Ötən gün Bakıda müasir, pop musiqisini sevənlər məşhur türk müğənnisi Gülşənin konsert proqramına toplanıb.
Mahnıları ilə pərəstişkarlarının qəlbinə yol tapan ifaçı Heydər Əliyev sarayında solo konsert proqramı ilə çıxış edib. Bəzilərindən fərqli olaraq qonaqları gözlətmədən, dediyi vaxtda səhnəyə çıxan Gülşən konsertə "Yatcaz kalkcaz" mahnısı ilə start verib. Cazibədar müğənni Bakı səhnəsi üçün olduqca iddialı və açıq geyim seçib. Buna baxmayaraq Gülşən səhnədə rəqqasları ilə birlikdə maraqlı rəqs şousu da nümayiş edib.
İlk mahnısından sonra zala toplaşan hər kəsi salamlayan ifaçı Azərbaycanı sevdiyini bildirib: "Siz və ölkəniz mənim üçün çox doğmadır. Bakıya çoxdan gəlmək istəyirdim, amma demək ki qismət bu günə imiş. Konserti təşkil edən hər bir kəsə təşəkkürümü bildirirəm, komandam ilə birlikdə bu gün üçün ciddi hazırlıqlar görmüşük. İnanıram ki, bu gün proqramımız uğurlu və şən keçəcək".
Bir birinin ardıyca hit və yeni mahnılarını səsləndirən müğənni daha sonra rəfiqəsi olan, ilk sıralardan Gülşəni izləyən müğənni Röya Ayxanı səhnəyə dəvət edib. Ona tək qoymadığı üçün Röyaya təşəkkürünü bildirib və daha sonra müğənnilər birlikdə "Sarışınım" mahnısını ifa ediblər.
Konsert proqramına toplaşan yüzlərlə insanın içində şou biznes nümayəndələri də olub, onların sırasında Zamiq Hüseynov, Abbas Bağırov, Eldar Qasımov, şoumen Murad Dadaşov və digərlərini sadalamaq olar.