Xəbər verdiyimiz kimi, paytaxtın Sabunçu rayonunda 3 yaşlı Zəhra Rəsul qızı Bağırova itkin düşüb. Zəhra iyunun 4-də evlərinin qarşısından yoxa çıxıb.
Qohumları azyaşlının qaraçılar tərəfindən qaçırılmasından şübhələnirlər. Zəhranın dayısı Əminağa Hüseynov virtualaz.org-un əməkdaşı ilə söhbətində Zəhranın danışığında qüsur olduğunu, təkbaşına uzağa gedə bilməyəcəyini deyib: “Zəhra o qədər mehriban uşaqdır ki, əlindən tutan, başını sığallayan adama qoşulub gedə bilər”.
Bağırovlar ailəsi əslən Şirvan rayonundan olsa da, 18 ildir Sabunçuda yaşayır. Məhəllədə evlər az qala iç-içə yerləşir. Hadisə baş verən gün valideynlər və ailənin 20 yaşlı qızı işdə olublar, Zəhra evdə 11 yaşlı bacısı ilə birgə qalıb. Bacısı bir neçə dəqiqəliyə çölə çıxıb, qayıdanda Zəhranı evdə görməyib. Qohumları deyirlər ki, Zəhranı sonuncu dəfə yaxınlıqdaki mağazanın satıcısı görüb.
“Evlə mağaza arasındakı məsafə təxminən 20-25 metrdir, Zəhra tez-tez həmin mağazaya şirniyyat almağa gedirmiş. Satıcı deyir ki, Zəhranı görüb, şirniyyat istəyirmiş, ona evə getməyi tapşırıb. Guya ki, uşaq sonradan tut yeməyə gedib, kimsə onu tut ağacının altında oynayarkən görüb. Amma kim, nə vaxt görüb, bəlli deyil”, – Hüseynov danışıb.
Sosial şəbəkələrdə və mətbuatda Zəhranın yaşlı bir kişi tərəfindən qaçırıldığı iddia olunub, bunu əks etdirən fotoşəkil yayılıb. Amma dayısı deyir ki, həmin şəkildəki uşaq Zəhra deyil.
Məhəllədəki marketlərdə müşahidə kameraları yoxdur, bu da axtarış işlərini çətinləşdirir. “Məhəlləyə qaraçılar gəlirlər, bir neçə dəfə görmüşük. Ona görə də, uşağın qaraçılar tərəfindən qaşırılmasından narahatıq. Güman edirik ki, uşağı arxa məhəllədən aparıblar, heç kim görməyib, başqa versiya ağlımıza gəlmir. Zəhra danışıb özünü ifadə edə bilmir”.
Hazırda hüquq-mühafizə orqanları bütün mümkün versiyaları araşdırırlar. Dayısının sözlərinə görə, məhəllədə quyu, yaxud uşağın yıxılıb qala biləcəyi gölməçə yoxdur, yalnız arxa küçədə bataqlıq ərazi var, ora isə qarış-qarış axtarılıb. “Bataqlıq ərazi var, amma quraqlıqdır. Buna baxmayaraq, hər tərəfi axtarmışıq. Həmin əraziyə itlər toplanır, Zəhra isə itlərdən çox qorxurdu, ona görə də, həmin yerə getmirdi. Uşağın məhəllədən çıxmasını kimsə görməyib, bu da bizi narahat edir. Polislərlə birgə hamı axtarışdadır, ümid edirik ki, nəticəsi olacaq”.
Ailə pərişan haldadır. Bu gün səhər saatlarında polis əməkdaşları təkrarən məhəlləyə gəlib, şahidlərdən izahat alıblar, axtarışlar davam edir… (Virtualaz.org)