ABŞ Prezidenti Donald Tramp İranla bağlı mövqeyini yenə dəyişdi.Publika.az Azərtac-a istinadən xəbər verir ki, İran və Böyük Britaniya KİV-ləri baş məqalələrində bu başlıqdan istifadə ediblər.
Böyük Britaniyada dövlət səfərində olan Prezident Donald Tramp bu ölkənin İTV telekanalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların istisna olunmadığını bildirib: “...mənin istəyimdən asılı olmayaraq, İrana qarşı hərbi əməliyyatların həyata keçirilməyəcəyini iddia etmək olmaz”.
ABŞ Prezidenti deyib ki, hərbi əməliyyat məsələsi həmişə nəzərdə olub.
Xatırladaq ki, ötən ay Yaponiyaya səfər edən Donald Tramp bəyan etmişdi ki, ABŞ İran ilə müharibəyə can atmır.
Qeyd edək ki, Trampın Böyük Britaniyaya səfəri Londonda və digər böyük şəhərlərdə etirazlarla qarşılanıb. Britaniya ictimaiyyətinin nümayəndələri küçələrdə aksiyalar keçirərək ABŞ Prezidentinin İran və Yaxın Şərq siyasətinə etiraz ediblər.