Rayondan Bakıya qaçan qadınların acı həyatı: Öldürülən və ya insan alverinin qurbanına çevirilənlər... - , FOTOLAR

14-07-2015, 15:23   

Azərbaycanda cəmiyyətin ən ciddi problemlərindən biri erkən nikah və məişət zorakılığıdır. Hər il yüzlərlə qadın məişət zorakılığının qurbanı olur, yetkinlik yaşına çatmayan qızlar ailə həyatı qurmağa məcbur edilir.

Erkən nikahlar özü ilə müxtəlif problemlər gətirir. Erkən yaşda ailə həyatı quran qızlar təhsildən uzaqlaşdırılır, sağlamlıq hüquqları pozulur. Bu cür ailələrin çoxunda ailə zorakılığı müşahidə olunur. Ailə zorakılığından ən çox əziyyət çəkən isə təbii ki, qadınlar olur. Erkən nikahlar ailə zorakılığının ən ağır formalarından biridir.

Əksər hallarda bu zorakılıqlar ailə daxili “adət”lər çərçivəsində “həll edilir”. İllərlə əzab görən qadınlar ya övladlarını nəzərə alaraq qarşılaşdıqları çətinliklərə dözməyə çalışır, ya da başqa şansları olmadığı üçün ömrünün qalan hissəsini də eyni əziyyətlə yaşamağa məhkum olurlar.

Dəfələrlə bu cür hallarla qarşılaşan qadınların çıxış yolu olaraq, intihara cəhd etməsinin, evdən qaçmasının şahidi olmuşuq.

Zorakılıqdan qaçan bəzi qadınların taleyi heç də yaxşı olmur. Elə o qadınlar qaçdıqları zorakı mühiti formalaşdıran ərləri, ataları və ya qardaşları tərəfindən “namus” üstündə qətlə yetirilirlər.

Bölgələrdə erkən nikahın fəsadlarından qaçan, məişət zorakılığından bezən qadınlar bir çox hallarda çıxış yolunu Bakıya qaçmaqda görürlər. Bakıya qaçaraq burda özlərinə azad həyat quracaqlarını düşünürlər. Bakıya üz tutanlar təkcə erkən nikahdan əziyyət çəkənlər yox cinsi zorakılığa məruz qalan qadınlar da olur. Onlar yaşadıqları yerdə el “adəti”nin, “namus”un onları qəbul etmədiyini görüb qaçmağı seçirlər.


Bakıda başlayan həyat...

Təəssüflər olsun ki, Bakıya gələn qadınlar heç də azad şəkildə yaşaya, xəyal etdikləri həyatı qurma imkanı əldə edə bilmirlər.

İndi Bakının müxtəlif qəsəbələrində kafelərin əksəriyyətində çalışan qadınlar rayonlardan Bakıya üz tutanlardır. Paytaxtın elit kafe və restoranları istisna olmaqla ətraf qəsəbələrdə- şəhərdən kənarda fəaliyyət göstərən ucuz, az gəlirli təbəqənin üz tutduğu kafe və barlarda yaşları 15-18 olan xanımlar çalışır.

İlk başda ofisant kimi başladıqları iş sonradan onların həyatını dəyişir. Onlar istəyərək və ya istəməyərək insan alverinin qurbanına çevirilirlər.

Yəni “yağışdan çıxdıq yağmura düşdük” məsəlindəki kimi. Bakıya gəlib bu yola düşən qadınlar daha çox ailələrini, ona bu həyatı yaşadanları, zorakılığa məruz qalmalarına səbəb olanları geridə qoyub gəlirlər. Amma keçmişləri heç də onları rahat buraxmır.


Qardaşlar, atalar “namus” ardıca gəlir...

Məsələn, bu ilin mart ayında Bərdə rayon Mustafaağalı kənd sakini Qurbanov Cəlal Qədir oğlu öz qızı- 1985-ci il təvəllüdlü Zərintac Qurbanovanı öldürdü. Qızı rayondan qaçıb Bakıda işləməyə gəlmişdi. Amma ata razı olmadı. Qızının boğazını elə işlədiyi kafenin qarşısında kəsdi.

