İordaniya parlamentinin sədri, ölkənin sabiq hökumət başçısı Abdulrauf əl-Ravabde, qadın məsələləri üzrə dövlət naziri Esma Xaber, eləcə də senatın bir qrup üzvü Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün aprelin 25-də Azərbaycana səfərə gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən anaxeber.info-a verilən məlumata görə, Forumda ən geniş nümayəndə heyəti ilə İordaniya təmsil olunacaqdır. Nümayəndə heyətinin tərkibinə İordaniya şahzadəsi Hassan bin Talal, parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Nazim Qaşou, Baş nazirin keçmiş müavini, hazırda Senat Şurasının üzvü, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mərvan əl-Hmud, sabiq nazirlər, hazırda isə Senatın üzvləri Mahmud Alsaqur, Cəfər Huneiti, Saleh Rusheydat və başqaları daxildir.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda 45 sabiq dövlət və hökumət başçısının iştirakı nəzərdə tutulur. Ümumilikdə isə Forumda 54 ölkədən 150-dən çox ictimai-siyasi xadimin, ekspertin və elm adamının iştirakı gözlənilir.
2015-ci ildən sonrakı dövrdə Minilliyin inkişafı layihəsinə həsr edilən Forumda BMT səviyyəsində təhsil, sosial müdafiə, cəmiyyətdə qadınların rolunun artırılması sahələrində qarşıda duran məsələlər müzakirə ediləcək, ölkələrin beynəlxalq hüquq çərçivəsində qəbul olunmuş ərazi bütövlüyünün təmin edilməsi məsələsi ətrafında geniş fikir mübadiləsi aparılacaq.