“Hövsandakı 118 saylı məktəbin direktoru Qardaşxan Səlimovun tutduğu vəzifədən dünən rəsmən azad edilməsi barədə məlumat həqiqətə uyğun deyil”. Bunu Lent.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva bildirib. Onun sözlərinə görə, hazırda məktəbdə baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Araşdırmalar başa çatandan sonra ictimaiyyətə rəsmi məlumat veriləcək. Hələlik isə məktəbə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı rəhbərlik edir.
Qeyd edək ki, bu gün 118 saylı məktəbin direktoru Qardaşxan Səlimovun rəsmən işdən azad edilməsi ilə bağlı mətbuatda məlumat yayılıb.
Xatırladaq ki, yanvarın 19-da Bakının Hövsan qəsəbəsində kütləvi etiraz aksiyası keçirilib. Aksiyaya səbəb kimi 118 saylı məktəbin direktoru Qardaşxan Səlimovun məktəbdə təhsil alan şagirdlərin valideynlərini təhqir etməsi göstərilib. Nəticədə məktəb direktoru ilə qəsəbə sakinləri arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı qəsəbə sakini Əliyev Elmar Rəcəbəli oğlunun səhhəti pisləşib. Onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.
İnsidentdən sonra Bakı Şəhəri üzrə Təhsil idarəsi tərəfindən araşdırmalara başlanılıb. Məktəbin direktoru Qardaşxan Səlimov isə müvəqqəti vəzifəsinin icrasından kənarlaşdırılıb.