Nazirliklə institutun "YUĞ davası" böyüyür — İlginc təfərrüatlar
21-01-2016, 17:06
Xəbər verdiyimiz kimi YUĞ Dövlət Teatrının binası söküləcək.
Ölkə.az məsələ ilə bağlı yeni təfərrüatlar əldə edib. Məlum olub ki, 18-ci əsrə aid tarixi binanın sökülməsi əslində, təkcə Mədəniyyət və Turizm Nazirliyindən asılı olan məsələ deyil. Məsələ burasındadır ki, AMEA-da Mədəniyyət və Memarlıq İnstitutunun Tarixi Abidələri Qoruma şöbəsi fəaliyyət göstərir və abidələrlə bağlı məsələlərə birbaşa onlar cavabdehdir. YUĞ-un binası da tarixi hesab olunduğundan dövlət tərəfindən qorunan əhəmiyyətli abidələr sırasındadır. Yəni, teatrın binasının sökülməsinə məhz bu şöbə "hə" deyə bilər.
Əldə etdiyimiz digər məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti AMEA-dakı həmin şöbəyə binanı sökmək üçün bildiriş-məktub göndərib. Şöbə isə sənədi təsdiqləməkdən imtina edib. Ancaq buna rəğmən nazirlik binanı sökdürməkdə israrlıdır. Hətta iş o yerə çıxıb ki, Mədəniyyət və Turizm Nazirliyi ilə Mədəniyyət və Memarlıq İnstitutunun Tarixi Abidələri Qoruma şöbəsi arasında münasibətlər kəskin şəkildə dəyişib. Sözügedən şöbənin adının çəkilməsini istəməyən bir əməkdaşı isə bizə bildirib ki, indiyə kimi 103 belə tarixi bina, abidə məhv edilib.
Qeyd edək ki, YUĞ-un binasının sökülməsi xəbərini ilk olaraq Ölkə.az saytı yaymışdı.