“Pamukun Qonşusu” kitabsevərlərin ixtiyarına verildi. Kitab Azərbaycan Yazıçılar Birliyinin aybKitab layihəsi çərçivəsində nəşr edilib. Kitabın müəllifi telejurnalist Nigar İsmayılqızıdır. Esselərdən ibarət olan kitab Gənc Tamaşaçılar Teatrında təqdim olunub. Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov səbəbkarı təbrik edib: “Nigar çox istedadlı xanımdır. Türkiyədə telejurnalist kimi fəaliyyət göstərir. “Pamukun Qonşusu” kitabının ilk oxucusu mən oldum. Esselər çox maraqlıdır. Kitabın davamının gəlməsini arzu edirəm”. Kitabın redaktoru yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli isə kitaba ön söz yazdığından da söhbət açıb: “Nigar İsmayılqızının zəngin iç dünyası var. İnsanların psixologiyasını çox gözəl bilir və ona uyğun esselər yazıb”. İsmayılqızı üslubunda gerçəkçi olsa da, ruhən imressionistdir. Sonra aybKitab layihəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi aybkitab layihəsi haqqında danışıb. Bildirib ki, Yazıçılar Birliyinin məqsədi gənc yazarlara dəstək olmaqdır. Bu səbəbdən də, Nigar İsmayılqızının “Pamukun qonşusu” kitabını bu layihə çərçivəsində nəşr etdik. Belə bir uğurlu layihənin təşkilatı dəstəyi Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu,aybkitab.az,kitabevim.az, “Yazıçı” nəşriyyatı və başqalarıdır. Orxan Pamuk Türkiyəyə ilk nobel mükafatı gətirən bir yazıçıdır. Kitaba “Pamukun Qonşusu” adının verilməsi maraqlıdır. İnsanların əlində “Pamukun Qonşusu” kitabını görmək ürəkaçandır. Bunları təqdimat mərasimində çıxış edən xalq yazıçısı Çingiz Abdullayev dedi. Toplantıda Azərbaycan Yazıçılar Birliyinin üzvləri, əməkdar artist Elxan Qasımov, Füzuli Hüseynov, xalq rəssamı Arif Hüseynov, heykəltaraş Rahib Həsənov rəssam Rəşad Mehdiyev və başqaları iştirak edib.
Məlumat üçün deyək ki, kitabda “Gözəl qadına bənzəyən şəhər”, “Səssiz insan”, “Pamukun qonşusu”, “Picassonun lal fırçası”, “Sarı güllər”, “Bal dodaqlı”, “Nəşəli sandıq” kimi esselər nəşr edilib.