Daha bir dəhşətli hadisəni xatırlayaq. Bir neçə gün əvvəl 18 yaşlı oğlan 17 yaşlı bacısını amansızlıqla qətlə yetirdi. 1997-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Hadıyev Namaz Mobil oğlu, bacısı 1998-ci il təvəllüdlü Hadıyeva Gövhər Mobil qızına 37 bıçaq zərbəsi vurduqdan sonra yandırmışdı. Səbəb yenə də “namus” idi. Qız 1 il idi Bakıya gəlmişdi. Evə qayıtmaq istəmirdi...

Daha bir hadisə. Yevlax rayonunun Havarlı kənd sakini, 1978-ci il təvəllüdlü Asif Aydın oğlu Qasımov Mingəçevir şəhərində yaşayan bacısı, 1977-ci il təvəllüdlü Ruhiyyə Aydın qızı Qasımovanı Kür çayının kənarında boğaraq öldürdü. Səbəb yenə də “namus”...

Şamaxıda baş verən hadisəni də xatırlaya bilərik. Mirzəliyev Mirzəli Mahmud oğlu 20 yaşlı qızı - Mirzəliyeva Gülnarı boğaraq öldürdü. Səbəb yeni ailə quran qızının qaçaraq ata evinə sığınmaq istəməsi idi.

Daha bir hadisə... Daha bir hadisə... Daha bir hadisə...

Bu cür hadisələrin dəfələrlə şahidi olmuşuq. Hələ biz gördüklərimiz mətbuata çıxan və ya çıxarılan hadisələrdir.


Cinsi zorakılığa məruz qalmış qızlar Bakıya qaçır...

Hər birimiz ətrafımızda, qohumlarımızın, tanışlarımızın arasında belə hadisələri yaşayanları, zorakılıqlara məruz qalanları yəqin ki, görmüşük. Bu cür zorakılıqdan əziyyət çəkən xanımlarla daha çox işləyən, onların problemlərini dinləyən, onları sığınacaqla təmin edən, hər dəfəsində fərqli-fərqli həyat hekayələri dinləyən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da fikirlərini musavat.com-la bölüşüb.

M. Zeynalova bizimlə söhbətində əvvəlcə zorakılığa məruz qalan qadınları Bakıya gətirən səbəblərdən danışır: “Bakıya qızları gətirən təkcə erkən nikah deyil. Erkən nikahın fəsadları təbii ki, var və məhz fəsadların həlli ilə məşğul olmaq bizim qismətimizə düşüb. Amma Bakıya yalnız onlar deyil digərləri də gəlməli olur. Bunlar cinsi zorakılığa məruz qalmış qızlardı. Hansi ki, artıq rayonda ona heç bir qapı açılmayacağına əmindir. Bu yaxınlarda reabilitasiya prosesindən keçən beş nəfərlə söhbət zamanı müəyyən etdik ki, həyatlarının müxtəlif dönəmlərində yaxınları və ya etibar etdikləri tərəfindən cinsi zorakılıqla üzləşiblər. Və bu cinsi təcavüzlərin bəziləri çox erkən yaşlarda olub. Ailə münaqişəsi zəminində atılmışlar da bizim sığınacağa üz tuturlar. Körpələrlə çıxılmaz vəziyyətə düşdükdə bizə pənah gətirən qadınlar da olur”.

Sığınacağa üz tutmayanlar, çıxış yolunu doğru seçməyənlər təəssüf ki, cinayətkarların əlinə keçir, insan alverinin qurbanı olurlar.


Mehriban Zeynalova

Mehriban Zeynalova deyir ki, bu ilin geridə qalan 6 ayı ərzində sığınacaqlarına 74 qadın müraciət edib. Onlar erkən nikahın və məişət zorakılığının qurbanlarıdır. Onlar arasında əcnəbilər də var: “Hazırda bir özbək vətəndaşı var. Gəncədə ərdə olub. İki uşağı var. Qayınanası tərəfindən zorakılığa məruz qaldığı üçün bizə müraciət edib. Nikahı qanunsuzdur. İndi ölkəsinə qayıtmaq istəyir. Biz ona yardım göstəririk.
Bu il 6 ukraynalı qadın sığınacaqdan bəhrələnib. Onlardan biri ailə həyatı qurmağa gəlmişdi. Aldadıldığını və zorakılıqla üzləşdiyini görüb bizə müraciət etdi. Ukrayna vətəndaşlarının problemlərini Ukrayna səfirliyi ilə birgə həll edirik”.

Rayonlardan Bakıya qaçan qızlarını axtaran valideynlər də təşkilatlara müraciət edirlər...

“Bəzi hallarda ərlər və atalar öz xanımlarını axtarır. Məsələn zəng vurub “sizdə belə xanım varmı deyə soruşurlar”. Eləcə də ölüm təhlükəsindən bizə sığınıb, gizlənənlər də olur. Bizə müraciət edənlər daha çox təhlükədən qaça bilənlərdir. Bizim görmədiyimiz hallar daha çoxdur. Əgər bizə məlumat verilirsə, biz dərhal həmin yerlərə gedirik. Bu yaxında bir nəfər bizə müraciət etdi. Ana və qızı xilas edə bildik. Qadın əri tərəfindən ciddi şəkildə işgəncəyə məruz qalırdı” - deyə təşkilat sədri fikirlərinə əlavə edir.

Bakıya gələn xanımlarla görüşüb, bu addımlarının səbəblərini öyrənən M. Zeynalova gəldiyi nəticəni bizimlə bölüşür: “Bəzi hallarda qızlar Bakıya evdəki münasibətdən qaçıb gəlirlər. Bəzi hallarda isə sadəcə azad yaşamaq istəyi ilə gəlirlər. Bu yaxında bir xanım müraciət etmişdi. Diqqətlə dinlədik. Hədəfi və məqsədinin bəlli olmadığını müəyyən etdik. Ağdaş rayonundan idi. Atası ilə əlaqə saxladıq. Ata bizə dedi ki, evdən çıxıb gedib. Qızına gücü çatmır. Atasına işləyəcəyini, sərbəst yaşayacağını deyib. Kişi çox aciz danışırdı. Qıza dedik ki, heç bir təhlükə yoxdur evə qayıt. Evlərinə yola saldıq.

Bəzən qızlar elə düşünür ki, Bakıda hər şey çox rahatdır. Hər dəfə belə hallarla rastlaşanda iqtisadi hesablama apararaq heç də asan olmadığını izah edirik. Əsas da heç bir təhsil və peşəsi olmayanlara…

İzah edirik ki, sən 300-400 manat maaş aldıqda bunun ən azı 200-250 manatını ev kirayəsinə verəcəksən. Qalan 50-100 manat sənin həm qidana, həm geyiminə bəs etməyəcək. Və bu halda səni başqa işlərə çəkə bilərlər”.


Qadınların yüngül həyat tərzini seçməsinin səbəbi... Bioloji asılılıq...

M. Zeynalova deyir ki, onlara müraciət edən bəzi qadınlar əvvəl zorlanma, sonra insan alverinin qurbanı olurlar. Onlar arasında reabilitasiyanı yarıda atıb yüngül həyat tərzini bir daha seçənlər də olur.

Onların bu seçimi etmələri maddi tələbatla əlaqəli deyil.

M. Zeynalovanın fikrincə, bunun səbəbi bioloji asılılıqdır: “İnsan alveri qurbanları uzun müddət istismar olunduqda bəzən onlarda bioloji asılılıq yaranır. Bu yaxınlarda belə bir halla qarşılaşdıq. Reabilitasiyanı yarıda qoyan bir qadın bizi təhqir edib getdi. Biz yenə də onu tək qoymadıq. Yenidən qayıtdı. İndi həmin xanımın həyatı normaldır. İşləyir, normal maaş alır, övladını saxlayır”.

Acı həyat yaşayan bu cür qadınların həyat hekayələri övladlarını erkən nikaha məcbur edən valideynlərə, daha yaxşı həyat yaşamaq üçün rayonda yaşayan, onun ehtiyaclarını qarşılaya bilməyən ailəsini tərk edən qızlara nümunədir.


