...Uzun bir yol bizi gözləyirdi. Dostlarla birlikdə Boğazı keçirdik. Birdən pəncərədən boynu bükük bir şəhərin səssiz cizgilərini gördüm.Konstantinopolun süqutu mono tamaşanın əsas mövzusu idi. 1453-cü il may ayının 29. Qədim şəhər varlıqda yox olacaqdı. Və oldu da! Sultan II Məhmətin başçılığı ilə Osmanlı ordusunun aylarla mühasirədə saxladıqı Konstantinopol şəhəri fəth edildi. Konstantinopol ilə tarixin ən qüdrətli imperiyalarından biri olan Bizans İmperiyası dağıdıldı.
!!!
Konstantinopol adı ilə doğulan memarlıq şəhəri bir günün içində əbədiyyət yuxusuna getdi. Dünyada bircə “Ayasofya” muzeyi kifayət edir ki, bu şəhəri tanısınlar. Demə, o illərdə qədim muzeyin bəzi qəhvə rəngli, tarix qoxulu abidələrini söküb Romaya aparıblar. Hələ ən çox fotosu çəkilən “Qız Qülləsini” demirəm.
Belə!
Birdən İstanbul adlı şəhər günəş kimi parladı. Əslində bəndənizdə pəncərədən İstanbula baxırdı. İstər-istəməz Konstantinopolun arxa fondan böyük, incə Memar Sinan Minarələrinin ucaldığı şəhərə yavaş-yavaş lay-lay dediyini gördüm. Yedditəpə üzərində mövcud olan şəhər hər an sual dolu baxışları ilə insan qarşısında var olurdu!
...
Boğazı keçdik. Biz gənc rəssam dostumuz Rəsul Rzayevlə “Ümraniyə, Ataşehir” istiqamətində görüşdük. Bir görüşün tarixçəsini, incə cizgilərini sizə təqdim edirik.
...
Nədənsə ağlımda qadın ruhunu duyub, yumşaq fırçalarla oynaya-oynaya işləyən yəhudi kökənli İtalyan heykəltaraşı və rəssamı Amadeo Modilyanı peyda oldu. Qadın gözlərinin harmoniyasını kəşf edən sənətkar içirdi, narkotik qəbul edirdi, Paris küçələrində qadın üstündə dalaşırdı. Onu tez-tez küçələrdə sərxoş halda görürdülər. Amma o bir sənətkar idi. Bu ad illər keçsə də, şəxsiyyətlər siyahısında mövcuddur. Belə bir incə ürək yalnız sənət üçün döyünə bilərdi. Döyündü, yaratdı və getdi. Deyilənə görə, Pikassonun ölüm döşəyindəki son sözü onun adı olub. MODİLYANI...
-İlk öncə balaca Rəsulun uşaqlıq illərindən danışaq. Ötən illərə səyahət etmək xoş olardı. Nə baş verirdi o illərdə?
-Mən uşaqlıq illərimdə, özümü rənglərlə ifadə edirdim. Cizgi filmlərinə baxıb onların xarakterlərini öz düşüncəmdə canlandırıb, çəkməyə başlayırdım. Boş vaxtlarımda atamın rəssamlıq sənətinə aid kitablarına baxırdım. Və beləcə qərar verdim ki, mən rəssam olacam. Atamdan dərslər aldım. Onun məsləhətlərini dinlədim. Demək olar ki, o gündən sonra həyatımı rənglərə bağladım.
-Məktəb illərinizi necə xatırlayırsınız? Fırçaların dostu olan Teymur Rzayevlə bir ailədə böyümək gənc rəssama hansı hissləri yaşatdı?
-Məktəbdə oxuyanda bütün kitab dəftərlərimə şəkillər çəkirdim. Atam Teymur Rzayevində rəssam olması mənə mənəvi güc verirdi. O, şəkil çəkəndə hər zaman onun yanında oturub atamın necə şəkil çəkdiyinə baxardım. Bəzən ona kömək edirdim. Bu köməklik mənə zövq verirdi.
- Rənglərlə nə zamandan yaxından dostluq etməyi bacardınız?
-6 yaşım olanda mən yağlı boya ilə işləməyə başladım. Zaman keçdikcə rənglər mənim sirdaşım, dostum oldu. Ömrümün sonunadək şəkil çəkəcəm.(Gülür.)
- Və bu rənglərlə dostluq etmək Rəsul Rzayevə hansı uğurları qazandırdı?
-Təbii ki, rənglərlə dostluq etmək mənə uğur gətirdi. Xoşbəxt olanda da, xoşbəxt olmayan da, ən çətin anımda belə rənglər ən yaxın dostumdur. Tablolarım mənim uğurlarımdır.
- Uzun illərdi vətəndən kənarda yaşayırsınız. Azərbaycan deyəndə Rəsul nə hiss keçirir? Vətəndən kənarda yaşamaq gənc azərbaycanlıya nə verdi? Və bir azərbaycanlıdan nə aldı?
-Azərbaycan mənim doğma vətənimdir. Və onu heç nəyə dəyişmərəm. Vətəndən uzaq olsam da, qəlbimdə vətən sevgisi var. Hər zaman Azərbaycan bayrağını yüksək tutmaqı düşünürəm. İstanbulda yaşasam da, özümü Azərbaycana çox bağlı hiss edirəm…
- Niyə məhz İstanbul?
-İstanbul şəhəri sənət baxımından çox inkişaf edib, bu məkanda çoxlu tarixi abidələr var. Mən bu şəhərdə böyümüşəm. Bura mənim bir parçamdır. İstanbulda mənim öz çevrəm və dostlarım var. Burada özümü tək hiss etmirəm. Günlərim fərqli keçir. Sizə onu da deyim ki, bayramlarda biz azərbaycanlılarla bir yerə yığışırıq.(Gülür.)
-Günə necə başlayırsınız?
-Mən günə müsbət enerji ilə başlayıram. İlk öncə səhər naharı edirəm, saytlara baxıram. Günümüzdə nə baş verdiyini öyrənirəm. Sonra öz emalatxanama keçib işləməyə başlayıram.
-Hansı rənglər hər an sizi izləyir?
-Bütün rənglər mənə rahatlıq və xoşbəxtlik verir. Rənglərin fonunda yaşamaq gözəldir.
-Dünyanın dəli və dahi rəssamı Salvador Dali haqqında nə deyə bilərsiniz? Sənətdə şəxsiyyət kimi qalmaq üçün həqiqətənmi dəli olmaq lazımdır?
-Salvador Dali sənətdə dahidir. Xəyal gücü mükəmməl olan rəssam yaradıcılıqda böyük uğur qazanıb. Rəssamların dünyası və xəyal gücü fərqli olduğu üçün bəzən ətrafdakı insanlara dəli kimi görünə bilər. Amma Salvador Dali kimi sənətkarlar sənətə elə yeniliklər gətiriblər ki, onu sözlə ifadə etmək olmur…
-Hansı ölkələrdə sərgiləriniz keçirilib?
-İlk şəxsi sərgim Türkiyənin Çanaqqala şəhərində olub. Mən başqa xarici ölkələrdə də, sərgi açmağı düşünürəm. Gec-tez açacağıma inanıram.
-Ən sevdiyiniz əsəriniz? Elə bir əsər ki, heç vaxt ondan ayrılmaq istəməmisiniz?
-Çəkdiyim bütün əsərlər mənim uşaqlarımdı.(Gülür.) Tablolar arasında seçim etmək istəmirəm...
-Fırçalar, qarışıq rənglər, bir emalatxana və Rəsul Rzayev... Belə bir harmoniyada neçə saat işləyə bilərsiniz?
-Mən gün ərzində 8 və 9 saat işləyirəm. Zövqlə çalışmaqı sevirəm. Bunun üçün mahnı dinləyirəm, kofe içirəm. Və beləcə özümü rahat hiss edirəm.
- Rəssam oğlu olmaq nə qədər qürur vericidir?
-Rəssam oğlu olmaq mənim üçün çox məhsuliyyətlidir. Onun varlıqı mənə güc verir…
Nigar Ismayılqızı: Fırçalar sizi gözləyir...
Ümraniyə, Ataşehir (22.09.2015)
[email protected]