Neft yaxın 2-3 ildə bahalaşmayacaq: Azərbaycanı çətin günlər gözləyir - PROQNOZ

25-01-2015, 20:36   
Neft yaxın 2-3 ildə bahalaşmayacaq: Azərbaycanı çətin günlər gözləyir - PROQNOZEkspertlər çıxış yollarını göstərirlər: “Dövlət büdcəsini doldurmaq üçün hökumətin iki yolu var..."

Dünya bazarında neftin qiyməti ilə bağlı bədbin proqnozlar davam etməkdədir. Neftin qiymətinin qəflətən və cüzi artımı müvəqqətidir, yəni yenidən ucuzlaşma baş verəcək. Ucuzlaşmanın isə uzunmüddətli olacağı proqnozlaşdırılır.

Maraqlıdır ki, beynəlxalq ekspertlər neftin qiymətinin uzun müddət aşağı olacağını bildirsələr də, Azərbaycan hökumətinin rəsmiləri nikbin proqnozlar verirlər.

Bp şirkətinin baş icraçı direktoru Robert Dadli Davos forumunda qeyri-rəsmi çıxışı zamanı bildirib ki, neftin qiymətinin 2-3 il ərzində bu səviyyədə qalacağı şübhəsizdir. O, yaxın illərdə neftin qiymətində əhəmiyyətli artım olmayacağını vurğulayıb.

R.Dadli qeyd edib ki, növbəti bir neçə ildə bir barrel neft üçün 50-60 dollar qiymət proqnozlaşdırır. Azərbaycanın Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov isə Davosda bildirib ki, neftin qiymətinin 2015-ci ildə artacağına inanır. O, həmçinin qeyd edib ki, bu il Neft Fondunun qiymət azalmasından itkiləri təxminən 3 milyard dollar olacaq.

Yerli ekspertlər isə bildirirlər ki, rəsmilərin nikbin proqnozları özünü doğrultmayacaq və bu, daha çox daxili auditoriya üçün hesablanmış mesajlardır.

Ekspert Qubad İbadoğlunun sözlərinə görə, rəsmilər indiki vəziyyətlə fəaliyyət göstərməmək mövqeyində olduğu üçün bu cür nikbin proqnozlar verirlər: “Düşünürlər ki, bu cür fikirlər əvvəllər özünü doğruldub və yenə də doğruldacaq. Neftin qiymətlərində bir mövuzə baş verəcək, bahalaşma olacaq, Azərbaycanın gəlirləri artacaq və hər şey həmişə olduğu kimi davam edəcək. Amma bu günlərdə dövlət başçısı İlham Əliyevin Davos forumunda bir müzakirədəki çıxışını dinlədim. Orada Azərbaycanın qarşılaşdığı problemlərlə bağlı bir panel idi. İlham Əliyev yeni çətinliklərdən biri kimi dünyada neftin qiymətinin ucuzlaşmasını qeyd etdi. Mən düşünürəm ki, onlar daxili auditoriyada bir fikir, xarici auditoriyada başqa bir fikir söyləyirlər. Əslində daxildə söylənənlər bu proseslərlə bağlı müəyyən arxayınçılıq yaratmaq kimi gözləntilər üçündür. Amma əslində proseslər onu göstərir ki, dünya bazarında neftin ötən il və ondan əvvəlki illərdə olduğu kimi, yüksək qiymətini gözləməyə dəyməz. Qısa zamanda bununla bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Hökumət əvvəlki kimi arxayınlaşmalı deyil. Çünki situasiya əvvəlkindən fərqlənir. Yeni situasiya yaranıb və yeni şərtlərlə hesablaşmaq lazımdır. Xüsusilə də, makroiqtisadi şokların qarşısını almaq üçün hökumət hərəkətə keçməlidir. Hökumət bir neçə ay belə fəaliyyətsiz qalsa, ölkədə ciddi makroiqtisadi şoklar yaşaya bilərik”.

