"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında 12 illik təhsillə bağlı tədbirlər nəzərdə tutulub.
APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib ki, 12 illik təhsilə keçidlə bağlı fikirlər bildirilməzdən öncə dünyanın inkişaf etmiş ölkələrində təhsillə bağlı məlumatlar təhlil edilib.
Onun sözlərinə görə, belə müəyyən olunub ki, dünya ölkələrində ümumi təhsilin müddəti 12 il və daha artıqdır: "Dünya təhsil sistemlərindən inteqrasiyadan danışılırsa, Azərbaycanda da 12 illik təhsilə keçidlə bağlı müəyyən tədbirlər görülməlidir. Bu məsələ artıq dövlət strategiyasında öz əksini tapıb. 12 illik təhsilə keçid sadə proses deyil. Hazırda ölkədə ümumi təhsilin müddəti 11 ildir. 11 il ərzində 4 illik ibtidai, 6 il ibtidai orta, 2 il tam orta təhsil nəzərdə tutulub. 12 illik təhsilə keçid tədris planlarında köklü şəkildə dəyişikliyi, buna əsasən dərsliklərin dəyişikliyini nəzərdə tutur. Buna da müəyyən işlərdən başlamaq lazımdır. Kurrikulum üzrə keçən müddət ərzində təhsil prosesində müəyyən təhlillər aparılıb. Hazırda kurrikulumların 12 illik təhsil sisteminə uyğunlaşdırılması nəzərdə tutulur. Bunun üçün müəyyən müddət müəyyənləşdirilib. İlk olaraq 12 illik təhsilə keçidlə bağlı mütəxəssislərdən ibarət işçi qrupu yaradılacaq. 12 illik təhsilə keçidin əsas müsbət cəhətlərindən biri də tədris proqramlarının genişləndirilməsidir”.
A.Əhmədov qeyd edib ki, təhsilin səviyyələri üzrə bütün təhsil pillələrinə uyğun təhsil proqramları 12 illik təhsil sisteminə uyğunlaşdırılacaq: "10 illik ümumi orta, 2 illik tam orta təhsil-lisey səviyyəsinin müəyyən edilməsi pedaqoji sahə üzrə mütəxəssislər tərəfindən müzakirə olunacaq. İndidən hansı tədris ilindən 12 illik təhsilə keçiləcəyi barədə danışmaq tezdir. Növbəti müzakirələrin nəticəsindən sonra ümumi məsələyə, 12 illik təhsilə keçidlə bağlı bir çox məsələlərə aydınlıq gətiriləcək”.