Çalıb-oxuyanlar qrim və geyimə görə də cərimə ödəyəcək
Fransız mütəfəkkiri Monteskyö deyirdi ki, bir nəfərə qarşı olan haqsızlıq, hamı üçün təhlükəlidir. Bəli, ədalətsiz cəmiyyətdə gec-tez hamı zərbə alacaq, hamının qarşısına haqsızlıq çıxacaq. Əgər ölkədə müstəqil məhkəmə, şəffaf seçki, xalqla hesablaşan hakimiyyət yoxdursa, o ölkənin gələcəyi də yoxdur.
Uzun illərdi çox yazıldı, çox deyildi, ortaya xeyli faktlar qoyuldu. Amma hamı yaxasını kənara çəkdi, görməzlikdən gəldi, bir qarınlıq çörəyin arxasınca düşdü. Indi isə vaxt gəlib çatıb və hamı “rejim gilyotini”ndən nəsibini almalıdır. Neftin qiyməti kəskin düşüb, milli valyutanın dəyəri ölüb, valyuta ehtiyatları azalıb və böhran bizi təhdid edir. Belə olan halda hökumət real islahat aparmaq əvəzinə, ölkə daxilində soyğunçuluğa start verib. Qiymətlər artır, yeni cərimələr tətbiq olunur, dünənə qədər sərbəst fəaliyyət göstərənlər vergi cəzaları ilə üz-üzə qalıb.
Uzun müddət ölkədə belə bir fikir formalaşmışdı. Adamlar deyirdi ki, sabah hakimiyyət dəyişsə, mən yenə fəhlə olacam, yenə taksi sürəcəm, yenə dükan işlədəcəm və s. Biz isə izah etməyə çalışırdıq ki, normal hökumət taksi şoferini nazir etmək üçün yox, hər bir vətəndaşın azad yaşaya bilməsi üçündür. Ədalətsizliyin tüğyan etdiyi ölkədə taksi şöferi də, müəllim də, müğənni də, fəhlə də qazandığını rahat yeyə bilməz.
Bugünlərdə xəbər yayıldı ki, müğənnilərə vergilər tətbiq olunub. Ilkin mərhələdə müğənnilər 750 min manat vergi borcu yazılıb. Məsələn, müğənni Əlikram Bayramov deyir: “Toylara 2 min, 2 min 500 manata gedirəm. 7-8 minə toya gedən adama da 1685 manat vergi gəlib, 2 min, 2 min 500 manata gedənə də 1666 manat gəlib”.
Digər müğənnilər də artıq narazılıq etməyə başlayıblar. Üstəlik məlum olub ki, müğənnilər sahibkarlıq fəaliyyəti zamanı çəkdikləri qrim və geyim xərclərinə görə vergi ödəyəcəklər.
Bəli, hətta “oğuldur Ilham”, “Dahi”, “Heydər ata” mahnısı oxumaq da adamı xilas etmir. Dünənə qədər toylara gedib yaxşı pul qazanmış, villalar tikdirmiş, bahalı avtomobillər almış müğənnilər də “məhşər ayağı”na çəkilir.
Yaltaqlanmaq, “Allah mənim ömrümdən kəsib, prezidentin ömrünə calasın” demək, öz qüvvəsini itirib. Indi hökumətə pul lazımdır və nə yolla olursa olsun bu pulu qoparmaq istəyir. Özləri yığdıqları milyardları dövriyyəyə buraxmaq istəmirlər, ona görə də siyahı üzrə pullu adamları bir-bir soyurlar.
Görək bundan sonra da müğənnilər hökuməti ürəklə tərifləyəcək? Qazandıqları əllərindən alınanda da “oğuldur Ilham” mahnısını oxuyacaqlar?
Dünənə qədər səsləri yüksəkdən gəlirdi. Komfort həyat sürüdülər. Indi növbə onlara da çatıb. Bəlkə, bundan sonra sadə vətəndaşın ənlər çəkdiyini, ölkədə ədalətsizliyin tüğyan elədiyini dərk edərlər.
Bu acgöz hökumətin iştahı böyükdür və hamını dişə vuracaq. Bir sözlə, indi də müğənniləri “oxutmağa” başlayıblar. Amma bu dəfə oxudan yox, oxuyan pul ödəyəcək. Yeri gəlmişkən, Ağadadaş Ağayev demişdi ki, mən dolların bahalaşmasına görə sevinirəm. Indi Ağadadaş müəllim kömək etsin ki, həmkarları da sevinsin.
Samir