Serj Sərkisyan əsgər itkilərini niyə etiraf etdi?

27-01-2015, 10:59   
Serj Sərkisyan əsgər itkilərini niyə etiraf etdi?
Ermənistan Prezidenti Serj Sərkisyanın Ermənistan Silahlı Qüvvələrindəki ağır itkiləri etiraf etməsi onun hələ də reallıq hissini tam itirməməsi təsəvvürü yaratmaqla yanaşı, Azərbaycan tərəfindən çəkindiyini də açıq-aydın göstərir.

Bu barədə APA-nın Ermənistan prezidenti Serj Sarkisyanın ötən gün Azərbaycanı hərbi əməliyyatlarla təhdid etməsi barədə sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələrinin cari ilin yanvar ayında işğalçıların təxribatlarının qarşısının alınması zamanı keçirdiyi cavab tədbirləri hərbi cəhətdən məhvedici, tutarlı olmaqla bərabər, Azərbaycan əsgərinin yüksək döyüş ruhunu, qələbə əzmini, silahının gücünü və təsirini bir daha sübut edir.

«İşğal olunmuş ərazilərimizin tam azad edilməsi üçün Silahlı Qüvvələrimiz istənilən hərbi qüvvəni taktiki və operativ cəhətdən daha zəruri istiqamətdə cəmləşdirmək, yerləşdirmək, hərəkət və istifadə etmək səlahiyyətində olduğundan düşmən dövlətin bu məsələyə hər hansı münasibət bildirməsi tamamilə qəbuledilməzdir və tərəfimizdən qətiyyətlə rədd edilir», - deyə Müdafiə Nazirliyi bəyan edib.

Müdafiə Nazirliyi bildirir ki, hələ də boş xəyallarla, başıdumanlı xatirələrlə yaşayan Ermənistan hərbi-siyasi rəhbərliyi bugünkü reallıqla, Azərbaycanın ərazi bütövlüyü istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin tələbləri ilə barışaraq anlamalıdır ki, işğalçıların məhv olmaq təhlükəsi onları hər yerdə gözləyir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycan Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünün bərpası, Azərbaycan bayrağının işğal edilmiş bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə dalğalanması üçün hərbi imkanlarını daim artıraraq son damla qanınadək vuruşacaq. İşğalçıların planlaşdırdığı istənilən təxribatın qarşısı bütün hərbi imkanlar istifadə edilməklə elə başlanğıc mərhələsində alınacaq və bunun nəticələrinə görə Ermənistanın kriminal hərbi-siyasi rejimi birbaşa məsuliyyət daşıyacaq: «Ermənistanın prezidenti Serj Sarkisyanın Azərbaycanın ünvanına hədə-qorxu dolu, məsuliyyətsiz bəyanatla çıxış etməsi hazırda qonşu qurumun daxilində yaranmış gərgin ictimai-siyasi və sosial partlayış həddinə qədər yüksələn xalq etirazlarının artması fonunda təsadüfi sayılmamalıdır. İqtisadi, hərbi, mənəvi və demoqrafik cəhətdən iflasa uğrayan, Azərbaycan torpaqlarını işğal etməklə beynəlxalq layihələrdən təcrid olunaraq öz xalqını rəzil vəziyyətə salan dövlətin rəhbərliyi ermənilərin fikrini daxili xaosdan yayındırmaq məqsədilə belə çıxışlar edir».
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar