Beynəlxalq Teatr İnstitutu (Paris) Milli Mərkəzinin prezidenti, Lesya Kurbas adına Ukrayna Milli Teatr Sənəti Mərkəzinin qurucu və direktoru Nelli Korniyenko Azərbaycanın mədəniyyət nazirinə məktub ünvanlayıb. Azadlıq Radiosu rus dilində yazılmış məktubun tərcüməsini diqqətinizə yetirir.
Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Mürsəl oğlu Qarayevə
Çox hörmətli cənab nazir!
Ukrayna və bir sıra Avropa qurumlarının teatr və yaradıcı ictimaiyyəti gözəl YUĞ Teatrının bağlana və teatr binasının sökülə biləcəyi və ya Teatrın onun fəaliyyətinə uyğun olmayan kitabxana binasına köçürüləcəyi barədə xəbərlərdən təşvişə düşüb. Mən Lesya Kurbas Mərkəzi adından yazıram. Bu Mərkəz Ukraynanın aparıcı və Avropanın ən öncül elm və teatr qurumlarından sayılır.
Respublikanızın və başqa ölkələrin də mədəniyyətinin şərəf və ləyaqət örnəklərindən olan bu eksperimental teatrın fəaliyyətinə yaxşı bələdəm. Görkəmli alim və düşüncə adamı olan Vaqif İbrahimoğlunun rəhbərliyi ilə bu teatr Sizin ölkənin və başqalarının tarixinə ardıcıl və estetik keyfiyyətlə hopdurduğu köklü bədii və etik dəyərləri qiymətləndirmək çətindir (məlumdur ki, indi Mədəniyyət iqtisadiyyatı irəli daşıyır).
Hörmətli cənab nazir.
Tam əminəm ki, ölkə və onun tarixi, əvvəl-axır, bütün Türk dünyası üçün kədər doğuran ssenari Sizin səylərinizlə gerçəkləşməyəcək. Əks təqdirdə Respublika və Bakı şəhərinin tarix və mədəniyyətinə böyük və bəlkə də düzəldilməsi mümkünsüz ziyan vurulacaq. Bu da az önəmli deyil ki, heç sübhəsiz, Nazirliyin imicinə ciddi zərbədən də söhbət gedir. Onun işi və bir sıra maraqlı beynəlxalq təşəbbüsü, o cümlədən Teatr Forumu ideyası nəzərə alınsa, bu, heç kimin ürəyincə olmaz.
Sizdən xahiş edirik ki, YUĞ Teatrının məsələsini ona əlverişli şəkildə həll edin. Heç sözsüz, o teatr buna layiqdir.
Bu xeyirxah və alicənab yolda uğurlar diləyirəm!
Hörmətlə: Nelli Korniyenko
Ukrayna Milli İncəsənət Akademiyasının akademiki
sənətşünaslıq doktoru
Lesya Kurbas adına Dövlət mükafatı laureatı
Lesya Kurbas adına Milli Teatr Sənəti Mərkəzinin qurucu və direktoru
Beynəlxalq Teatr İnstitutu (Paris) Milli Mərkəzinin prezidenti