Zorakılığa məruz qalan qadının danışdıqları...

Əvvəlcə ailədaxili zorakılığın qurbanı, daha sonra isə insan alverinin qurbanı olan Rəksanə Mustafayeva başına gələnləri danışır. O yaşadığı əzablı həyatı başqalarına danışmaqdan çəkinmir. Məqsədi başqa qızların həyatının məhv olmasını istəməməsidir.

R. Mustafayeva erkən yaşda ailəsi tərəfindən məcburən ərə verilib. O, getdiyi ailədə həyat yoldaşı tərəfindən zorakılığa məruz qalıb. Zorakılıqdan bezən və ailəsinə sığınmaq istəyən R. Mustafayeva ailəsi tərəfindən qəbul edilməyib. Həyat yoldaşından və ailəsindən qaçan R. Mustafayeva “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına sığınıb. Burada onun üçün yeni həyat başlayıb.

R. Mustafayeva başına gələnləri belə danışır: “Erkən yaşda ailə həyatı qurulmasının qarşısı alınmalıdır. Bu mənim də başıma gəlib. Ailələr uşaqlarından mal, əşya kimi istifadə edir. Getdiyin ailədə qul kimi rəftar görürsən. Ailəyə qayıdanda səni qəbul etmirlər. Yenidən ailə həyatı qura bilmirsən. Qonşuların, qohumların qınağına tuş gəlirsən. Belə olan halda ailədaxili zorakılığa məruz qalan qadınlar daha sonra insan alverinin qurbanına çevrilirlər. Qadınlar çıxış yolu tapa bilmirlər. Mən çətin də olsa xilas oldum. İstəmirəm kimsə bunları yaşasın. Erkən nikahın qarşısı alınmalıdır. Mən oxumamışam. Qızımın yeddi yaşı var. Mən onu oxudacam”.


Cavabsız qalan suallar...

Paytaxtda mütəmadi olaraq “Erkən nikah və məişət zorakılığı” ilə bağlı tədbirlər keçirilir. Bəzən bu mövzuda bölgələrdə də görüşlər, seminarlar olur. Bəzən görüntü məqsədi daşıyan bu tədbirlərin görünən budur ki, hələlik ciddi bir nəticəsi yoxdur. Erkən nikah qanunla qadağan olduğu halda bölgələrdə hələ də insanlar öz adətləri ilə yaşayır.

Yazının əvvəlində paytaxtda kafelərdə olan vəziyyətlə bağlı da suallar yaranır? Hüquq-mühafizə orqanları bu vəziyyətə niyə nəzarət etmir? 15-16 yaşlı qızların cinsi istismara məruz qalmasına niyə göz yumulur? Onları bu yoldan çəkindirib reabilitasiya mərkəzlərində yenidən həyata qaytarmaq mümkün deyilmi?

Mövcud olan vəziyyətdən və meydana çıxan suallardan görünən budur ki, bu cür halların qarşısının alınmasında sistemli iş görülməlidir. Həm bölgələrdə yerli icra hakimiyyətləri, hüquq-mühafizə orqanları bu cür hallara nəzarət etməli, həm də müvafiq qurumlar bölgələrdə insanların maarifləndirilməsi üçün işlər görməlidir.

Qeyd edək ki, bu mövzu oxucularımızın redaksiyamıza müraciəti əsasında dərc edilib. Oxucular qeyd edilən vəziyyətin hakim olduğu kafelərdən birindən çəkdikləri görüntüləri redaksiyamıza təqdim ediblər. Görüntülərin lentə alındığı kafe Sabunçu bazarında yerləşir.

Yazıda qeyd etdiyimiz həyatı yaşayan onlarla qadın bu kafelərdə çalışır. Onların arasında yaşı 16-18 olanlar da var…

Musavat.com

Rayondan Bakıya qaçan qadınların acı həyatı: Öldürülən və ya insan alverinin qurbanına çevirilənlər... - , FOTOLAR


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar