Dövlət İmtahan Mərkəzini iyunun 3-də yaydığı açıqlamada beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqları rəsmən təsdiqləndi. Bəlli oldu ki, olimpiada və yarış qaliblərinin ali məktəblərə imtahansız qəbulu “Təhsil haqqında” qanuna edilən son dəyişikliklərdə əksini tapıb, Nazirlər Kabinetinin 20 may, 2019-cu il tarixli, 229 saylı qərarı ilə tənzimlənir.
Bu yenilik cəmiyyətdə geniş müzakirə olunur, belə narahatlıq var ki, həmin imtiyaz hər il təxminən 30 mindən çox şagirdin qatıldığı respublika fənn olimpiadaları qaliblərinin seçimində “neqativ halları” stimullaşdıracaq. Yəni əslində biliyi yetərli olmayanlar olimpiada qalibi olub ali məktəblərə “arxa qapıdan girmək” imkanı qazanacaq.
Lakin Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev virtualaz.org-a deyir ki, respublika fənn olimpiadasının qaliblərinin seçimində kənar müdaxilələr mümkün deyil. Hətta ali məktəblərə imtahansız qəbul şansından sonra seçim daha da çətinləşəcək, bunker sistemi qurulacaq.
Bu il 299 şagird qalib olub
Respublika fənn olimpiadaları ildə bir dəfə 9-11-ci sinif şagirdləri arasında rayon, şəhər, respublika olmaqla 3 mərhələdə keçirilir. Həmçinin xüsusi istedadlı 8-ci sinif şagirdlərinin də olimpiadada iştirakına icazə verilir. Bu il təxminən 33 minə yaxın şagird Azərbaycan dili-ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, tarix və informatika fənnləri üzrə yarışıb.
Qarayevin sözlərinə görə, respublika yarımfinalına 6 minə yaxın şagird qatılıb, 588 şagird final mərhələsində iştirak edib, onlardan 299 qalib olub. 49 nəfər isə qızıl medal qazanıb.
“Rayon mərhələsində şagirdlər siniflər üzrə bölünürlər, məsələn, 9-cu siniflər öz aralarında yarışırlar. Respublika mərhələsində isə uşaqlar 2 qrup – aşağı və yuxarı yaş qrupları üzrə yarışırlar. Bütün dünyada olimpiadalarda bu standartlar tətbiq olunur”,-o bildirib.
Builki olimpiadada yuxarı yaş qrupu üzrə 4 nəfər qızıl, 8 nəfər gümüş,12 nəfər bürünc medal alıb.
Qarayev deyir ki, yalnız qalib olan 11-cilər ali məktəblərə imtahansız qəbul edilirlər. Digərləri isə məktəbi bitirməli, atestat almaq üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında müvəffəqiyyətlə iştirak etməlidirlər. Hər il təxminən 250-300 qalib olur ki, onların 70-80-ni 11-ci siniflərin payına düşür.
Respublika fənn olimpiadasından əlavə Azərbaycanda hansısa bir qrumun keçirdiyi olimpiadanın qalibi ali məktəblərə imtahansız qəbul şansından yararlana bilməz.
Olimpiada qalibləri necə seçilir
F.Qarayev deyir ki, Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin professorlarından ibarət hər fənn üzrə münsiflər heyəti müəyyənləşdirilir. Münsiflər heyəti təhsil nazirinin əmri ilə 1 il müddətinə təsdiqlənir.
“Şagirdlərin yazı işlərinin yoxlanılmasında insan faktorunun münimuma endirilməsi üçün sualları qapalı test formasında edirik. Suallar münsiflər heyəti tərəfindən müəyyənləşdirilərək təşkilat komitəsinə təqdim edilir. Təşkilat komitəsi nazirliyin məsul əməkdaşlarından formalaşır, sədr isə nazir müavinidir. Nəticələr qiymətləndirmə mərkəzində açıqlanır”,-şöbə müdiri əlavə edir.
Final mərhələsində isə münsiflər heyəti toplanır, cavablar yalnız təşkilat komitəsinin yanında yoxlanılır, yoxlama prosesi müşahidə kameraları ilə izlənilir.
“Məsələn, riyaziyyatdan şagirdlərə sual verilir, sualın işlənməsi üçün 4 saat vaxt ayrılır. Suala cavab hərtərəfli, aydın yazılmalıdır, izah edilməlidir. Yoxlama zamanı münsiflər heyəti şagirdin ad, soyad, yaxud oxuduğu məktəb haqda məlumat almırlar. Hər bir şagirdin kitabçası xüsusi kod və şifrəilə kodlaşdırılır. Münsiflər heyətinə yalnız 7 rəqəmli kod və şifrə verilir. Bütün proses kameralarla izlənilir”,-Fuad Qarayev bildirib.
Olimpiadaya qatılmış şagirdə sualların düzgün həlli və qiymətləndirmə meyarları təqdim edilir ki, şagird səhv, yaxud düz cavab verdiyini bilsin. F. Qarayev onu da qeyd edir ki, şəffaflığın təmini üçün yazı işlərinə baxış adı altında bir gün təyin edilir, şagird topladığı balları münsiflər heyəti ilə müzakirə edə bilir.
“Olimpiada qaliblərinin imtahansız qəbuluna imkan yaranandan sonra məsuliyyət daha da artdı, Təşkilat komitəsinin bir neçə dəfə toplantısı olub, bunker sistemi qurmaq niyyətindəyik”, -şöbə müdiri deyib.
Beynəlxal olimpia qaliblərinin üstünlükləri
Respublika fənn olimpiadasının qalibləri yalnız Nazirlər Kabinetinin müəyyənləşdirdiyi ixtisası seçə bilərlər. Məsələn, kimya fənnindən qalib olanlar Tibb Universitetinə qəbul ola bilməzlər, bunun üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlara qatılmalıdırlar. Beynəlxalq olimpiadaların qalibləri isə istənilən ali məktəbdə, istənilən ixtisası seçə bilərlər.
Məsələn, riyaziyyat üzrə beynəlxalq olimpiada qalibi istəyinə uyğun Bakı Dövlət Universitetinin hüquq fakültəsinə, yaxud Tibb Universitetinə qəbul ola bilər. Bunun səbəbi isə beynəlxalq olimpiada qaliblərinin dünyanın tanınmış universitetlərinə dəvət olunmasıdır.
DİM yalnız icra edir
Dövlət İmtahan Mərkəzinin sözcüsü Xanlar Xanlarzadə isə deyir ki, olimpiada və yarışların qaliblərinin ali məktəblərə imtahansız qəbuli “Təhsil haqqında”qanunda nəzərdə tutulub, DİM nəticələri təhlil etmir, yalnız qərarı icra edir.
Beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər, respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər, beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər ali məktəblərə imtahansız qəbul olunurlar.
Ü.Xudiyeva
Virtualaz.org