Tahir İmanovun gizli avtomobil kolleksiyası varmış

27-05-2014, 10:54   

“Könlüm keçir”də həmsöhbətim xalq artisti, görkəmli bəstəkarımız Süleyman Ələsgərovun nəvəsi, məşhur aktyor, şuşalı balası Tahir İmanovdur.

“Dostluğun qanunlarını Şuşada öyrəndim”

“Mənim uşaqlığım Şuşada – Çölqala məhəlləsində, Xalq artisti, bəstəkar, Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərovun evində keçib. Mənim üçün ən pak, ən şəffaf, ən problemsiz illər idi uşaqlıq illərim. Dostluğun təməlini, dostluğun qanunlarını, döyməyi, döyülməyi – nə bilim hər şeyi Şuşada öyrənmişəm. Təkcə uşaqlığım yox, ümumiyyətlə, mənim büsbütün həyatım Şuşadan başlayıb. Gözümü açıb Şuşanı görmüşəm”.

Üçmərtəbəli evin şüşəbəndində qurulan səhnə

“Hər bir uşaq kimi mən də balaca vaxtlarda dəcəl və şıltaq idim. Kim deyirsə ki, mənim uşağım sakitdir, nadinclik etmir, vallah yalan söhbətdir. Elə uşaqlıqdan sənətə bağlı bir insan olumuşam. Babamın çoxlu dostları vardı, hamısı da tanınmış sənət adamları idi. Babam onları tez-tez evimizə qonaq çağırıb, qonaqlıq verərdi. Üçmərtəbəli evimizin böyük bir şüşəbəndi vardı, azı yüz nəfər qonaq sığışardı ora. Biz də şeir deyərdik, mahnı oxuyardıq, cürbəcür səhnəciklərlə onların qarşısında çıxış edərdik. Şüşəbəndin bir qırağından o biri qırağına kəndir atardıq, üstünə ya xalça, ya parça salardıq və özümüzə əməlli-başlı səhnə düzəldərdik. Həmin o konsertin aparıcısı, iştirakçıları vardı. Onlardan biri mən idim, biri qardaşım Cabir. Dayım uşaqları da iştirakçılar sırasında idi. Evə gələn qonaqlar üçün bax belə konsertlər verərdik”.

Qohumlardan başlanan parodiya

“O vaxtlar uşaq və cizgi filmlərindən eşitdiyimiz populyar mahnıları oxuyardıq. Yamsılamağa gəlincə, ilk porodiyalarımız elə qohumlarımıza olub. Yadımdan da çıxıb, hansısa bir qohumumuzun danışığında, ya hərəkətində bir incəlik görürdüksə, dərhal mənimsəyib onu parodiya edirdik. Yəqin ki, parodiyalarımız elə bundan başlanırdı”.

“Mehdi Məmmədov qayıtdı ki, Süleyman, böyük Stanislavski belə başlamışdı”

“Günlərin bir günü həmin konsertlərin birində SSRİ xalq artisti, böyük sənətkarımız, rejissor Mehdi Məmmədov iştirak edirdi. Babamın yaxın dostu olan Mehdi Məmmədovun da elə əsli-kökü şuşalıdır. Bir gün konsertimizə tamaşa etdi, olardı onda bir 7-8 yaşımız, qayıtdı ki, Süleyman, böyük Stanislavski belə başlamışdı. Bu uşaqların böyük gələcəyi var. Bax bu, Mehdi Məmmədovun bizim barəmizdə dediyi sözlərdir, yaxşı yadımdadır. Yəni mən gözümü açıb Şuşanı görmüşəm, bir də babamın evinə gəlib-gedən böyük azərbaycanlıları, böyük şəxsiyyətləri”.

Xankəndindən Şuşaya qonaq gələn maestro Niyazi

“Şuşaya gələn hansısa mədəniyyət işçisi, xalq artisti, dövlət xadimi Süleyman Ələsgərovun evində qonaq olmağı mütləq özünə borc bilərdi. Babam özü də inciyərdi ki, Şuşaya gəlmisən, amma bizim evə gəlməmisən. Bir dəfə böyük maestro Niyazi özünün simfonik orkestri ilə Qarabağa səfərə gəlmişdi. Xankəndində – görürsünüz, Stepanakert demədim (gülür) – konsert vermişdi. Babam bunu eşidib dərhal Niyazi ilə əlaqə saxladı ki, Niyazi, gəlmisən Xankəndinə, bəs niyə Şuşaya–bizim evə gəlməmisən? Yığışın gəlin, hamılıqla qonağımız olun. Dedi ki, yox e, Süleyman, tək deyiləm, orkestrim də mənimlədir. Dedi:" Səni və bütün orkestri evimə dəvət edirəm". Təsəvvür edin, o böyüklükdə heyət gəlib bizim evdə istirahət etdi. İndi dəbə düşüb e, kimsə kimisə restorana dəvət edir, əvvəllər hamı qonaqlarını evində qarşılayardı. Bəlkə, buna görə insanlar onda səmimi idi”.

“Atamgil aktyor olmağımın əleyhinə idi”

“Uşaqlıqdan bilirdim ki, mən aktoyr olmaq istəyirəm. Amma ata-anam bunun əleyhinə idi, onlar aktyor olmağıma etiraz edirdilər. Bəhanələri müxtəlif idi: Deyirdilər aktyor az pul qazanır.Kişi evinə qazanc gətirib ailəsini dolandırmalıdır. Onların təkidi ilə mən 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil oldum. Xoşbəxtlikdən, orada mən ixtisasım üzrə yalnız bir semestr oxudum. Sonradan KVN-i idarə etməyə başladım”.

Andrey Mironovun azarkeşi

“Mənim də kumirim vardı – Andrey Mironov. O vaxt mən onun filmlərinə sevə-sevə baxırdım. Doğrudan da, bu insan hərtərəfli istedad idi. Gözəl rəqs edirdi, səsi vardı, aktyorluğuna gəlincə, qüsursuz aktyor idi. Yaratdığı obrazlar şəxsən mənim üçün dərslik idi. İndiyə qədər onun filmlərinə baxıb özüm üçün nəsə götürürəm və çalışıram onun priyomlarından istifadə edim”.

“Sinfin bütün qızları başıma yığışmışdı ki, ver mən də dadına baxım”

“Uşaqlıqda geyim mənim üçün çox önəmli idi. O vaxt “firmenni” paltarları yalnız xaricə gedən qohumlarımız gətirirdi. Çünki mağazalarda belə geyimlər satılmırdı. Dayım xaricdə – Suriyada yaşayırdı, ordan gətirirdi. Atam da tez-tez xaricə, hətta Amerikaya gedib-gəlirdi və ordan bizə paltarlar alıb gətirirdi. Təsəvvür edin, o vaxt məktəbə xarici saqqızla gələn oğlana bilirsiniz necə baxırdılar – elə bil şəhərə Beyons gəlib… Söhbət 1987-88-ci illərdən gedir. O vaxt “Tik-tak” təzə-təzə çıxan vaxtlarda mən məktəbə “tik-tak”la gəlmişdim. Təsəvvür edin, sinfin bütün qızları başıma yığışmışdı ki, ver mən də dadına baxım. Adi gündə heç kim mənə diqqət də yetirmirdi e… Yəni ki, belə həyat sürmüşəm”.

“Əvvəllər eybəcər idim”

“(Çox yaraşıqlısan, yəqin ki, ətrafında gözəl qızlar da olub – C.S) İndi belə olmuşam e, əvvəllər eybəcər idim.(Gülür) Yox, yox məktəbdə belə şeylər olmayıb. Mən istedadımla diqqət çəkirdim. Bütün müəllimlərimi, dostlarımı, məktəb şagirdlərini parodiya edirdim. O vaxt biz KVN-ə əslində siniflərarası başlamışdıq. Sinfilərarası KVN zamanı məktəbin papulyar simalarını parodiya edirdik. Əlbəttə davalar da olurdu, sən niyə məni yamsılayırsan deyib dava-dalaş salırdılar. Amma müəllimlərimiz bizi dəstəkləiyrdi və deyirdilər ki, bu istiqamətdə də davam edin. Demokratiya da elə bəlkə o vaxtdan başlayıb, məktəb vaxtından”.

Qız üstə düşən davalar

“Bizim vaxtımızda döymək-döyülmək hər zaman gündəmdə olub. Özü də adi şeylərin üstündə dalaşardıq e; sən niyə filan qıza baxdın, bizim məktəbə niyə gəldin, ayağını niyə belə qoydun, hərəkətinə niyə fikir vermədin… İndi baxanda adamın gülməyi gəlir. Amma o vaxtlar bu, bizim üçün həyatın bir mənası idi. Hər gün evə dava edib gələrdik, hər gün nəsə baş verirdi. Təbii ki, valideynlərimdən qorxurdum, daha doğrusu hörmət edirdim onlara. Bununla belə çalışırdım məktəb macəralarımdan valideynlərimin xəbəri olmasın. Tək mən yox e, uşaqların hamısı belə edirdi. Onu da deyim ki, bir çox dostlarımızı da elə həmin davalardan sonra qazanardıq. Burnumuzdan qan da gəlib, amma sonra dostlaşmışıq. Amma dava-dalaşa biz önəm vermirdik, çünki bu gündəlik həyatımızın ayrılmaz hissəsi idi. İndi uşaqlar bir-birini döyəndə polis çağırırlar, cinayət işi açırlar… Ay kişi uşaq döyər də, döyülər də. Bəs uşaq necə formalaşar? Bir oğlan uşağı döyülməyibsə, axırı necə olar?Seksual azlıqların Qobustana səyahətini gördünüz də, axırı bax belə olacaq. Bu faciədir”.

Şuşada yığılan maşın kolleksiyası

“Mənim böyük bir maşın kolleksiyam var. Balaca maşınları yığırdım. 1981-ci ildən kolleksiya yığmağa başlamışam. İlk maşını mənə 7 yaşımda atam bağışlamışdı. Yaşıdlarım həmin maşınları oynayıb sındırırdılar, amma mən çoxunu elə qutuda saxlayırdım. İndiyə qədər də saxlayıram. Maraqlıdırsa, gəlib ofisdə baxarsan. Mindən çox maşınım var”.

“Şuşa mənim üçün yalnız doğma şəhər deyil, anamdır, atamdır”

“Bu saat əlimə imkan düşsəydi, helokopterlə birbaşa Cıdır düzünə enərdim. Məni Şuşaya salsalar istənilən cığırı, istənilən yolu tapıb istənilən istiqamətə gedərəm. Üzeyir bəyin muzeyinə gedək, yol budur, Bülbülün ev muzeyinə, yol budur, gedək. Hər nöqtəni dərhal tapıb ünvana çatdıraram. Şuşa mənim üçün yalnız doğma şəhər deyil, anamdır, atamdır, hər şeyimdir, həyatımın mənasıdır”.

“Yuxuda görürəm Şuşada mənə vəzifə veriblər”

“Bəlkə də, sizə qəribə gələcək, mən hər gecə Şuşanı yuxumda görürəm. Bir də görürəm Şuşada mənə vəzifə veriblər. Sonuncu yuxudan danışıram. Görürəm ki, dövlət məni ora göndərib, öz kabinetimdə oturub Şuşanın abadlıq işləri ilə məşğulam. Bir dəfə yuxuda görmüşəm ki. babamla nənəm sağdır, oturmuşuq şüşbəndimizdə, qonaqlı-qaralı bir məclisdir. Yuxuda gah görürəm ki, balaca uşağam. Şuşada evin qabağında böyük meydança vardı, görürəm ki, orda uşaqlarla fubol oynayırıq. Müxtəlif yuxular olur. Mən ümumiyyətlə, yuxulara inanmıram, amma Şuşanı yuxuda görəndə ayılmaq istəmirəm. Hətta hiss edirəm e, ayılmışam, gördüyüm yuxuymuş, amma bir daha yuxuya gedib, Şuşaya qayıtmaq istəyirəm. Bax budur mənim üçün Şuşa. Bu məna ilə də həyatımın axırına qədər yaşayacağam. Çünki başqa cür ola da bilməz. Tək mən yox e, ümumiyyətlə, hər bir bir azərbaycanlının həyatının mənası olmalıdır Şuşa, Qarabağ”.

“Hərbi təyyarələri görəndə qorxdum”

“Sonuncu dəfə Şuşadan çıxanda 80-ci illərin axırı idi. Artıq konflikt başlamışdı. Ən son göydə hərbi qırıcı təyyarələri gördüm. Açğı deyim ki, bir az qorxdum. Atam və digər qohumlarımızdan soruşdum ki, bu nədir?Dedilər ki, hərbi təyyarələrdir. Bax onda çox pis oldum ki, Şuşa hara, hərbi təyyarələr hara? Biz onda çox şeyi başa düşmürdük. Yazılmış bir ssenari ilə hər şey başlamışdı. Onda bilmirdik ki, başımıza hansı oyunlar gələcək?”

“Kaş ki, onları götürüb çıxaydım”

“Kaş ki, ordan çıxanda Süleyman Ələsgərovun əlyazmalarını götürüb gətirəydim. Orda bir köhnə maşınımız vardı, “QAZ 24”. Rəhmətlik dayım bir onu çıxara bilmişdi. Onda Şuşanın işğalına bir-iki gün qalmışdı. Qalan hər şey Şuşada qaldı. Adi bir ev deyildi o ev. Üçmərtəbəli, şüşəbəndi olan bir ev idi, gir içinə yaşa. Yaşamaq üçün hər cür şərait yaradılmşdı orda”.

Daşlı yolda qırılan xatirələr...

“Evimizdə mənim üçün hər günc-bucaq doğmadır. Evimizin qabağında, daha doğrusu qonşu ilə üzbəüzdə bir hasar vardı. O hasardan bir tut ağacı bizim tərəfə keçmişdi, kəsmişdilər onu. Biz hər dəfə çıxıb o ağacın üstündə oturardıq. Sanki bir stul idi, amma hasar hündürlüyündə. Mənim bir şəklim də var, o kəsilmiş ağacın üstündə oturduğum yerdə. Sonra bulaqbaşına gedən bir yer vardı, daşlı yol deyirdik ora. Daşlı yolun ortasında böyük bir daş vardı, biz həmişə orda dayanmağı sevirdik. Düşünəndə bir şeyə heyfslənirəm ki, kaş bir az da çox vaxt keçirəydik Şuşada. Nəyə görə üç ay-dörd ay. Axı bu qədər imkan ola-ola niyə görə Bakıda yaşayırdıq”.

“Süleyman Ələsgərov şəkilbaz idi”

“Bu yaxınlarda Süleyman Ələsgərovun böyük bir arxivini bərpa elədim, mindən çox şəkil vardı orda. Ümumiyyətlə, babam çox şəkilbaz insan idi. Ancaq ona aid olan şəkilləri deyirəm. Babam bütün nəvələrini başına yığıb gəzirdi Şuşanı. Cıdır düzündə, İsa bulağında, bağlarında olan şəkillərimizin hamısının tarixçəsi var. Bu şəkillərin bir səbəbkarı var, o da Süleyman Ələsgərodur”.

“Babam məhəllənin uşaqlarını başdan-ayağa geyindirərdi”

“Süleyman Ələsgərov Şuşada çox kasıb ailədə doğulmuşdu. Atası poçtalyon idi, anası isə evdar qadın. Ailədə ilk savadlı insan babam olub. 1940-cı ildə Şuşadan Bakıya köçəndə konservatoriyaya daxil oldu. Üzeyir Hacıbəyli onu yüksək səviyyədə ona diqqət göstərdi. Təsəvvür edin, Üzeyir bəy Bakıda heç kimi olmadığı üçün bu adama Konservatoriyada aiditoriya ayırmışdı yaşamaq üçün. Mənim dayım da, anam da orda anadan olmuşdu. Sonradan babama ev verdi, amma buna baxmayaraq o həmişə Şuşaya qayıdırdı. İlin yarısını Şuşada yaşayırdı. Məhəllədə bütün kasıb uşaqlarını babam məktəbqabağı yığıb Şuşadakı univermağa aparardı, onlara məktəb formasından tutmuş dəftər-qələmə kimi hər şey alardı. Deyərdi hə. İndi gedə bilərsiniz məktəbə. Sözün əsil mənasında o şəxsiyyət və nümunəvi azərbaycanlı idi. Özü kimi təvazökar insan yox idi. Bu şeylər hardasa, hansısa kitabda yazılmayıb e, anamdan eşitmişəm bunları”.

“Şuşaya da əl-ələ verib birinci biz gedəcəyik”

“Sadəlik, səmimiyyət, təvazökarlıq – Şuşa camaatı belə insanlar idi. Gülürdüsə, ürəkdən gülürdü, ağlayırdılarsa, ürəkdən ağlayırdılar. Elə indi də… Bu birlik, həmrəylik indi də qalır. İnşallah, Şuşaya da əl-ələ verib birinci biz gedəcəyik”.

“Evlərin dağılması əsas deyil, əsas torpaların qayıtmasıdır”

“İnternetə daxil olub baxmışam, evimizin ətrafında bütün evlər, obyektlər dağıdılıb, amma evimiz necə varsa, elə də qalıb.(Telefonuna köçürdüyü Şuşanı mənə göstərir) Bax, bu Çölqala məhəlləsidir, bütün evlər dağıdılıb, amma bizim ev, bax, durur. Bax, bura Şuşanın Gövhərağa məscididir, görürsünüz, məscidin minarələrinin gölgəsi görünür. Bu kosmosdan çəkilmiş şəkildi. Bu Qarabağ oteli, raykom. Mədəniyyət evi idi, bunun qarşısında Bülbüllə Üzeyir bəyin heykəlləri vardı, güllələdilər. Sonra Bakıya gətirdilər. Evimizlə üzbəüz Çölqala məhəlləsinin məscidi vardı. Bax bu Üzeyir bəyin ev muzeyidir, indi də durur. Bura qəbiristanlıqdır, yoxdur indi, şumlanıb. Məhz burda bizim doğmalarımız dəfn olunmuşdu. Erməni kilsəsinə baxın, görün necə qoruyublar. Süleyman Ələsgərovun bir sözü vardı, o deyirdi ki, evlərin dağılması əsas deyil, əsas torpaların qayıtmasıdır. Torpaqlar qayıtsa, evlərin bərpasına nə var ki… Əlimizdədir də hamısı”.

“Bütün əlimizə o tutun şirəsi axardı”

“Həyətimizdə elə alça ağacları vardı ki, mən hələ indiyə qədər heç yerdə o dadda alça yeməmişəm. Şuşada bitən barmaq boyda tutun dadını da hələ görməmişəm. Bütün əlimizə o tutun şirəsi axardı. O qədər şirin idi ki…”

“Həyatımda ilk dəfə anladım ki…”

“Bir dəfə babam bizi qəbiristanlığa aparmışdı, öz valideynlərini ziyarət etməyə. Onda mən həyatımda ilk dəfə anladım ki, insanlar həyatda əbədi yaşamır, zaman keçir, onlar dünyalarını dəyişirlər. Babamın bacısı çox gənc ikən, 23 yaşında dünyasını dəyişmişdi, bu hadisə babamı çox sarsıtmışdı”.

“Heydər Əliyevin bu sözləri babama güc vermişdi”

“Şuşanın işğal xəbəri babamı sarsıtdı. Çox pis keçirdi o vaxtları. Sanki birdən-birə dəyişdi o insan. Amma bədbinlik yox idi də o insanda. Həyatının sonuna qədər də nikbin qaldı. Bir dəfə o Heydər Əliyevlə görüşdən qayıtmışdı. Sevinə-sevinə qayıtdı ki, Heydər Əliyev deyir xoşluqla qayıtmasa da, güc yoluyla biz torpaqlarımızı qaytaracağıq. Bu sözlər ona güc verirdi”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.