Kral Salmanın səhhətinin müəyyən narahatlıq doğurduğu qeyd olunur.
Kral Salman bin Əbdüləziz əs-Səud ölkə taxt-tacında atabir qardaşı mərhum kral Abdullanı əvəz edəcək.
Bundan əvvəl 2011-ci ildə müdafiə naziri təyin olunanadək o, 48 il müddətində Riyad şəhərinin valisi olub. Salman 2012-ci ildən kral taxt-tacının vəliəhdi idi.
Milli.Az BBC-yə istinadən bildirir ki, 79 yaşlı kral Salman onsuz da son vaxtlar tez-tez xəstə olan kral Abdullanın səlahiyyətlərini icra edirdi.
Kral Salman monarx ailəsində, adətən İbn Səud kimi tanınan mərhum kral Əbdüləzizin sevimli xanımı şahzadə Hassa əl-Sudayridən olan övladlarından və nəvələrindən ibarət nüfuzlu qollarından birinə aiddir.
Bu ailədə, 1982-ci ildən 2005-ci ilədək taxtda olmuş kral Fəhd və Salmanın özündən əvvəlki iki vəliəhd şahzadənin – Sultan və Nayefin ölümlərindən sonra o, ən nüfuzlu nümayəndə hesab olunurdu.
Kral Salman barədə əsas faktlar:
Anadan olduğu tarix: 31 dekabr 1935
Anası: Şahzadə Hassa al-Sudayri
Fəaliyyəti: 1955-60-cı illərdə və yenidən 1963-2011-ci illərdə Riyad valisi
Qardaşı vəliəhd şahzadə Sultanın vəfatından sonra müdafiə naziri təyin edilib.
Ərəb dünyasında ən böyük media qrupunda əhəmiyyətli paya malikdir.
O, Riyadın valisi olduğu dövrdə bu adi səhra şəhəri göydələnləri, universitetləri və qərbsayağı qəlyanaltı kafeləri olan nəhəng yaşayış məntəqəsinə çevrilib.
Bu vəzifə onun beynəlxalq nüfuzunu yüksəldib, çünki Salman vali kimi bu vəzifədə yüksək qonaqları qəbul edir və ölkəyə xarici investisiyaların axınında mühüm rol oynayırdı.
Səudiyyə ordusunun 2014-cü ildən Suriyadakı yaraqlı İslam Dövləti qruplaşması üzərinə hava reydlərində ABŞ və başqa ərəb ölkələrinə qoşulması onun müdafiə naziri olduğu dövrə təsadüf edib.
Kral Salmanın övladları:
Neft nazirinin müavini şahzadə Əbdüləziz
Mədinə şəhərinin valisi şahzadə Feysəl
Turizm naziri və Səudiyyə Hərbi Hava Qüvvələrinin keçmiş pilotu və astronavt şahzadə Sultan
BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Frank Gardner deyir ki, siyasi və ya sosial islahatların həyata keçirilməsi kral Salmanı xələfi qədər maraqlandırmır.
Onun başlıca vəzifəsi Səudiyyə Ərəbistanındakı sabitliyi qoruyub saxlamaq olacaq.
Səudiyyə Ərəbistanının siyasi həyatına dair kitab yazmış Karen Elliott House bildirib ki, kral Salman “daha çox ölkənin dini liderliyinə meylli rəhbərdir”.
Yazıçının fikrincə, indi biz Səudiyyə Ərəbistanında dinə daha çox əhəmiyyət verilməsinin şahidi olacağıq. Başqa siyasi şərhçilər kral Salmanın, qolları bir-biri ilə rəqabət aparan nəhəng Səud ailəsi şəbəkəsindəki ixtilafları yoluna qoyan vasitəçi rolunu qeyd edirlər.
Burada söhbət başlıca olaraq nazir və qubernator vəzifələrinin bölüşdürülməsi üstündə fikir ixtilaflarından gedir. Kral Salmanın bir vaxtlar 7 doğma qardaşdan ibarət öz ailəsində də ixtilaflar az olmayıb.
Yeni kralın səhhəti
Kral Salmanın səhhəti də müəyyən narahatlıq doğurur. Onu artıq bir dəfə iflic vurub və bununla əlaqədar sol qolunun hərəkəti məhdudlaşıb.
Ümumiyyətlə isə, onun səhhəti ahıl yaşın xüsusiyyətlərindən sığortalanmayıb.
Yeni kral taxta çıxan kimi özünün atabir qardaşını, kral Əbdüləzizin sağ qalan ən kiçik oğlu şahzadə Muqrin bin Əbdüləzizi vəliəhd elan edib.
Milli.Az