Səbail Rayon İcra Hakimiyyəti 10 AS 509 nömrə nişanlı “Hyundai Grandeur” markalı avtomobilin bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb. “Axar.az”ın elektron ünvanına daxil olan məlumatda yazılıb: “Bu gün elektron informasiya vasitələrində Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev tərəfindən ölümlə nəticələnən qəza törədilməsi barədə verilən məlumatlarla bağlı bildiririk ki, bu məlumatlar yalandır və həqiqətə uyğun deyildir. Qəza hadisəsini törədən şəxs saxlanılıb və hazırda istintaq aparılır”. Xatırladaq ki, rəsmi məlumatda da Bakı şəhər sakini Sabir Hacıkərimovun (Səbail İcra Hakimiyyətinin sürücüsü) idarə etdiyi “Hyundai” markalı, 10 AS 509 dövlət nömrə nişanlı avtomobillə Səbail rayonu ərazisində hərəkətdə olarkən piyadalar - Xalid Cəbrayılov, Zəfər Xəlilov və Misir Şirinovu vurduğu qeyd olunur. M.Şirinovun öldüyü bu qəza faktı ilə bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlandığı rəsmən elan olunub. İstintaq əsas faktı niyə elan etməyib? Qəza ilə bağlı rəsmi məlumatı Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu yayıb. İstintaqın isə Səbail Rayon Polis İdarəsində aparıldığı barədə məlumat verilir. Bir rayonun icra başçısının müavininin adı hallanan ölümlü qəza işinin həmin rayonun polis idarəsində araşdırılması məsələsi ayrıca müzakirə mövzusudur. Ancaq məsələ həm də bundadır ki, şahidlər sükan arxasında icra başçısının müavini Yavər Allahverdiyevin olduğunu bildirdiyi halda, sürücü S.Hacıkərimov barəsində niyə tez-tələsik həbs qərarı çıxarılır və əsas fakt rəsmi məlumatda niyə göstərilmir? 10 AS 509 nömrəsi hansı maşınındır? “Axar.az”ın Dövlət Yol Polisi İdarəsindən dəqiqləşdirdiyi məlumata görə, qəza törədən “Hyundai” markalı avtomobilin üzərində olan 10 AS 509 dövlət nömrə nişanı Səbail Rayon İcra Hakimiyyətinə məxsus qara rəngli “QAZ 31” avtomobilinə aiddir. “QAZ 31” avtomobilinə aid olan nömrə hansı əsasla şəxsi “Hyundai” markalı avtomobilin üzərinə taxılıb? S.Hacıkərimov İcra Hakimiyyətinin sürücüsüdürsə, onu başqa nömrə vurulmuş şəxsi “Hyundai” maşınını sürməyə kim vadar edib? “Hyundai” maşınının dövlət nömrəsi əslində nədir və bu maşın kimə aiddir? DYPİ-dən reaksiya DYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev “Axar.az”ın sualına cavab olaraq bildirdi ki, 10 AS 509 dövlət nömrə nişanının hansı avtomobilə aid olması və niyə qanunsuz olaraq şəxsi “Hyundai” markalı avtomobilin üzərinə asılmasını istintaq açıqlamalı idi: “Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsi və rəsmi məlumatı yayan digər orqan – Bakı Şəhər Prokurorluğu məsələni aydınlaşdırmalı və ictimaiyyətə açıqlamal verməlidir. Çünki işi araşdıran onlardır və faktlar da onlarda cəmlənir”. Baş Prokurorluğun və İcra Hakimiyyətinin susqunluğu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov və Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimovun “Axar.az”ın sualını eşidəndən sonra “10 dəqiqəyə əlaqə saxlayın” cavabından bir saat keçsə də, əlaqə nömrələrinə heç bir qurum cavab verməməkdə israrlıdırlar. Əvəzində isə İsrafil Kərimovun imzası ilə mediaya başçının müavini Yavər Allahverdiyevin heç bir günahının olmadığı, suçlunun sürücü S.Hacıkərimov olduğu və onun da saxlanıldığı barədə məlumat göndərilir. Bizim sual isə tam ayrıdır və bunu da aydınlaşdırmaq istəyirdik. Şahidlər nə deyir? Xatırladaq ki, hadisə şahidi Emilı adlı şəxs “Azxeber.com”a verdiyi məlumatda “Hyundai” markalı avtomobili başçının müavini Yavər Allahverdiyevin özünün idarə etdiyini, hadisə yerinə “909” nömrəli “Land Krauser” markalı avtomobilin gəldiyini və onların ilk işinin “Hyundai” markalı avtomobilin nömrəsini açmaq və izi itirmək olduğu barədə açıqlama verib. Mövzunu davam etdirməyə çalışırıq...