Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İraq hadisələri, Rusiya və dünya birjaları- İqtisadi təhlil

25-06-2014, 16:05   
Son bir ay ərzində İraqın əsas neft rayonlarını əhatə edən silahlı konflikt qısa müddətdə dünyanın bütün böyük birjalarında şok effekti yaratdı

İŞİD-in intensiv hücumları, əsas neft yataqları və qara qızılı Türkiyə ərazisinə nəql edən xətlərin bu təşkilatın yaraqlılarının nəzarətinə keçməsi ilk növbədə yanacaq bazarını, arxasınca geridə qalan sahələri vurmağa başladı. Neftin qiymətinin qalxması Asiya və Amerika birjalarını çökdürdü. Qızılın qiyməti qalxdı, dolların məzənnəsi düşdü və iri korporasiya səhmlərinin qiyməti azalmağa başladı.

Neft böhranı və İŞİD-in tanınması

İraqın şimalında və Suriyanın şərqində vəziyyəti nəzarətə alan İŞİD dünya gündəmini kökündən dəyişdi. Ukrayna hadisələrini manşetdən çıxaran İraqdakı proseslər artıq dünyanın diqqət mərkəzindəki ən əsas nöqtədir. Dünya bazarlarında neftin qiymətinə ciddi təsir göstərən İŞİD-in həmlələri bu təşkilatı artıq ciddi bir qüvvəyə çevirib. Prosesin bu cür davam etməsi yaxın müddətdə dünyanın aparıcı dövlətlərini belə İŞİD-lə danışıqlar masası arxasına oturmağa vadar edəcək. Hadisələrin inkişafı bunu tam çılpaqlığı ilə üzə çıxarır. İstanbul birjasını çökdürən "neft böhranı" birinci Türkiyə rəhbərliyini İŞİD-lə hesablaşmağa məcbur edəcək. İraqın şimalındakı ticarətdə ən böyük payı olan ölkə kimi Türkiyənin bu bölgədə itirəcəkləri digər dövlətlərə nisbətən çoxdur. Şimali İraqda möhkəmləndikdən sonra bütün bölgə ölkələrini fakt qarşısında qoyacaq İŞİD qısa vaxt ərzində qeyri-leqal, terror təşkilatı siyahısından çıxarılaraq əməkdaşlıq tərəfinə çevriləcək.

"Ukrayna böhranı" və Rusiya

İraqda baş verənlərin müvəqqəti olaraq kölgədə qoyduğu "Donbass böhranı" isə bütün cəhdlərə baxmayaraq dərinləşməkdədir. Avropanın siyasi gedişləri, Kremlin cavab tədbirləri, Ukrayna rəhbərliyinin zədələnmiş imicini bərpa cəhdləri bu böhranın qarşısının tam alınmasını haradasa mümkünsüz edir. Elan olunmuş bir həftəlik atəşkəsə baxmayaraq Donbasda qan tökülməkdə davam edir. İraq böhranı nəticəsində bahalaşan neftin hesabına milli valyutası rublun məzənnəsini qaldıran Rusiya daxildəki təşvişin və ölkədən valyuta axınının qarşısını heç cür ala bilmir. Rusiya Mərkəzi bankının verdiyi yarımillik hesabat isə vəziyyətin nə qədər acınacaqlı olduğunu bir daha göstərir. 2014-cü ilin birinci kvartalında Rusiyadan çıxarılan kapitalın 50,6 milyard dollar olduğu bildirilir. Analitiklərin fikrincə əgər, Ukrayna böhranı qısa müddətdə həll edilməsə, bu rəqəm ilin axırınadək 150 milyard dollara çata bilər. Sözügedən məsələ Rusiya iqtisadiyyatı üçün əsl fəlakət deməkdir. Təxminlərə görə, bu məbləğin Rusiyadan çıxması rublun 30%-dən çox ucuzlaşması ilə nəticələnə bilər. Bu da öz növbəsində Rusiya üçün çox ciddi problemlər yarada bilər.

Dünya birjaları

İraq böhranının vurduğu bütün birjalar investorların depressiyası ilə bağlandı. Nyu-Yorkdan sonra Asiyanın iri birjalarının indeksləri də getdikcə aşağı düşməyə başladı. Tokio, Sinqapur, Honkonq və Şanxay birjalarında da geriləmə müşahidə olundu. Bu gün səhər yayılan məlumatda isə birjalardakı əməliyyatların "qırmızı zonaya" daxil olduğu bildirilir. Neft qiymətinin bahalaşmasının davam edəcəyi təqdirdə Asiyanın güclü iqtisadiyyata malik ölkələri - Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya və İndoneziyanı ağır maliyyə böhranı bürüyə bilər. Hələlik, İraqda vəziyyət ağır olaraq qalır və Ukrayna məsələsində Avropa Rusiya ilə dil tapa bilmir. Bu onu göstərir ki, böhran dərinləşəcək. Hətta ABŞ-ın neft ixracını bərpa edəcəyi haqqında xəbərlər belə birja indekslərinin düşməsinin qarşısını almadı. Proseslərin gedişi belə düşünməyə əsas verir ki, dünya yeni iqtisadi fəlakətlə üz-üzədir.

Qafqaz Ömərov
İnterpress.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar