar. Onların başına oyun açdıracağını da bu adam hər yerdə deyib. Ondan nə desən gözləmək olar. 2003-cü ildə Lamiyənin, Vüqarın həbsindən sonra onların valideynlərini, xalalarını, əmilərini, bibilərini də həbs etdirmişdi. Hərəni bir ittihamla içəri saldırmışdı”.
“Quliyevaya təcavüz olunduğunu düşünürəm”
“Lamiyə Quliyevaya təcavüz olunduğunu düşünürəm. Bu hadisə ilə bağlı cinayət işinin açılması üçün bu gün Respublikanın Baş Prokuroru Zakir Qaralova müraciət etmişəm. Lamiyənin kimdən uşaq dünyaya gətirməsi məsələsini gizlətməyə çalışırlar, ört-basdır etməyə çalışırlar. Mən bu hadisənin araşdırılmasını baş prokurordan tələb edəcəyəm” – bu sözləri azadxəbər.com-a İşgəncələrə Qarşı Azərbaycan Milli Komitəsinin rəhbəri Elçin Behbudov hazırda qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan L.Quliyevanın müəssisədə uşaq dünyaya gətirməsi olayına münasibət bildirərkən deyib. Hüquq müdafiəçisi L.Quliyeva ilə görüşmədiyini, bu görüşün baş tutması üçün ədliyyə naziri Fikrət Məmmədova da müraciət ünvanlayacağını söyləyib. Qeyd edib ki, L.Quliyeva ilə bağlı işgəncə iddiası varsa, bu hallar mütləq araşdırılmalı, baş verənlərə aydınlıq gətirilməlidir: “Bildirirlər ki, cəzaçəkmə müəssisəsində işgəncə, Lamiyənin iradəsinin əleyhinə olay baş verməyib. Bu təqdirdə penitensiar sistem uşağın dünyaya gəlməsi ilə əlaqədar təfərrüatlı rəsmi açıqlama verməlidir. Əks halda baş verənlərlə bağlı suallar açıq qalacaq. Biz cinayət işinin açılmasında israrlıyıq. Məni ittiham etməyə çalışanlar qapalı müəssisələrdə insanlara qarşı törədilən haqsızlıqlara, vətəndaşların hüquqlarının pozulmasına, işgəncələrə göz yummamalıdırlar”.
“Birmənalı demək olmaz ki, türmənin rəisi edib”
“Biz də sorğu vermişik və cavab almışıq ki, araşdırma aparırlar. Yəni bunu birmənalı demək olmaz ki, türmənin rəisi edib. Bəlkə nadzor edib? Bunu Lamiyənin yanına gələnlərin üstünə də atmaq olmaz. Çünki onun yanına gedənlər anası və qardaşıdır. Bildiyimiz odur ki, məsələni araşdırılar”- bu sözləri “Yeni Müsavat”a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvü olan hüquq müdafiəçisi araşdırmanın ləng aparılması ilə bağlı iddialara da münasibət bildirib: “Lamiyə Quliyeva 2003-cü ildə tutulub. Bizə verilən məlumatları da çatdırırıq. Biz komitəyə müraciət etmişik ki, bu məsələ araşdırılsın. Bizim araşdırma aparmaq səlahiyyətimiz yoxdur. Üzv olaraq məhkumların saxlama şəraiti ilə bağlı monitorinq aparırıq”.
