Bu futbolçu İŞİD-ə qoşuldu, arvadı isə...

12-07-2015, 16:00   
Bu futbolçu İŞİD-ə qoşuldu, arvadı isə...
Mayın 12-də 46 yaşlı Ainas Toreeva gəlini Mariadan mesaj alır. Bu, Qazaxıstanın şimal-qərbindəki Oral şəhəri yaxınlığında yaşayan Ainasın gəlinindən son 2 ildə aldığı ilk xəbər idi.

2013-cü ilin iyulunda Ainasın 27 yaşlı oğlu Talgat həyat yoldaşı Maria və qızı Sofianı götürərək evi tərk edib. Həmin ilin axırlarında ölkənin Milli Təhlükəsizlik Komitəsi Ainasa bildirib ki, oğlu Suriyadadır. Marianın mesajı qaynanasının oğlunun nə vaxtsa evə dönəcəyi ümidlərini puça çıxarıb. Çünki mesajda Talgatın İŞİD-ə qarşı hava zərbələrində öldüyü yazılmışdı.

Bəs Talgatı öz ailəsini Suriyaya aparıb İŞİD-ə qoşulmağa nə vadar etmişdi?

Ainas deyir ki, oğlu futbolçu karyerasının uğursuzluğundan sonra depressiyaya düşmüşdü.​

Futboldan fanatizmə

Yeniyetməlik dövründə Talgatın həyatı futboldan ibarət olub. Futbolçu kimi gələcəyi parlaq görünən Talgat əvvəl “Uralsk Zastar” klubuna seçilib. 2005-ci ildə ali məktəbə qəbul olunub. Lakin universitetlə futbol məşqlərini bir yerdə çatdıra bilmirmiş. Ona görə də Talgat tezliklə ali məktəbi yarımçıq tərk edir.

Ancaq elə olur ki, futbolda da bəxti gətirmir. 2009-cu ildə Türkiyədəki təlim-məşq toplantısında uğursuz nəticə göstərir. Bundan sonra premyer liqada oynamaq şansını əldən qaçırır.

Anası deyir ki, bu uğursuzluq Talgatı möhkəm sarsıdır. Sonradan müxtəlif sahələrdə - ticarət, neft və qaz sahələrində özünü sınamağa çalışır. Ancaq hər yerdən əli boş qayıdır. Sonra dinə meyl edir. Günlərin birində isə anasına ibadətə başladığını deyir.

Talgat anası ilə kirayə mənzildə yaşayırmış. Amma getdikcə evdə az tapılır, vaxtının çox hissəsini məsciddə keçirir. Saqqal buraxır, anası ibadət etmədiyinə görə onun bişirdiyi yeməkləri də yemir. ​

Sonuncu mesaj - ölüm xəbəri

Bütün bunlardan narahat olan Ainas kömək üçün əvvəl yerli imama, sonra isə Dini İşlər İdarəsinə müraciət edir. Orada Talgatla söhbət etdikdən sonra onun doğru yolda olduğunu bildirirlər.

Nəhayət, Ainas Milli Təhlükəsizlik Komitəsinə baş vurur. Komitədən Talgatı yoxlayacaqlarını bildirirlər.

Ana deyir ki, bəlkə yoxlayıb oğlunun radikallaşdığını aşkar ediblər: “Ancaq bu haqda mənə heç nə deməyiblər”.

Talgat Maria ilə 2011-ci ildə ailə qurur. Maria da əri kimi qatı ibadət adamı olur. Bayıra çıxanda başını örtməkdən başqa üzünə də tibbi maska taxırmış. Talgat evə gələn qonaqların Maria ilə danışmasına icazə vermir. Qonaq gələndə Maria qızı Sofia ilə ayrı otaqda otururmuş.

Talgat evi tərk etdikdən sonra anası onlar haqda 5 ay heç bir xəbər eşitmir. Günlərin birində isə Mariadan Türkiyədə olmaqları haqqında mesaj alır. 2014-cü il, yanvarın 20-də aldığı növbəti mesajdan isə onların Suriyaya keçdiyini öyrənir. Bundan sonra aldığı sonuncu mesaj oğlunun ölüm xəbəri olur.

Ainas deyir ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Talgatın Suriyaya gedəcəyi haqqında azacıq bir ehtimal olduğunu belə söyləsəydi, oğlunun ölkəni tərk etməsinə heç vaxt imkan verməzdi. Zavallı ana indi gecə-gündüz heç olmasa gəlininin və nəvəsinin sağ-salamat evə qayıtması üçün Allaha dua edir (“Azadlıq” radiosu).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar