Müzəffər Məmmədov: “Bu xəbər qəzetdə çıxandan evdə dava-qırğındır. Ailəm dağılır”
Qadınlar üçün nəzərdə tutulan 4 saylı cəzaçəkmə müəssisəsində məhkum Lamiyə Quliyevanın ana olması aranı qatıb. Penitensiar Xidmətdən məsələni araşdırdıqlarını deyirlər. Lakin “uşağın atası kimdir” sualı açıq qalır.
Baş prokurorun keçmiş müavini, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli moderator.az-a açıqlama verərək müəssisənin eks-rəisi Müzəffər Məmmədovun adını hallandırıb. M.Məmmədovu arayıb onun mövqeyini öyrəndik. M.Məmmədov bu məsələdə adını hallandıranları məhkəmə ilə hədələyib. Deyib ki, 2005-ci ildən 2010-cu ilə qədər müəssisədə rəis olub:
- 2011-in fevralında yaşa görə təqaüdə çıxmışam. Mən oradan çıxanda qurban kəsmişəm.
- Niyə qurban kəsirdiz?
- Qadınlarla işləmək həddən artıq çox çətindir. Birinin xətrinə dəyirsən, gedib saçını yolur, özünü doğrayacağı ilə hədələyir. “Detski” ilə “Jenski” kalonlar çox çətin yerdir. Ora quş quşluğu ilə girə bilməz. Bu, mümkün deyil. Mənim orada nə işim var? 65 yaşım var. Həmin xəbər qəzetdə çıxandan evdə dava-qırğındır. Ailəm dağılır.
- Sizin 5 illik rəisliyiniz dövründə Lamiyə Quliyevanın yanına kimlər gəlib gedirdi?
- Mən nə bilim
- Siz orada rəis olmusunuz…
- Mən rəis olanda anası gəlirdi.
- Qardaşı gəlirdi?
- Qardaşı gəlmirdi. Əmisi və ya xalasının oğlu 1-2 dəfə gəlmişdi.
- Ola bilər ki, bir qadın ancaq qadınların saxlandığı və kişilərin girişi yasaqlanan müəssisədə ana olsun?
- Vallah bunu Lamiyə özü deyə bilər. O kalonda mümkün olan şey deyil. Orada hər yer kameradır. Hər yerə giriş “propusk”ladır. Qadınlar hamısı balaca bir yerdə yaşayırlar. Orada nəyinsə baş verməsi qeyri-mümkün söhbətdir.
- Məlumatlardan belə aydın olur ki, həmin müəssisədə rəis və 2 müavini güclü cinsin nümayəndəsidir. Düzdür?
- Bəli. Orada 3 kişi var. Amma bu o demək deyil ki, kişilər namuslarını çölə atıblar. Oradakıların əksəriyyəti o kişilərin qızlarından balacadır.
- Hazırda müəssisənin rəisi kimdir?
- Vallah tanımıram.
- Müavinləriniz oradadır?
- Yox, müavinlərim də çıxıb işdən.
- Lamiyə Quliyevanı necə xarakterizə edərdiniz?
- Çətin tərbiyə olunan məhkum idi.
- Nə mənada deyirsiniz?
- Rejimə düzgün riayət etmirdi.
- Nədə ifadə olunurdu pozuntu?
- Yuxudan vaxtında qalxmırdı, yeməyə vaxtında getmirdi. Deyirdi ki, məni niyə buraxmırlar? Məni qanunsuz tutublar. Ona izah edirdim ki, məhkəmə var, vaxtın çatanda üçdə birə, üçdə ikiyə təqdim edəcəyik.
- Təqdim etmişdiz sənədlərini?
- Yox.
- Niyə?
- Vaxtı çatmamışdı.
- Lamiyə Quliyeva 2003-də həbs olunub, 2013-də azad edilməli idi. Vaxtı çatmırdı?
- Ona 2-ci cinayət işi açdılar.
- Niyə?
- Nəzarətçi ilə dalaşmışdı.
- Belə məlumatlar var ki, Aslan Aslanov ora gəlib, Lamiyə Quliyeva ilə görüşüb, onun gözü qarşısında qadına qarşı nalayiq hərəkətlər olub. Nə dərəcədə doğrudur bu məlumatlar?
- Mənim dövrümdə belə hal olmayıb.
- Başqa adamlar da gəlməyib?
- Mənim dövrümdə belə şey olmayıb.
- Lamiyə Quliyevanın nişanlısı var Vüqar. O, ədliyyə nazirinə müraciət etməklə nişanlısı ilə uzun müddətli görüş ala bilərdi?
- Xeyr. Bu, qanunla qadağandır. Onunla uzun müddətli görüşə atası, anası, qardaşı, bacısı gələ bilər. Qısa müddətli görüşə isə yaxın qohum-əqrəbası gələ bilər.
- Müəssisədə nəzarətçilər qadındır?
- Bəli.
- Əsgərlər müəssisəyə daxil ola bilər?
- Xeyr. Onlar qüllədə dayanıb ancaq perimetrə nəzarət edirlər.
- Demək olar ki, onların “zon”a girməsi mümkün deyil?
- Əsgər ora girə bilməz. Bu, mümkün deyil.
- Niyə?
- Ona görə ki, icazə yoxdur.
- İcazə yoxdur ayrıdır, girə bilməz ayrı…
- 5 il orada işləmişəm, ora əsgər girməyib. Girə də bilməz. Çöldə nəzarətçi, içəridə nəzarətçi var. Rəis heyəti bütün günü oradadır. Əsgər ora girə bilməz.
- Deyirsiniz ki, nəzarətçilər qadınlardır, əsgərlər içəri girə bilməz. Bəs Lamiyə necə ana olub?
- Vallah onu, hər halda özü deyə bilər. Desə yaxşıdır… Desin nətəhər olub, nə fason, harada olub?
- Siz onunla, digər məhkumlarla görüşürdünüz?
- 2010-cu il fevralın 10-da oradan çıxmışam, ondan sonra ora yaxın da getməmişəm.
- Ora, müəssisəyə Lamiyənin yanına kiminsə girməsinə şərait yaradıla bilərdi?
- Yox, bu mümkün deyil. Hər yan kameradır.
- Həmin kameraların yaddaşı nə qədər saxlanır?
- Onu mən deyə bilmərəm.
- Qanunla həmin yaddaşlar nə qədər saxlanılmalıdır?
- Deyə bilmərəm.
- Qadın məhkumların ana olmasına qanunda qadağa var?
- Əgər məhkumun qanuni əri varsa heç bir problem yoxdur. Kənar şəxslərin ora gəlməsi qeyri-mümkündür.
- Lamiyənin nişanlısı Vüqarın onunla görüşü mümkündür?
- Vüqar gəlsəydi belə Lamiyə ilə görüşə bilməzdi. Çünki nikah haqda şəhadətnamə olmalıdır. Vüqar Qobustan Qapalı Həbsxanasındadır və onun gəlməsi mümkün deyil.
- Lamiyənin bu arada məhkəməyə aparılması, İstintaq Təcridxanasına köçürülməsi halı olub?
- Mən işdən çıxandan sonra 1 dəfə məhkəməsi olub. Amma harada olub, nə vaxt olub, harada qalıb bunu mən deyə bilmərəm.
- Qadın məhkumlara yaxınlarının yas mərasimlərində iştirakına icazə verilir?
- Yox, elə bir qayda yoxdur. Mümkün deyil.
- Sizin bu işlə təxminləriniz necədir?
- Onu özü deyə bilər kiminlə əlaqədə olub. 100 faiz əminliklə deyirəm ki, bu işin baş tutması “zon”da qeyri-mümkündür.
- Deməli “zon”dan kənara çıxarılıb?
- Mən bilmirəm o “zon”dan kənar harada olub. Deyə bilmərəm Kürdəxanıda (Bakı İstintaq Təcridxanasını nəzərdə tutur – E.M ) olub və ya məhkəmədə olub.
E.MƏMMƏDƏLİYEV/musavat.com/