Bakının Xəzər rayonunda 47 yaşlı kişi özünə bıçaqla xəsarət yetirib.
APA-nın məlumatına görə, 3 saylı şəhər kliniki xəstəxanasına Mərdəkan qəsəbəsinin Yesenin küçəsindəki 17 saylı evdə yaralı şəxsin olması barədə məlumat daxil olub. Həmin ünvana təcili tibbi yardım briqadası yollanıb. Evdə yaşayan 47 yaşlı Malik Cəfərov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə barədə dərhal Xəzər Rayon Polis İdarəsinə məlumat verilib. İlkin araşdırmalar zamanı məlum olub ki, bıçağı Malik Cəfərov qarnına özü vurub. Onun bıçağa əl atmasına səbəb isə külli miqdarda borcunun olmasıdır. Yığdığı borcları qaytara bilmədiyini görən Malik Cəfərov çıxış yolunu özünə qəsd etməkdə görüb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib.
Faktla bağlı araşdırma aparılır.