Ramiz Mehdiyev haqqında niyə məlumat verilmir?

22-01-2015, 11:51   
Ramiz Mehdiyev haqqında niyə məlumat verilmir?

PA rəhbəri son dövrlər mühüm tədbirlərin heç birində iştirak etməyib
Azərbaycanda millətin və dövlətin maraqlarına zidd olan xeyli hadisələr baş verir. Hakimiyyətin daxili və xarici siyasətdəki yarıtmaz addımları ən çox vətəndaşın və dövlətin itkisi hesabına başa gəlir. Cəmiyyət isə baş verənlərdən dəqiq məlumat əldə edə bilmir. Çünki, azad mətbuat sıradan çıxarılıb, telekanallar hökumətin nəzarətindədir və hesabatlı bir hökumət mövcud deyil. Ona görə də baş verənləri istədikləri kimi cəmiyyətə təqdim edirlər.
Amma bu tendensiya şəxslərin simasında da davam edir. Yəni hökumətin əsas fiqurları haqqında məlumatlar da çox vaxt gizlədilir.
Son günlər bu “ənənə” PA rəhbəri Ramiz Mehdiyevlə bağlı davam etdirilir. Belə ki, Ramiz Mehdiyev sonuncu dəfə nəhəng məqalə ilə gündəmə gəldi və bundan sonra yoxa çıxdı.
Maraqlı burasıdır ki, Ramiz Mehdiyev məlum məqalədən sonrakı dövrə təsadüf edən 3 mühüm tədbirdə iştirak etməyib. Nə Ilham Əliyevin sonuncu müşavirəsində, nə Heydər Əliyevin anım mərasimində, nə də 20 Yanvar ziyarətində Ramiz Mehdiyev gözə dəymədi.
Ramiz Mehdiyev ölkənin 2-ci adamıdı və bu baxımdan ictimai diqqətdə olan şəxsdi. Amma bu şəxs haqqında ictimaiyyətə heç bir məlumat verilmir və nəticədə cəmiyyətdə müxtəlif şayiələr yaranır. Yayılan məlumatlara görə, Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb və buna görə ölkə xaricində müalicə olunmağa gedib. Digər məlumatlara görə, Ramiz Mehdiyev məqsədli şəkildə proseslərdən kənarlaşıb.
Istənilən halda bu adam barəsində qeyri-müəyyənlik var və bu qeyri-müəyyənliyə heç kim aydınlıq gətirmək istəmir.
Tutalım, PA rəhbərinin doğrudan da səhhətində problem yaranıb. Bu hər bir insanın üzləşə biləcəyi reallıqdır və bu haqda məlumat yaymaqda heç bir qəbahət yoxdur.
Belə olan halda niyə baş verənlərə aydınlıq gətirmək istəmirlər? Bəzi məlumatlara görə, Ramiz Mehdiyev barəsində məlumatların gizlədilməsi komandadaxili vəziyyətlə əlaqədardır. Yəni hakimiyyətdaxili savaşın gərginləşməməsi, digər qrupların vəziyyətdən sui-istifadəsini əngəlləmək üçün dəqiq məlumat açıqlanmır.
Qeyd edək ki, “President.az” saytında yerləşdirilmiş əlaqə nömrələrinə zəng etsək də, zənglərimizə cavab verilmədi. 492-22-30 nömrəsinə cavab verənlər isə bu haqda məlumat verə bilməyəcəklərini söylədilər.
Azad
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar