Bakıda aeroport yolunda məmur övladlarının bahalı avtomobilləri ilə sürət yarışına çıxmaları adi hala çevrilib. Artıq bununla bağlı sosial şəbəkələrdə və youtube video portalında bir neçə kadr da yerləşdirilib. Onu da qeyd edək ki, yayımlanan video kadrlarda avtomobillərin 240 km/s sürətlə hərəkət etdiyi aşkar görünür. Avtomobillərin dövlət nömrə nişanı bəlli olduğu və aeroport yollarının bütünlüklə kamera sistemi ilə təchiz edildiyini nəzərə alsaq, sözügedən avtomobillərlə bağlı nəyə görə hər hansı bir tədbir görülmür? Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq. FaktXeber.com-a açıqlama verən V. Əsədov bildirdi ki, video rolikin sosial şəbəkələrdə yayımlandığı günü rəhbərlik tərəfindən verilən göstərişə əsasən xüsusi qrup yaradılaraq hadisə ilə bağlı araşdırma aparılıb. Hal-hazırda sürücülərdən birinin həbsə alındığını söyləyən BŞDYP rəsmisi, sürücülərin kimliyi ilə bağlı ictimaiyyətə açıqlanacağını bildirdi. Digər sürücünün də axtarılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində işlər görülür.
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən DİGESTA hüquq firmasının direktoru Ərşad Hüseynov bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. İnzibatı Xətalar Məcəlləsinə görə bu cür sürücülərin kimliyi dərhal araşdırılmalı və onlar inzibati məsuliyyətə cəlb edilməlidir: ”İnzibati Xətalar Məcəlləsinin 409.1.3 bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən məlumatlar, ərizələr, habelə KİV-lərdə yayımlanan informasiyalarda inzibati xətalar barədə məlumatlar verilərsə işlə bağlı icraata başlanılmalıdır. Video rolikdə sürücülərin etdiklərinin hamısı inzibati xətadan xəbər verir.”