Elçin Qəmbərov: «Rəsmi şəxsin belə bir ifadə işlətməsi təəssüf doğurur»
“Ədliyyə Nazirliyi sistemində, Penitensiar xidmətdə məhkumların saxlanması ilə bağlı heç bir problem ola bilməz”. Bunu jurnalistlərə açıqlamasında Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov deyib. O vurğulayıb ki, məhkumların saxlanma qaydalarına riayət olunur, onlar özlərini yaxşı hiss edirlər.
Rəis müavini Leyla Yunusla bağlı iddialara da aydınlıq gətirib: “Mən hələ ehtiyat edirəm ki, məhkumların yaxşı saxlanması onları yenidən cinayətə sövq edə bilər. Leyla Yunusa gəlincə, onun iradları da şəffaflığın nəticəsidir. Ifadələri yalan da olsa, düz də olsa hamısı aşkarlıqdadır. Bu da onu göstərir ki, tam demokratiyadır. Leyla Yunusu və onun kimilərini cəmiyyət yaxşı tanıyır. Leyla Yunus kimdir ki, onu Amerikada tanıyıb, hansısa mükafata layiq görsünlər? Bu o deməkdir ki, onlar hansısa başqa ölkənin agentləridir”.
Yaşadığımız ölkədə qanun ayaqlar altına atıldığı, hüquqi əsasların iflic vəziyyətə salındığı üçün heç bir vəzifəli şəxs əməllərinə görə məsuliyyət hiss etmir. Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov da hakimiyyətin dili ilə danışaraq Leyla Yunusu “agent” adlandırır. Normal ölkədə səlahiyyətli şəxsin belə bir ifadə işlətməsi böyük utanc olardı. Çünki, Leyla Yunusun istintaqı başa çatmayıb, onunla bağlı məhkəmə hökmü yoxdur və ittihamlar sübuta yetirilməyib. Belə olan təqdirdə vətəndaşı “agent” adlandırmağın özü məsuliyyət yaradır. Başqa vaxt hökumət təmsilçiləri xarici dairələrin istintaqa əngəl olduğunu, cinayətkarı müdafiə etdiyini əsas gətirirlər. Indiki halda isə istintaqa təzyiq göstərən hakimiyyətdir və bu təzyiq aşağı səlahiyyətlilərin davranışında özünü göstərir. Təbii ki, Leyla Yunusun günahsız olduğunu rəis müavini bilməmiş deyil. Sadəcə hakimiyyətin mahiyyətini də bildiyi üçün vicdanlı adamları ləkələməkdən də çəkinmir.
Leyla Yunusun vəkili Elçin Qəmbərov “Azadlıq”a açıqlamasında bildirdi ki, rəsmi şəxsin belə bir ifadə işlətməsi təəssüf doğurur: “Leyla Yunusa qarşı bu tipli ittihamların səsləndirilməsi ilk dəfə deyil. Tez-tez rəsmi şəxslər tərəfindən belə ittihamlar səslənir. Ancaq bu, qanunaziddir və təqsirsizlik prezumpsiyasının pozulmasıdır. Xüsusən də cinayəti sübuta yetirilməmiş şəxs haqqında ittiham irəli sürmək yolverilməzdir. Çox təəssüf ki, belə ifadələri hansısa sıravi vətəndaş deyil, rəsmi şəxs söyləyir”.
S.Novruz