General-biznesmenin obyektində ticarətçilərə divan tutulur

27-01-2015, 10:51   
General-biznesmenin obyektində ticarətçilərə divan tutulur

“Lotos” və “Diqlas”da alverlə məşğul olanların malları zorla əllərindən alınır; Əli Nağıyevin biznes imperiyası hərbləşdirilmiş quruma çevrilib…

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Azərbaycanın general-biznesmenlərinin qarşısında çox aciz görünür. İnhisarçılıq bataqlığında boğulan ölkə iqtisadiyyatını əsas zəiflədən amillərdən biri də vəzifəli biznes adamlarıdır.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general Əli Nağıyevi uğurlu biznesmen də saymaq olar. General-biznesmenin obyektləri hərbləşdirilmiş qurum kimi idarə idarə olunur, istənilən etiraz süngü ilə qarşılanır. Odur ki, orada çalışanlar qarşılaşdırları haqsızlıqlara susqunluqla cavab verməli olurlar.
2014-cü ilin əvvələrində Bakı Metropolitenində Tağı Əhmədov erası bitəndə yüzlərlə xırda ticarətçi işsiz qaldı. Onları islahat adı ilə metro keçidlərindən qovdular. Belə bir vaxtda generalın Bakının 8-ci kilometr qəsəbəsindəki“Diqlas” və “Lotos” ticarət mərkəzləri xirda ticarətçilərin yeni iş yerinə çevrildi. Təqdirəlayiqdir, əmması da öz yerində. Ticarət mərkəzlərinin zirzəmsində yerləşən qarajların təyinatı çevik şəkildə dəyişdirildi, orada piştaxtalar quraşdırıldı. Beləcə yüzlərlə sahibkar işə başlayıb özlərinə çörək, generalın büdcəsinə əlavə gəlir qazanmağa başladılar. 2014-cü ilin əvvəlini metro keçidlərindən generalın zirzəmisinə köçməklə yadda saxlamalı olan xırda ticarətçilər 2015-ci ilə xoş olmayan günləri yaşamaqla daxil olublar.
Nağıyevlərin ticarət mərkəzlərində pul yığmaqla məşğul olan Bəhruz adlı işçi yeni qaydalar tətbiq etməyə başlayıb. Ticarət mərkəzinə iri konteynerlərdə hansısa xarici ölkədən köhnəlmiş, anbarlarda şox saxlandığı üçün kiflənmiş paltarlar gətirilib. Xirda ticarətçilər əvvəlcə düşünüblər ki, mərkəz sahibi həmin paltarları imkansız, sahibsiz insanlara paylatdıracaq. Az keçməyib ki, zirzəmidəki ticarətçilərə sayı bilinməyən malları satmalı olacaqlarını deyiblər. Bəhruz adlı nəzarətçi siyahı üzrə xırda ticarətçiləri içi ötən əsrin 90-cı illərində dəbdə olan paltarlarla dolu olan konteynerin qapısına çağırtdırıb, onlara zirzəmidə tutduqları kvadratın ölçülərinə görə həmin kiflənmiş paltarlardan verərək satmalı olduğunu deyib. Kiflənmiş mallar ticarətçilərə az qala qızıl qiymətinə – 250 manatdan – 300 manata sırınıb. Üstəlik həmin pulun 15 gün ərzində Bəhruza ödənməsi tələb olunub. Etiraz edənlər qovulma ilə hədələnib. Daim nəzarətçilərin əhatəsində gəzən generalın adamları beləcə iri konteynerdəki malı xırda ticarətçilərə zorla satıblar.
Artıq 15 gün tamamlanıb və sahibkarların bir çoxu xoş-zor iş yerini itirməmək üçün qoyulan töycünü ödəyiblər. Kiflənmiş paltarlar isə bu gün də piştaxtalarda qalmaqdadır. Töycünü ödəməyənlərə qarşı da görünməmiş qanunsuzluq edilib. Bəhruzun ətrafında olan nəzarətçilər pulu ödəyə bilməyən xırda ticarətçinin malını yığışdırıb özləri ilə aparıblar. Beləcə, generalın ticarət obyektlərində əndrabadi üsul-idarəyə yeni element – köhnəlmiş paltarların satıcılara sırınması əlavə edilib.

Xırda ticarətçilər düşünür ki, Ə.Nağıyev obyektində baş verənlərdən xəbərsizdir. O, hansısa xidmətlərinə görə “Lotos” və “Diqlas”ı Araz adlı şəxsin idarəçiliyinə verib. Sonuncunun isə biznes qaydalarından xəbərsiz olması Bəhruz adlı şəxsin işə cəlb olunmasına gətirib çıxarıb. Bəhruz qaydalarına zorakılıq elementləri gətirib.

Bununla belə generalın ticarət obyektlərində iş qrafiki dövlət qurumlarındakı iş qrafiki ilə üst-üstə düşür və hətta daha sərt formadadır. Yeni il tətillərində, digər bayram günlərində ticarət obyektinin qapılarını bağlatdıran general, 20 Yanvar – ümumxalq hüzn günündə, Aşura günündə ticarətçiləri işə çıxmağa məcbur edir. Ticarətçilər generalın ətrafına biznes qaydalarının tamam başqa olduğunu izah edə bilmirlər – onlara sadəcə qulaq asan yoxdur. Ticarətçilər deyir ki, bayram günündə tətildə olanlar uzun, yorucu iş günlərindən sonra alış-verişə, üst-baş almağa çıxır. Belə də həmin adamlar “Lotos” və “Diqlas”ın qapısından geri dönməli olurlar. Hüznlü günlərdə isə ticarət mərkəzlərinin qarıları taybatay açıqdır, müştəri isə təbii ki, yoxdur.

Ticarətçilərin qanını qaraldan məqamlardan biri də haqsız rəqabətdir. Ticarətçilərin gəlirləri haqda bilgili olan ticarət mərkəzinin rəhbərliyi bundan öz maraqları üçün ustalıqla istifadə edir. Ticarət mərkəzində Nağıyevlərin adamlarının mağazaları var. Həmin mağazalarda ticarətçilərin xaricdən gətirib satdıqları “xod” gedən malları Nağıyevlərin adamları da gətizdirir və daha ucuz qiymətə satırlar. Beləcə Nağıyevlərlə qohumluq, tanışlıq ilişgisi olmayan ticarətçilər onların yaxınlarına da qazanc gətirir, özləri isə müflis olurlar. Adında “antiinhisar siyasəti” olan qurumun nümayəndələri isə Bakının kəndlərində reydlərə çıxır, xırda mağaza sahiblərinin “böyük” qanunsuzluqlarını ifşa etməklə işlərini bitmiş hesab edirlər…
Ə.Nağıyevin biznes obyektləri sırasında “Körpü” ticarət mərkəzi, uşaq bağçası, klinika, “Sərhədçi” İdman Kompleksi, metronun “Qara Qarayev” stansiyasının yaxınlığındakı çoxsaylı ticarət mərkəzləri sırası, “Ağ Saray”, “İnci”, “Nazlı” “Şır-şır”, “Relax”, “Qızılboğaz” və s. restoranları da var.
E.HÜSEYNOV
P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq//Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar