1997-ci il. Avropa İrlandiyanın paytaxtı Dublində keçiriləcək növbəti “Eurovision”a hazırlaşır. Hələ 6-7 ay əvvəldən bəlli idi ki, Rusiyanı bu müsabiqədə Valeri Meladze təmsil etməlidi. Amma… Amma yarışmaya 3 ay qalmış Meladze çox pis xəstələnir. Həkimlər onun uzun müddət müalicə olunacağını deyirlər. Rusiyanın İctimai Kanalı ORT-də isə şok yaşanır. Bəs necə etməli, müsabiqəyə kimi göndərməli? Dərhal Meladzeni əvəz edəcək birisini axtarmaq qərarına gəlirlər. ORT rəhbərliyi təcili qərar qəbul etməliydi. Çünki mayın 3-ə, yarışmanın startına az qalmışdı. Belə olan təqdirdə, ORT rəhbərliyi 48 yaşlı Alla Puqaçovanın üstündə dayanır. Əslində Puqaçova üçün təzə mahnı da yazmağa ehtiyac yox idi. Çünki Meladze üçün mahnını da məhz Puqaçova özü bəstələmişdi. Mahnı elə beləcə də adlanırdı: “Primadonna”.
Puqaçovanı “Eurovision”-a getməyə isə heç cür razı sala bilmirdilər. Alla Borisovna yaşının çox olduğunu bəhanə gətirərək, Dublinə getmək istəmirdi. Amma son anda onu yola gətirdilər. Puqaçova Dublinə gedir, “Primadonna”nı oxuyur və 33 bal yığaraq 25 iştirakçı arasında 15-ci yeri tutur. Məhz 1997-ci il “Eurovision”ından sonra və məhz Meladze, Leontev, Qubin, Presnyakov, hətta Kobzon kimi rus estrada bomondlarının qeyri-rəsmi qərarıyla Puqaçovaya qeyri-rəsmi “Primadonna” titulu verilir. Sonradan isə onu “rus estradasının Priması” da adlandırmağa başlayırlar…
Amma söhbətin mövzusu nə Puqaçovadı, nə də onun “Eurovision”dakı çıxışı. Rus estradasının ulduzuna “Primadonna” adının verilməsinə sadəcə ekskurs etdik və bu da səbəbsiz deyildi. Çünki elə bir titulu bizdə də, yəni Azərbaycanda da daşıyan var: İlhamə Quliyeva. Sizlər, yəqin nadirlərə və digər onu kimlərinə xanım Quliyevanın verdiyi adlardan da xəbərdarsız: “əjdaha”, “toylar kralı”, “imperator”, “prinsesa”, nə bilim… “su iti”. Yox, təbii ki belə ad verilməyib heç kimə. Amma O, istəsə verər. Və götürən də götürəcək. Düzdür, bir istisna var. Bu da xalq artisti Nazpəri Dostəliyevadır. Özünə hörmət edən Nazpəri xanım Quliyevanın ona verdiyi “nazlı pəri” adından imtina etdi. Və yəqin elə bu səbəbdəndir ki, indi də məhkəmələrdədir.
Hə, Azərbaycanın “Primadonna”sının “dədəqorqudluğu”ndan xəbərdar olmayan yoxdur. Amma çoxunuzun isə bir məqamdan xəbəriniz yoxdur: Bəs Primadonna adını bu İlhamə Quliyevaya kim verib?
Zaman 2000-ci il. Məkan Bakı şəhəri, “Ulduz” restoranı. Bir zamanların “Rezonans” qəzeti adıgedən restoranda tədbir keçirir. Tədbirdə isə qəzetin keçirdiyi sorğunun qalibləri mükafatlandırılacaqdı. Etiraf edək ki, “Rezonans” qəzetinin o vaxtkı rəhbərliyi bir-biri ilə küsülü olan müğənniləri bir araya yığmaqla böyük ilkə də imza atmışdı. Nə isə, müxtəlif nominasiyalar üzrə keçirilən sorğunun qalibləri mükafatlandırılmalı, onlara müxtəlif titullar verilməliydi. Amma məsələnin bir ilginc tərəfi də vardı. Qaliblər mükafatlarını və titullarını əvvəlcədən özləri seçmişdi. Bir sözlə, tədbirdən əvvəl razılaşdırılmış qaydada kimin nə mükafat alacağı və titulları bəlli idi.
Elə məhz həmin tədbirdəcə təşkilatçılar İlhamə Quliyevanı səhnəmizin “Primadonna”sı seçildiyini elan etdilər. Və sən demə, bu hansısa “sorğu”nun nəticəsiymiş. Təbii ki xalq artisti də ona “verilən” bu tituldan xoşbəxt olur. Maraqlıdır ki, həmin anda, əl altda tac-filan da olmur. Amma hazır diplomlardan birinin üstünü tez yazıb, İlhamə Quliyevaya təqdim edirlər.
Bu hadisədən düz 16 il keçib. Düz 16 ildir ki, Azərbaycan estradasında bir “Primadonna” rüzgarı əsir. Düz 16 ildir ki, çoxları da bu rüzgarın qabağında əsirlər. “Ona verilən titullar, adlar məsələsinə mütləq baxılmalıdır”. Bunu deputat Çingiz Qənizadə deyir. İlhamə Quliyevanın rəsmi titulu xalq artistidir, qeyri-rəsmi isə “Primadonna”. Xalq artisti adının geri alınması mexanizmi də var. Bunu ixtisasca hüquqşünas olan Çingiz bəy yaxşı bilir.
O ki qaldı qeyri-rəsmi “Primadonna” adının geri alınmasına… dərd ondadır ki, “Rezonans” qəzeti indi çıxmır!(lent.az)