Azərbaycanın tikinti baronları inşa etdikləri binaların maya dəyərini mümkün qədər aşağı sala bilmək üçün ən müxtəlif fəndlərə əl atırlar. Virtualaz.org qeyd edir ki, son illərə qədər tikinti baronlarının layihə üzrə təsdiqlənmiş mərtəbə sayını aşaraq daha çox pul qazanmaq naminə 2-3, hətta 4-5 mərtəbə artıq tikmələri halları geniş yayılmışdı. Və bu zaman binanın özülünə düşən yükün artırılmasının gələcəkdə hansı fəsadlara gətirib çıxaracağını heç kim hesablamırdı.
Tikintinin maya dəyərinin aşağı salınması və marjanın yüksəldilməsi üçün istifadə edilən fəndlərdən biri də əvvəllər də dəfələrlə araşdırmalarla sübut etdiyimiz kimi, standartlara cavab verən armaturlardan istifadə əvəzinə ya İrandan gətirilən, ya da Bakının çoxsaylı kustar metal sexlərində heç bir texnoloji normalara əməl edilmədən istehsal olunan keyfiyyətsiz (və qiymətdə daha ucuz) armaturlardan istifadədir.
Reportyor qrupumuz ötən il bu mövzuda silsilə araşdırmalar, reportajlar dərc etmişdi və nəhayət müvafiq strukturlar inşaatda istifadə olunan armaturun keyfiyyəti ilə bağlı nəzarəti bir qədər gücləndirmişdi. Məlumatlara görə ölkəyə İrandan keyfiyyətsiz armaturların gətirilib inşaatda istifadəsi məhdudlaşdırılmışdı.
Lakin inşaat sektorundakı mənbələrdən saytımıza daxil olan son məlumatlar bu sahədə xaosun yenidən geniş vüsət aldığını təsdiq edir. Mənbələr deyiblər ki, çoxmərtəbəli yaşayış binalarının inşası ilə məşğul olan bir çox MTK-lar Bakı sexlərinin heç bir texnoloji normalara uyğun olmayan ucuz armaturlarından istifadə edirlər. Əməkdaşlarımız bu məlumatların bir çoxunu araşdırıb, kustar üsulla istehsal edilmiş armaturlardan istifadə olunmaqla inşa edilməkdə olan binalardan bəzilərinin tikinti meydançalarına baş çəkib.
Məsələn, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 25 ünvanında inşa edilməkdə olan çoxmərtəbəli yaşayış binasının tikinti meydançasında kustar metaləritmə sexlərinin istehsalı olan armaturlardan istifadə olunmaqdadır. Bu ünvanda tikinti işlərini “ELNET” MTK adlı şirkət aparır, inşaat meydançasının hasarında vurulmuş lövhədəki məlumatlara əsasən bina 16 mərtəbəli olacaq. Tikinti işləri 2018-ci ilin aprelində başlayıb.
Bakının Nizami rayonunda, “Planet” şadlıq sarayının yaxınlığında “Vesta Construction” adlı şirkət tərəfindən inşa edilən “My Home” yaşayış kompleksinin inşasında da eynilə bu cür sex armaturlarından istifadə olunmaqdadır. Kompleksə 16 mərtəbəli binalar daxil olacaq.
Növbəti belə fakt Masazır qəsəbəsində, Azərbaycan Milli Elmlər Akademiyasının “Science Cty” yaşayış kompleksinin tikintisində qeydə alınıb. Həmin kompleksi podratçı qismində “SAHİL-A” MTK adlı şirkət tikir. Kompleksə bir neçə yaşayış binası daxil olacaq.
Masazır qəsəbəsində inşa edilən “Masazır Park” yaşayış kompleksində də kustar armaturdan istifadə olunmaqdadır. Bu kompleksi “Xəzri-A” adlı şirkət tikir.
Bakının Xətai rayonu, M.Mehdizadə, İ.Orucova, S.Orucov küçələrinin əhatə etdiyi 1180-ci məhəllədə inşa edilən “Capital Plaza” yaşayış kompleksinin tikintisi də kustar sex armaturları ilə aparılmaqdadır. Kompleksin inşaat meydançasında bu cür armaturlar qalaqlanıb.
Belə görünür ki, bunlar hələ hamısı deyil və tikinti təhlükəsizliyinə dair normaların kobudcasına pozulması, tikinti baronları tərəfindən insanların həyatı üçün gələcəkdə potensial risk yaradan əməllər geniş vüsət alıb.
Bəs tikintidə standartlara cavab verməyən, keyfiyyətsiz armaturlardan istifadə niyə təhlükəlidir və nədən hansısa “birgünlük” MTK-lar təsis edib ağına-bozuna baxmadan çoxmərtəbəli binaların inşasını həyata keçirən tikinti baronlarının bu əməlləri gələcəkdə kütləvi insan tələfatına da gətirib çıxara bilər?
İnternet mənbələrində bu mövzu ilə bağlı Rusiyanın inşaat mütəxəssislərinin rəyləri ilə tanış olanda bu sualların cavabı aydın olur.
Belə ki, standartlara cavab verməyən, dayanıqlığı, elastikliyi və tərkibi normalara uyğun olmayan armaturlar betonun daxilində daha sürətlə korroziyaya uğrayır. Məhz beton daxilində armaturun korroziyası inşaat konstruksiyalarının ömrünü ciddi ölçülərdə azaldan əsas amildir.
Əlbətdə, belə armaturlar kustar sexlərdə istehsal olunsalar da onların betonun daxilində çürüməsi, korroziyaya məruz qalması dərhal baş vermir. Normal halda standartlara cavab verən armaturlar da illər keçdikdə betonun daxilində metala aqressiv təsir edən birləşmələrin nəticəsində korroziyaya məruz qalır, bu qaçılmaz prosesdir. Lakin söhbət kustar üsulla istehsal edilmiş armaturlardan gedirsə korroziya daha sürətlə gedəcək və binanın dayanıqlığını itirməsi müddəti dəfələrlə qısalacaq. Çünki kustar üsulla istehsal edilmiş armaturlarda korroziyanın nəticəsində lay-lay “soyulma” baş verir, armatur beton daxilində sadəcə olaraq “yoxa çıxa” bilər.
Armaturun korroziyaya məruz qalması böyük yüklənməyə məruz qalan inşaat konstruksiyalarında, indiki halda çoxmərtəbəli binalarda daha sürətlə baş verir. Belə binaların nə qədər davam gətirəcəyini proqnozlaşdırmaq çətindir və bunun üçün kompleks analizlər aparılmalıdır. Lakin müəyyən müddət keçəndən sonra belə binaların konstruksiyalarında armaturun güclü korroziyaya məruz qalması nəticəsində onlar zəif yeraltı təkanlara belə davam gətirməyə, hətta öz-özünə dağıla bilər. Bu səbəbdən tikinti sahəsinə cavabdeh dövlət strukturları bütün tikinti meydançalarında ləngimədən təftiş aparmalı, istifadə olunan əsas inşaat materialı kimi armaturun keyfiyyəti yoxlanılmalıdır. Əks halda bu indi inşa edilən binaların özülünə yerləşdirilmiş “yavaş təsirli bomba”nın nə zamansa işə düşməsi qaçılmazdır...
Reportyor qrupu
Virtualaz.org