“Kütləvi qırğın silahlarının terrorçuların əlinə düşməsinə imkan vermək olmaz”.
Cebhe.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin liderlərinin görüşündə deyib.
Prezident bildirib ki, təşkilatın prioritetlərindən biri terrorizm və ekstremizmlə mübarizədir: “Kimyəvi, bioloji və digər tip silahların terrorçuların əlinə düşməsinə imkan vermək olmaz”, - deyə Putin vurğulayıb.
Məlumat üçün bildirək ki, kütləvi qırğın silahları dedikdə nüvə silahı, kimyəvi silah və bakterioloji (bioloji silah) nəzərdə tutulur.
NÜVƏ SİLAHInın partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir.
Trotil ekvivalenti partlayış enerjisini bu nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər adi partladıcı maddənin (trotil) tonla miqdarına deyilir. Nüvə silahını hədəfə çatdırmaq üçün müxtəlif növlü raketlərdən, təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən, habelə artilleriya toplarından istifadə etmək mümkündür. Nüvə silahının tətbiqi məqsədindən və basqın hədəfinin xarakterindən asılı olaraq nüvə sursatları kosmosda, havada, yerin üstündə, yerin altında və suyun üstündə, suyun altında partladıla bilər. Nüvə silahı ilk dəfə 1945-ci ilin avqustunda ABŞ-ın silahlı qüvvələri tərəfindən Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə qarşı istifadə olunub. Nüvə partlayışı enerjisi təqribən 50%-i zərbə dalğasının, 35%-i işıq şüalanmasının, 4%-i nüfuzedici radiasiyanın yaranmasına, 10%-i yerin radioaktiv zəhərlənməsinə və 1%-i isə elektromaqnit impulsunun yaranmasına sərf olunur. Zərbə dalğası partlayış mərkəzindən hər tərəfə çox yüksək sürətlə yayılan çox güclü sıxılmış hava, torpaq, su qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki izafi təzyiq, havanın sürət təzyiqi və izafi təzyiqin təsir müddətidir. İzafi təzyiq hər kvadrat santimetrə düşən kiloqram qüvvə ilə ifadə edilir. Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partlayışın növündən və partlayış mərkəzindən olan məsafədən, yerin relyefindən və s. asılı olur. Məsələn, 20 kilotonluq nüvə zərbə dalğası 1 km məsafəyə 2 saniyə, 2 km məsafəyə 5 saniyə, 3 km məsafəyə isə 8 saniyəyə çatır; 3 meqatonluq partlayış zamanı isə bu müddətlər müvafiq surətdə 0.5, 2 və 3 saniyə olur.
KİMYƏVİ SİLAH kütləvi qırğın silahlarından biri olub, zəhərləyən maddələr və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Kimyəvi silahın əsasını zəhərləyici maddələr təşkil edir. Bu maddələr hərbi, sənaye və təsərrüfat obyektlərinə qarşı işlədildikdə qoşunların şəxsi heyətini, fəhlə və qulluqçuları, əhalini məhv edir, döyüş qabiliyyətini zəiflədir, bitki örtüyünü yandırır.
Kimyəvi silahın ən vacib xüsusiyətləri aşağıdakılardır:
- Maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələmək;
- Zəhərlənmənin sürətlə baş verməsi;
- İstehsalının ucuz başa gəlməsi.
BAKTERİOLOJİ SİLAH (biloji silah) kütləvi qırğın silahlarının bir növüdür. BS bakterial vasitələrə və onları tətbiq etmək üçün işlədilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir.
Bakterioloji silahın (BS) əsasını xəstəlik törədən mikroblar və onlardan alınan zəhər-toksinlər təşkil edir. Bakterioloji vasitələrin insanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Onların hətta çox kiçik dozaları belə yolxucu xəstəlik törədir, yaxud insanları və heyvanları zəhərləyə bilir. Bir çox xəstəliklər xəstə adamdan sağlam adama keçir, insanlar və heyvanlar arasında tez yayılır. Xəstəliktörədən mikroblar və toksinlər müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşəratlarda, gənələrdə, gəmiricilərdə qala bilər.
Düşmən bakterioloji vasitələri təyyarə bombaları, top güllələri, raketlər, habelə içərisinə maye, yaxud quru halda mikrob və zəhər qatışığı (reseptur) doldurulmuş xüsusi konteyner və cihazlarda ata bilər. Xəstəliyin yayılmasının ən sadə və təsirli üsullarından biri havanın yoluxmasıdır. İçərisində bakterioloji vasitələr olan hərbi sursat havada duman və ya tüstüşəkilli aerozol buludu yaradır. Onun zədələyici təsiri tətbiq edilən xəstəliktörədicidən, ərazinin relyefindəən meteroloji şəraitindən və s. asılıdır.
İnsanlar və heyvanlar təkcə bakterioloji vasitələrin tətbiq edildiyi zaman deyil, buluddan ayrılmış aerozol hissəciklərinin öz zədələyici xüsusiyyətlərini saxlaya bildiyi vaxtdan asılı olaraq, bir neçə saat, gün, həftə, hətta ay müddətində də zədələnə bilər.
Bakterioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə ocağı yarana bilər. Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki, orada bioloji silahın tətbiqi nəticəsində insan, heyvan və bitki tələfatı olsun. Bioloji zədələnmə ocağı yaranan yerdə karantin və observasiya rejimləri tətbiq olunur. Yoluxucu xəstəlik yayan həşaratlar bir yerdən başqa yerə keçdikləri üçün bakterioloji yoluxmanın ilk sərhədləri də genişlənir və deməli, yoluxucu xəstəliklərin yayılma təhlükəsi artır. Bakterioloji hərbi sursat partladıqda boğuq səs eşidilir, ətrafı iri qəlpələr yayılaraq, torpaq və bitki üzərində damcılar və tozşəkilli maddələr çökür. Bəzən təyyarələrdən müxtəlif yüklərin-konteynerlərin, torbaların, kisələrin, bağlamaların atıldığını da müşahidə etmək olar. Yoluxucu xəstəlik yayan həşəratlar tətbiq edildikdə, hərbi sursatın partladığı yerdə əvvəllər təsadüf edilməyən xeyli miqdarda həşərat və gənə müşahidə edilə bilər. Düşmənin bakterioloji vasitələr tətbiq etdiyi rayonlarda insanlar arasında epidemiya, həmçinin mal-qaranın qırılması halları baş verə bilər. Bunun qarşısını almaq üçün observasiya və karantin təyin edilir. Observasiya epidemiya ocağında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə-məhdudlaşdırma və müalicə profilaktika tədbirləri sistemidir.
Xəzər
Cebhe.info