“Orada yalnız müəssisə rəisi və onun müavinləri kişidir”
L.Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyev hazırda Qobustan Qapalı Həbsxanasında ömürlük həbsdədir. Bu barədə Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov məlumat verib. Deyib ki, V.Əliyev L.Quliyeva ilə deyil, başqa xanımla rəsmi kəbinə girib: “Vüqar Əliyev Lamiyə Quliyevanın əvvəllər nişanlısı olub. Həmin şəxs ömürlük həbs cəzasına məhkum edilməsinə baxmayaraq, artıq evlidir. O, həbsdə ola-ola ailə həyatı qurub, özünün başqa həyat yoldaşı var”. V. Məhərrəmov 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan L.Quliyevanın kimdən uşaq dünyaya gətirməsi barədə mətbuatda yayılan xəbərlərə də aydınlıq gətirib. Bildirib ki, həmin cəzaçəkmə müəssisəsində kişi nəzarətçi işləmir. Orada yalnız müəssisə rəisi və onun müavinləri kişidir: “Qanunvericiliyə görə, məhkumun əmisi və yaxın qohumları görüş yerinə gələ bilərlər. Amma bu hadisənin Lamiyə Quliyevaya aidiyyatı yoxdur. Həmin cəzaçəkmə müəssisəsində kişi nəzarətçi işləmir. Orada qadın nəzarətçilər işləyir”. V. Məhərrəmov cəzaçəkmə müəssisəsində zorlama hadisəsinin baş vermə ehtimalından da danışıb. Qeyd edib ki, şəxsin razılığı ilə baş tutan cinsi əlaqə zorlama deyil: “Zorlama şəxsin iradəsinin əleyhinə baş verən bir hadisədir. Əgər şəxsin razılığı varsa, bu, zorlama sayılmır. Əgər həmin şəxsin narazılığı yoxdursa, biz həmin məsələni araşdıra bilmərik. Əgər şəxsin cinsi əlaqədə olmaqla bağlı razılığı varsa, bu, türmədə də nikahdan kənar baş verə bilər. Şəxsin özünün razılığı varsa, o istənilən adamla görüşə bilər. Amma cəzaçəkmə müəssisəsi starteji və məhdud bir yerdir”.
V.Məhərrəmov strateji və məhdud cəzaçəkmə müəssisəsində cinsi əlaqənin baş tuta biləcəyi görüşlərdən də danışıb. O, bildirib ki, cinsi əlaqənin qurula bilməsi üçün məhkumla uzunmüddətli görüş təyin olunmalıdır. Uzunmüddətli görüşdə isə yalnız məhkumun ailə üzvləri iştirak edə bilərlər: “Məhkumla görüş üçün xüsusi siyahı var. O siyahıda isə məhkumun ailə üzvlərinin adları var. Qısa müddətli görüş zamanı məhkumun yanına hər kəs gələ bilər. Qısa müddətli görüşdə cinsi əlaqənin olması qeyri-mümkündür. Ümumi görüş otağında təxminən 10 nəfər üçün oturacaqlar olur. Uzunmüddətli görüşdə isə məhkum yalnız ailə üzvləri ilə iştirak edə bilərlər”.
V.Məhərrəmov qeyd edib ki, Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən məsələ ilə bağlı araşdırma aparılır: “Ombudsman Aparatının əməkdaşları da 4 saylı cəzaçəkmə müəssisəsində olacaqlar və araşdırma aparacaqlar. Əgər məhkumun razılığı olarsa, biz onunla danışıb ictimaiyyəti məlumatlandıracağıq”.
“Uşağın atasının kimliyinə gəlincə, bununla bağlı araşdırma aparılır”
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Lamiyə Sahib qızı Quliyevanın övlad dünyaya gətirməsinə münasibət bildirib. Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məhkumun şəxsi istəyi ilə övlad dünyaya gətirdiyini deyib. Bildirib ki, məhkum qadına qarşı hər hansı zorakılıq faktı qeydə alınmayıb. Y.İsakov deyib ki, məhkumun hamilə olduğu müəyyən edildiyi vaxtdan Tibb Baş İdarəsi tərəfindən həkim nəzarətinə götürülüb, onun zəruri tibbi qayğı ilə əhatə olunması təmin olunub. Lamiyə Quliyeva ötən il oktyabrın 16-da Bakı şəhəri 2 saylı Doğum Evində oğlan uşağı dünyaya gətirib. Cəza çəkdiyi müddətdə ana olmuş digər məhkumlar kimi Lamiyə Quliyevaya də xəstəxanadan çıxdıqdan sonra qanunun tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisəsindəki uşaqlı analar üçün nəzərdə tutulmuş yataqxanada xüsusi şərait yaradılıb: “Onun dünyaya gətirdiyi uşağın atasının kimliyinə gəlincə, bununla bağlı araşdırma aparılır”.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddələrinə əsasən təqsirləndirilən L. Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir. V.Əliyevin yaxınları ona A.Aslanovun sifarişi ilə ağır cəza təyin edildiyini iddia edirlər.
E.MƏMMƏDƏLİYEV /musavat.com/