Gəncədə ata 14 yaşlı oğlunu vəhşicəsinə döyüb

10-06-2019, 17:42   


Gəncədə ana yeniyetmə oğlunun atası tərəfindən döyülməsi ilə bağlı videomüraciət edib.

“Qafqazinfo”ya daxil olan müraciətdə qeyd edilib ki, atanın onu döyməsi haqda polisə müraciət edilsə də, hər hansı tədbir görülməyib. Ər və arvad rəsmi nikahda olsa da, ayrı evlərdə yaşayırlar. Döyülən 14 yaşlı R. atası, bacısı isə anası ilə qalır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov “Qafqazinfo”nun bu hadisə ilə bağlı sorğusunu cavablandırıb. O bildirib ki, iyunun 3-də 2005-ci il təvəllüdlü R-in atası, 1972-ci il təvəllüdlü İlham Məmmədov tərəfindən döyülməsi ilə bağlı polisə müraciət daxil olub. İ.Məmmədov rayonda dəmir parçaları yığıb satmaqla məşğul olub.

Məlum olub ki, ata oğlunu arvadının yaşadığı evə göndərib və videomaqnitofon və onun naqilini gətirməsini tapşırıb. Oğul videomaqnitofonu atasına aparıb versə də, naqil yadından çıxıb. Buna görə də İ.Məmmədov onu taxta parçası ilə döyüb.

Baş inspektor ananın polis laqeydliyi ilə bağlı iddiasına cavab olaraq bildirib ki, polisə müraciət edildikdən sonra təhqiqatçı şəxsən təcili tibbi yardım çağırıb və ilkin diaqnostikadan sonra R-i öz maşını ilə 2 saylı Uşaq Poliklinikasına aparıb. Polis əməkdaşı xəstəxanada ambulator müayinədən sonra uşağın anasına deyib ki, sabah saat 9-da onun da iştirakı ilə uşağın ifadəsi alınacaq və məhkəmə tibbi ekspertizasından keçiriləcək: “Həmin gün həm də İlham Məmmədovun ifadəsi alınıb. O da hadisə zamanı içkili olduğunu bildirib və naqili gətirmədiyi üçün oğlunu döydüyünü etiraf edib. Lakin R-in anası səhəri gün saat 5 radələrində uşağı da götürərək Bakıya gedib və efirə çıxaraq polisin onun ərini niyə tutmadığını deyib. Prosedura görə, ifadələr alınmadan, ekspert rəyi bəlli olmadan polis kimisə saxlaya bilməz, həbs olunması üçün isə məhkəmənin qərarı olmalıdır, polis heç kimi həbs etmir”.


 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar