İşğalçı Ermənistan Azərbaycan Ordusunun daha bir hərbi qulluqçusunu şəhid etdi. İyunun 9-da cəbhə xəttində erməni tərəfinin açdığı atəş nəticəsində Gədəbəy rayonu, Köhnəqışlaq kəndinin sakini, 2000-ci il təvəllüdlü, əsgər Elşən Xəlilov şəhid olub. Bu, son günlər işğalçı ölkənin Azərbaycana qarşı ikinci təxribatıdır. Mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun zabiti Aqil Omarov şəhid edildi.Cəbhədə vəziyyət faktiki olaraq kəskinləşir və işğalçı ölkə artıq təxribatlarını gizlətmir də. Elşən Xəlilovun şəhid edilməsi əmrinin şəxsən Ermənistanın müdafiə naziri David Tonoyan tərəfindən verilməsi və bunun “Facebook”da “qürurla” bəyan edilməsi ilə işğalçı öz mahiyyətini etiraf etdi.
“Müdafiə naziri David Tonoyan öldürülmüş hərbi qulluqçu Sipan Melkonyanın “qisasını” alan hərbi qulluqçularımıza yüksək mükafatı təqdim etdi. Tapşırıq yüksək səviyyədə yerinə yetirilib”, - Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb.
Bu fakt Ermənistanın sülh danışıqların qarşı çıxdığını və işğalçı olduğunu təsdiqlədi.Azərbaycan Xarici İşlər Nazirliyinin erməni hərbi birləşmələrinin təxribatı ilə bağlı bəyanatında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət etdiyi bildirilir. “Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir”, - bəyanatda qeyd olunur.
Rəsmi Bakının da qeyd etdiyi kimi, Ermənistan danışıqlar prosesini pozmaq və mövcud status-kvonu saxlamaq məqsədilə cəbhədə hərbi eskalasiyanı kəskinləşdirir. Proseslərin inkişafı göstərir ki, Paşinyan hakimiyyəti masadan qaçmaq üçün snayperləri işə salıb. Bu təxribatların Minsk qrupu həmsədrlərinin regiona səfəri ərəfəsində həyata keçirilməsi də bunu deməyə əsas verir.Hərçənd, Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda olarkən cəbhədə törətdikləri təxribatı təkzib etmişdi. Buradan iki versiya önə çıxır: ya baş nazir Ermənistanda əsas söz sahibi deyil və ondan xəbərsiz addımlar atılır, ya da o, yalan danışır.
Ermənistan daxilində baş verənlər birinci versiyaya haqq qazandıra bilər, lakin proseslərin inkişafı ikinci versiyanı ön plana çıxarır: Paşinyan beynəlxalq ictimaiyyətə yalan danışır.Birincisi, Azərbaycan əsgərinin şəhid edilməsinin açıq şəkildə bəyan edilməsi və bunun “qisas” olduğu deyilməsi Ermənistan ictimaiyyəti qarşısına xal qazanmaq gedişidir. Ermənistanda sosial-iqtisadi problemlərin sürətlə çoxalması, ermənilərin aclığa qarşı səslərini ucaltması, nəticədə Paşinyanın son dövrlər reytinqinin sürətlə aşağı düşməsi də işğalçı rejimin “qisas” ssenariləri üzərindən ictimai rəyi yönəltmək və xal qazanmaq planını işə saldığını təsdiqləyir. Mümkündür ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid edilməsi əmrini Paşinyan müdafiə nazirinə verib, David Tonoyan da bunu reallaşdırıb. Əmri verən şəxs kimi Tonoya göstərilir və bununla Paşinyan beynəlxalq ictimaiyyət qarşısında “sülhsevər” imicini saxlamağa çalışır.İkincisi, bütün proseslər konstruktiv danışıqların pozulmasına və status-kvonun uzadılmasına hesablanıb. Çünki Vyana görüşündə Ermənistanın danışıqları uzatmaq cəhdi olan planları alt-üst edildi. Bu, növbəti təmaslarda işğalçının konstruktiv danışıqlar aparmaqdan başqa heç bir yolunun olmadığı deməkdir. XİN rəhbərlərinin gözlənilən görüşündə real nəticələri olacaq müzakirələr gözlənilir və məhz bunun qarşısını almaq məqsədilə işğalçı ölkə cəbhədə təxribatlara əl atır. Hədəf Azərbaycanı müharibəyə təhrik etmək, hərbi eskalasiyanı kəskinləşdirmək və danışıqlar prosesini hazırda konkret nəticələri olacaq səviyyəsindən “sıfır” səviyyəyə endirməkdir.Bu məqamda artıq söz həmsədr dövlətlərə düşür. Onlar təcili sürətdə Ermənistanın təxribat planlarına reaksiya verməli, konstruktiv danışıqların pozulmasına hesablanan belə planların və sülhə qarşı addımların qarşısını almalıdır. Əks təqdirdə Azərbaycan Ordusu “aprel müharibəsi”ndə olduğu kimi, kazarmaları tərk edəcək və bunun Ermənistan üçün çox ağır nəticələri olacaq...Asif Nərimanlı