Ekspert Natiq Cəfərli isə Bp-nin icraçı direktoru ilə Azərbaycan Neft Fondunun icraçı direktorunun fikirləri arasındakı təzada diqqət çəkir: “Bp-nin prezidenti deyir ki, neftin qiyməti yaxın 2-3 ildə aşağı olacaq. Bizim Neft Fondunun prezidenti isə deyir ki, neftin qiyməti bu ilin ortasında qalxacaq. Bp-nin illik dövriyyəsi 300 milyard dollara yaxındır. Neft Fondunun 16 ildə yığdığı vəsait 30 milyard dollardır. Bp dünyanın 30 ölkəsində neft-qaz çıxarır, Neft Fondu hələlik 3 ölkədə daşınmaz əmlak alıb, Rusiyada aldığı da artıq 2 dəfə dəyərdən düşüb. Bp-nin prezidentinin maaş və bonusları ildə 20 milyon dollara yaxındır. Neft Fondunun prezidentinin maaşı 2 min manatdır. Buradan da belə nəticə çıxartmaq olar ki, Bp-nin prezidenti reallıqdan, Neft Fondunun prezidenti isə arzulardan danışır...”

İqtisadçı Samir Əliyev isə qeyd edir ki, neftin dünya bazarlarındakı qiyməti indiki səviyyədə qalarsa, 2015-ci ilin dövlət büdcəsini doldurmaq üçün hökumətin 2 yolu qalacaq: “Milli valyuta olan manatı 30-40 faiz ucuzlaşdırmaq, yəni devalvasiya etmək və bununla da azalmış neft gəlirlərini kompensasiya etmək…

İkincisi isə, Neft Fondunun xaricdəki aktivlərinə müraciət edərək, onların bir hissəsini, təxminən 3-5 milyard manatı ölkəyə gətirmək...

Böyük ehtimalla 2-ci variant seçiləcək. Amma müəyyən zaman kəsiyində 1-ci variant da nəzərdən keçirilə bilər.

Üçüncü variant neftin bahalaşaraq, 90-100 dollar həddinə çatmasıdır ki, bu isə yaxın illərdə mümkün olmayacaq. Hər halda beynəlxalq proqnozlar bunu göstərir”.

Ekspert Rövşən Ağayevin sözlərinə görə isə, 2014-cü il Azərbaycana böyük neft pullarının daxil olduğu sonuncu il ola bilər: “2005-ci ildə BTC-dən böyük neft ixracının başlanması ilə startı verilən böyük neft gəlirlərinin axınının “qızıl dövrü”nün davam edib-etməyəcəyi neftin qiymətindən asılı olacaq. Əgər neftin qiymətinin eniş dövrünün uzunmüddətli, ən azından qarşıdakı 3-4 il olması ilə bağlı proqnozlar özünü doğrultsa, 2014-cü il Azərbaycana böyük neft pullarının daxil olduğu sonuncu il ola bilər. Bu baxımdan, son 10 ildə hökumətin neft gəlirlərinin statistikası ən azından tarixi baxımdan maraqlı görünür. 2005-2014-cü illərdə Dövlət Neft Fondu və dövlət büdcəsi vasitəsilə hökumətin neft gəlirləri 117 milyard manat, indiki məzənnə ilə 149 milyard dollar təşkil edib. Bu gəlirlərin 91,2 milyard manatı Neft Fondu vasitəsilə əldə olunub. Yerdə qalan 25,8 milyard manatın 12,4 milyard manatı SOCAR-ın, 11,6 milyard manatı mənfəət vergisi üzrə xarici neft konsorsiumunun, 1,8 milyard manatı isə neft müqavilələri üzrə işləyən podratçı xarici şirkətlərin gəlir, subpodartçı xarici şirkətlərin isə mənfəət və gəlir vergisinin payına düşür”.

Ekspert qeyd edib ki, 2005-2014-cü illərdə dövlət büdcəsinin gəlirləri 111,3 milyard manat olub: “Bu vəsaitin 81,3 milyard manatını və ya 73,3 faizini neft gəlirləri təşkil edib. Dövlət büdcəsinə 10 il ərzində 55,5 milyard manat Neft Fondundan transfert edilib. Neft sektorunun vergiləri isə 25,8 milyard olub.

Neft Fonduna daxil olan 91,2 milyard manatın isə 61,3 milyard manatı, yəni 67,2 faizi xərclənib, 29,9 milyard manatı yığıma yönəldilib. Fondun xərclənən vəsaitlərinin 55,5 milyard manatı dövlət büdcəsi, 5,8 milyard manatı isə Fondun özü vasitəsilə istifadə olunub”.

Qeyd edək ki, dünya bazarında neftin qiyməti 2014-cü ilin iyunundan başlayaraq, 60 faiz ucuzlaşıb.

Röya RƏFİYEVA /musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar