VERGİLƏR NAZİRLİYİ KİMƏ “ÜZDƏNİRAQ” DEYİR?– Nazirliyin adından qəribə bəyanat
4-06-2019, 23:59
Ötən gün mətbuatda Vergilər Nazirliyinin adından “Gizli məşğulluq bəzi üzdəniraq işəgötürənlərə sərf edir” başlıqlı (yazımı deyək, bəyanatmı deyək bilmirik-red.) açıqlama yayılıb. Həmin bu açıqlamada əməkhaqlarının rəsmiləşdirilməsi sahəsindəki vəziyyət təhlil olunaraq, bir növ sahibkarlara və muzdlu işçilərə müraciət olunur.Və çağırış edilir ki, işəgötürənlərlə işçilər arasında indiyədək gizlədilən əmək münasibətləri əmək müqavilələrilə rəsmiləşdirilsin. Əlbəttə ki, ideya və məqsəd olaraq, bir növ təbliğat xarakteri daşıyan bu açıqlamanı normal qarşılamaq olardı. Lakin kim olduğunu bilmədiyimiz mətnin müəllifi nədənsə birdən-birə hələ də işçilərilə əmək müqaviləsi bağlamayan, yaxud müqaviləyə real göstəriciləri daxil etməyən sahibkarları “üzdəniraq” adlandırır. Yəqin ki, “üzdəniraq” sözünün heç də yaxşı ifadə olmadığını və son zamanlar daha çox kimlər üçün işlədildiyini xüsusi izah etməyə ehtiyac yoxdur. Kimsə deyə bilər ki, bu adi sözdür və hüquqi baxımdan bəlkə də təhqir sayıla bilməz. Ancaq reallıqda bu sözün əksər halda torpaqlarımızı işğal edənlərə, yaxud dövlətçiliyimizin, tariximizin, mədəniyyətimizin və s. dəyərlərimizin əleyhinə fəaliyyətdə olanlara və digər məlum tiplərə ünvanlandığının şahidiyik. Yaxşı, bəs bu ölkədə yaşayan, özüylə bərabər digər həmvətənlərini pis-yaxşı işlə təmin edən, evinə çörək aparmasına yardımçı olan, büdcəyə vergi ödəyən vətəndaşa, sahibkara necə “üzdəniraq” demək olar? Bu nə ritorikadır, kim verib nazirliyə bu ixtiyarı? Bəlkə elə bu nazirliyin başımnda oturub, uzun illər “at oynatmış”, sahibkarın dərisini boğazından çıxarmış, hətta MTN-in quldur dəstələrilə əlbir olub 3-5 manat qazancı olan vətəndaşı şərləyib tutduranlardır “üzdəniraqlar”?
Özü də biləsiniz ki, həmin məlum komandanın tör-töküntüləri hələ də bu qurumda qalmaqdadır. Əlbəttə ki, yeni rəhbərlik tərəfindən kadr məsələlərində ciddi təmizləmə işləri aparılıb. Ancaq görünür məmurların, yaxud nazirliyin adından bu cür açıqlamalar yayan vəzifəli şəxslərin sahibkarlara münasibətlə bağlı beyinlərində də təmizləmə işləri aparmağa ehtiyac var… Əgər bir sahibkar işçilərin sayını gizlədirsə, yaxud əmək müqaviləsində real əmək haqqını tam göstərmirsə, bunun günahkarı təkcə sahibkar yox, həm də qanunvericiliyin real bizneslə hələ də tam ayaqlaşa bilməməsidir və bu, heç kimə sahibkarı “üzdəniraq” adlandırmasına haqq vermir.Əgər belədirsə, ən böyük “üzdəniraqlar” elə nazirlik rəhbərlərinin də çox gözəl tanıdıqları məmur-oliqarxlardır. Bugün vəzifədən oğurladıqları milyonlar hesabına biznes quranların 90 faizi nə əmək münasibətlərini, nə də digər hüquqi prosedurları tam və şəffaf şəkildə rəsmiləşdirmir. Ancaq buna baxmayaraq, onların biznesləri çiçəklənir, nə vergi orqanı ilə problemləri var, nə də digərləri ilə. Bəlkə elə ən böyük “üzdəniraqlar” da belələrinin əyri yollarla varlanmasına göz yuman, qanuni tədbir görməyən qurumlar və məmurlardır? O ki qaldı sıravi, yəni sahibsiz sahibkarlara, onların da əmək münasibətlərini tam rəsmiləşdirməməsi səbəbsiz deyil. Bugün Azərbaycanda real sektorun necə ağır durumda olduğunu vergi orqanları hamıdan yaxşı bilir. Kredit faizləri kəllə-çarxda, digər maliyyə mənbələri əlçatmaz, rəqabət mühiti bərbad durumda, əhalinin alıcılıq qabiliyyəti aşağı səviyyədə və s. – hansı birini deyəsən?
Əvəzində vergi faizləri və sosial ödəmələrin miqdarı isə gəlirlərlə tərs mütənasib. Əgər gəlirlər yüksək olsa, kiçik və orta sahibkarların böyük əksəriyyəti əmək haqlarını olduğu kimi göstərər və 25 faiz sosial ödəməsini də edər. Ancaq onların gəlirləri buna imkan verirmi? Yeni qanunvericiliyə görə, əmək haqqı aylıq 200 manatı keçirsə, bu məbləğin 15 faizi işəgötürən, 10 faizi isə işçi tərəfindən sosial sığorta haqqı kimi ödənilməlidir.Ancaq praktikada işçilərin böyük əksəriyyəti həmin 10 faizi ödəmək istəmir, çünki məsələn 300 manatla dolanan binəva işçi bunun 30 manatını sosiala ödəsə, evə nə aparacaq? Nəticədə razılaşır ki, rəsmi əmək haqqı 200 manatdan az göstərilsin və 25 faizlik sığorta haqqını sahibkar ödəsin(baxmayaraq ki, maaşı 300 manat civarında göstərmək sahibkara daha çox sərf edir-red.) Guya bundan vergi orqanının xəbəri yoxdur? Sonda bir daha nazirliyin açıqlama yayanlarına xatırlatmaq istərdik ki, nə qədər xoşagəlməz hal osa da, obyektiv və subyektiv səbəblərdən ölkədəki 1 milyona yaxın vergi ödəyicisinin olduqca böyük əksəriyyəti hələ də əmək münasibətlərini tam, yəni ideal formada rəsmiləşdirməyib. Bu qədər adama “üzdəniraq” demək isə nə etik qaydalara, nə də belə bir dövlət qurumunun statusuna və riayət etməli olduğu dil üslubuna uyğun deyil… Cəlal AzPolitika.info