Xanımını binanın 5-ci mərtəbəsindən atan “Buta Palace”ın keçmiş art direktorunun cinayət işi... - TƏFƏRRÜAT

7-06-2019, 14:11   

Bakıda baş verən dəhşətli qətl hadisəsinə görə məhkəmə başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli hakim önünə çıxarılıb. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılır.

Məhkəmə prosesi başlamadan əvvəl məlum olub ki, təqsirləndirilən R.Taxveli Müalicə Müəssisəsində müalicə alır. O, məhkəməyə əlil arabasında gətirilib və deyilənə görə, özünü idarə edə bilmir. Şübhəli və diqqətçəkən hərəkətlər edən Taxveli "belimi qaşıyın" deyərək bir neçə dəfə ağlayıb.

Məhkəmənin davamında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Taxveli ilk qızının epilepsiya xəstəsi olaraq doğulmasında mərhum arvadı Adelyanı daim günahkar bilib. Bu səbəbdən də onlar arasında mütəmadi olaraq mübahisə olub. Sonuncu dəfə - ötən il dekabrın 9-da axşam saat 22 radələrində marixuana qəbul edib. Adelyanı yuxudan oyadaraq döyüb, saçından tutub sürüyərək otaqları gəzdirib və uşaqları ilə vidalaşmağa məcbur edib.

İttihamda o da göstərilir ki, həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırparaq yuxudan oyadıb. Səsə digər övladları da oyanıb. Uşaqlar atalarına yalvararaq analarını döyməməsini istəyib. Taxveli arvadını sürüyərək balkona çıxarıb və balkondan aşağı atıb.

Məhkəmə Taxveliyə söz verib. Ondan özünü təqsirli bilib-bilmədiyi soruşulub. Taxveli ilk olaraq nədə günahlandırıldığını bilmədiyini deyib. Əlavə edib ki, mərhum Adelya ilə bir-birilərini çox sevirmişlər. O, Adelyanı dəlicəsinə sevdiyini təkar-təkrar deyib.

Birinci qızlarının xəstə olduğunu deyən Taxveli bunları söyləyib: "Qızımın beyin xəstəliyi var idi. Amma münasibətlərimiz yaxşı idi. Qızımı müalicə üçün Türkiyəyə, İsrailə aparmışdıq. İkinci qızımız sağlam oldu".

Hadisə günü olanları danışan Taxveli bunları əlavə edib: "Xatırlamıram. Mən marixuana çəkirdim. Amma həmin gün maşında olanların kim olduğunu bilmirəm".

Taxveli qızını yerə çırpması ittihamına da münasibət bildirib: "Qızımı yerə vurmağım mümkün deyil. Hamısı şər-böhtandır. Bizi tanıyanlar bilir ki, belə bir şey ola bilməz. Biz bir-birimizi çox sevirdik".

Məhkəmədə mərhumun anası, hüquqi varisi Samirə Süleymanova da dindirilib. O, qızı ilə Taxvelinin məktəbdən tanış olduqlarını, münasibətlərində daim problemlər yaşandığını deyib.

Süleymanova qızı Aliyanı özləri müalicə etdirdiklərini, Ramizin isə heç nə etmədiyini deyib: "Qızıma pul da vermirdi. Adelya ikinci uşağa hamilə olanda Ramiz deyirdi ki, uşağı istəmir. O, nəsə içdiyini, bu uşağın da xəstə olacağını deyirdi. Amma uşaq normal oldu. Qızım doğuşa tək getmişdi, həmin vaxt Ramiz dərman atdığı üçün özündə deyildi. Hadisə günü mənə qanlı barmaq şəkli atdı. Mesaj yazdı ki, öldürə bilmirəm də. Soruşdum ki, məni? Dedi ki, hə, ancaq Aliyaya yazığı gəlir. Mən qızıma zəng etdim. Adelya yuxulu idi, dedi uşaqların yanında yerdə yatıb. Ramizin mənə yazdıqlarını dedim, Adelya dedi fikir vermə, sağollaşdı".

Məhkəmə iclası şahidlərin dindirilməsi ilə davam etdiriləcək.

Ramiz Taxveliyə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Xatırladaq ki, hadisə Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib. Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib. Əvvəlcə mərhumun intihar etdiyi deyilirdi. Lakin araşdırmalardan sonra hadisənin intihar yox, qətl hadisəsi olduğu üzə çıxmışdı. Araşdərmalar zamanı o da məlum olub ki, R.Taxvelidə narkotik maddə qəbulu nəticəsində psixi pozğunluq yaranıb. Bildirək ki, Ramiz Taxveli “Buta Palace”nin art direktoru olub.

İlkin Muradov,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar