İsa Sadıqovdan erməni xalqına şok müraciət...

25-01-2015, 13:28   
İsa Sadıqovdan erməni xalqına şok müraciət...
Birinci Qarabağ Savaşının qəhrəmanlarından olan müdafiə nazirinin hazırda mühacirətdə olan sabiq müavini İsa Sadıqov Rusiyanın Gümridəki hərbi bazasının əsgərinin törətdiyi amansız qətldən sonra Ermənistandakı situasiyadan çıxış edərək erməni xalqına olduqca diqqətçəkən müraciətdə bulunaraq Rusiyanın məkrli siyasətinə boyun əyməyin təkcə onlara deyil, hər üç Cənubi Qafqaz ölkəsinə fəlakətlər və məhrumiyyətlər gətirəcəyini xatırladıb:
"Prinsipcə mövcud şərhləri qəbul edirəm. Lakin çöx istərdim bildirim ki, erməni tərəfi anlamalıdır ki, Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşməsi dinc əhalinin təhlükəsizliyini şübhə altına alır və baş vermiş hadisənin bir daha təkrarlanmayacağına, regionda münaqişələrin olmayacağına dair qarant verilməyəcək. Artıq 100 ildir ki, bu cür konfliktlər və qarşıdurmalar baş verməkdədir. Bu qarşıdurma və münaqişələrdə isə nəinki ermənilər, hətta bütün region əziyyət çəkir. Bu kimə sərf edir? Ermənilər Rusiyanın köməyi ilə bizim torpaqlarımızı işğal etməklə nə əldə etdi? Məgər yaxşı yaşadılar? Onların uşaqları daha ölmədilər? Yox, əlbəttə, bütün bunların baiskarları sadəcə tək ermənilərin deyil, bütün Qafqazda yaşayanların vəziyyətini pisləşdirməyə müvəffəq oldular. Biz qonşu ölkələrik və qonşu olaraq da qalacağıq. Çünki nə ermənilər, nə də biz başqa yerə köçüb getmək niyyətində deyilik. Bu gün faktlar göz qabağındadırsa, bütün ağrılar, müharibələr, münaqişələrin Rusiyanın marağında olduğunu biliriksə, nə üçün onların hərbi bazasının Qafqazda yerləşməsinə etiraz etməməliyik? Nə qədər insan həlak olub və belə getsə nə qədər insan həyatını itirə bilər? Yəni qonşu olduğumuz halda biz vasitəçi olmadan ümumi dil tapmağımız bu qədərmi çətindir?
Biz axı Qafqazlıyıq. Bizim ümumi cəhətimiz, Rusiya kimi qaniçən, kirli, qəddar və tamahkar bir dövlətlə müqayisədə daha çoxdur. Axı biz yaşamağı öyrənməliyik və gələcək nəsil üçün də nəyisə qoyub getməliyik. Əks halda biz Rusiyanı sevindirmək üçün bir-birimizi didməliyik. Siz ermənilər anlamalısınız ki, Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayacaq və siz ona görə də Azərbaycan torpaqlarını işğal altında uzun müddət saxlaya bilməyəcəksiniz. Bu isə nəticə etibarilə qan tökülməsinə və növbəti müharibəyə gətirib çıxaracaq. Biz müharibədən qorxmuruq, sadəcə müharibəni arzulamırıq. Amma torpaqlarımızı geri qaytarmayıncaya qədər, müharibədən imtina da etməyəcəyik. Istəyirik ki, siz nəhayət ki, bunu anlayasınız və dərk edəsiniz. Özünüzdəki səhvi görüb, onu qəbul edəsiniz. Masa arxasına oturub, danışıqlar apararaq, nəhayət ki, heç kəs tərəfindən həll olunmayan bu məsələni həll edəsiniz. Mən keçmiş hərbçi kimi əminliklə deyə bilərəm ki, hər bir məsələnin həlli mövcuddur. Lakin bunun üçün həmin şəxsdə iradə və istək olmalıdır. Qarabağ Azərbaycanın tərkibində həmişə olduğu kimi olarsa, tez bir zamanda çiçəklənən və stabil olacaq, sakinlər isə milli mənsubiyyətindən asılı olmayaraq yaşayacaq, işləyəcək və yeni nəsli yetişdirməklə məşqul olacaqdır. Bu isə ermənilər və ümumilikdə bütün Ermənistanın xeyrinə olacaq. Biz üç Qafqaz ölkəsi-Azərbaycan, Ermənistan və Gürcüstan daha yaxşı yaşamaq imkanına malikik və biz bunu etməliyik. Bizim regionda nəyimiz yoxdur axı? Hər şey var, sadəcə istəkdən və sülhdən başqa. Çünki regiondakı sülhdən və çiçəklənmədən Rusiya qorxur. Bu gün çox sayda erməni və azərbaycanlı Avropada, Amerikada yaşayır. Olmazmı biz regionda da onların orada yaşadıqları kimi yaşayaq? Yəni bizim xalqlarımız o cür həyat tərzini yaşamağa layiq deyillər? Nə qədər insan təlafatı olacaq? Nə qədər bir-birimizi öldürəcəyik? Müharibə nə qədər davam edəcək? Cavab birdir. Rusiya nə qədər ki, regionda təsirə malikdir və Ermənistan ərazisində hərbi bazaya malik olduğu sürədə bu mövcud vəziyyətin qarşısını almaq mümkün olmayacaq. Mən əminəm ki, Ermənistanda vəziyyəti həqiqətən də real qiymətləndirən və dərk edən insanlar var. Həmin insanlar regionda baş verənlərin fərqindədirlər və regiondakı müharibə və konfliktlərin müəllifinin kim olduğunu yaxşı bilirlər. Ona görə də gəlin birlikdə bütün münaqişələrə son qoyaq. Bizim Qafqaz adət-ənənələrimiz bunu etməyə icazə verir. Biz qonşu olmuşuq və qonşu olaraq hələ uzun müddət bir yerdə yaşayacağıq. Amma bizim qonşuluğumuz Qafqaz adət-ənələrinə uyğun olmalıdır. Biz mütləq sürətdə Avropa ünsiyyət formasına yiyələnməliyik. O zaman bütün problemlərin həlli yollarını tapa biləcəyik. Axı ərazi iddiaları, qarşıdurmalar Avropa ölkələri arasında da var. Amma onlar bir- birləri ilə müharibə dilində danışmır və həmin problemləri sülh yolu ilə həll etməyə çalışırlar. Biz hər şeyin başladığı nöqtəyə qayıtsaq, sülh də olacaq. Ən əsası isə biz bunu vasitəçisiz etməliyik. Biz ümumi dil tapacağıq, çünki biz qonşuyuq." (moderator.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar