Separatçı rusların qisası (VİDEO)

25-01-2015, 19:18   
Separatçı rusların qisası (VİDEO)

Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsində bazarda dinc insanların öldürülməsi xəbərini alan kimi Səudiyyə Ərəbistanına səfərini yarımçıq qoyaraq ölkəsinə geri dönüb. Ukrayna prezidenti baş verənləri terror aktı adlandırıb və dərhal fövqəladə iclas çağırıb.

ANS TV-nin məlumatına görə, Ukraynanın Mariopol şəhərində açıq bazar və yaşayış evlərinə endirilən artileriya zərbəsindən sonra itkilərin sayı 30 nəfərə çatıb, 80 nəfərə yaxın şəhər sakinin isə yaralandığı bildirilir.

Ukrayna höküməti Azov dənizində yerləşən strateji liman şəhərini qorumaq üçün postlara əlavə qüvvələr və silah-sursat göndərib. Separatçı liderlərdən biri Mariopola hücumun başlandığını elan etsə də, dinc sakinlər arasında itkilərin artmasından sonra öz “iddia səsini” aşağı salmalı olub. Mariopol şəhər rəsmiləri hücuma görə, separatçıları ittiham edir. Rusiyayönümlü üsyançılar isə əsas şəhəri hədəf almadıqlarını bildiriblər.

Bu arada separatçı lider Aleksandr Zaxarçenko bir müddət əvvəl Donetskdə avtobusun tuş gəldiyi mərmi zərbəsi nəticəsində həlak olan dinc sakinlərin qisasının alınacağını bəyan edib. “Həmvətənlərimizin ölümünə səbəb olan mərmiləri atanlarından, tətiyi çəkən - düyməni basan hər kəsdən qisas alacağıq” - deyə Zaxarçenko xəbərdar edib.

“Biz hamıdan tətiyi çəkənlərdən - həmyerlilərimizi, eləcə də Qarlovkada, Makiyevkada, Yenkiyevada və Şaxtyorskidə insanları öldürənlərdən qisasımızı alacayıq” – deyə üsyançıların lideri Aleksandr Zaxarçenko vurğulayıb.

Rusiyayönümlü döyüşçülər Ukrayna ordusunun Donetsk vilayətində Krasniy Partizan şəhərindəki postunu ələ keçirdiklərini iddia edir. Üsyançı komandirlərdən birinin dediyinə görə, onlar Ukrayna ordusunun dinc sakinləri atəşə tutmasından dolayı şəhərə daxil olublar. Artıq döyüşçülərin şəhərdəki yolları nəzarət götürdükləri də deyilir.

BMT-nin son hesablamalarına görə, aprel ayından bəri Şərqi Ukraynada ölənlərin sayı 5100 nəfəri keçib.

Ukrayna prezidenti Petro Poroşenko Mariupolda həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq 25 yanvarın ölkədə matəm günü elan edilməsi haqqında fərman imzalayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar