Döyülən xəstənin sənədləri “Semaşko”da “yoxa çıxıb” – Digahda baş verən cinayət ört-basdır edilir?

14-06-2019, 16:26   

 


İyun ayının 11-də ağır bədən xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə (Semaşko) daxil olan İmişli rayon Qızılkənd kəndi sakini Salahov Qismət Xanlar oğlunun ilkin müayinəsini və qeydiyyatını əks etdirən tibbi sənədlər möcüzəli şəkildə yoxa çıxıb. Bu barədə Q.Salahovun “AzPolitika”ya müraciət edən yaxın qohumu Süleyman Hüseynov məlumat verib.
Şikayətçi bildirir ki, Digah kəndində yaşayan Q.Salahov bir qrup şəxs tərəfindən qəddarlıqla döyülüb. S.Hüseynovun dediyinə görə, Q.Salahovla qonşuluqda yaşayan şəxslər arasında adi məişət problemi zəminində mübahisə yaranıb. İlkin olaraq, tərəflər arasındakı mübahisə bir o qədər ciddi xarakter daşımayıb. Lakin sonradan qarşı tərəf Q.Salahovdan əl çəkməyib və mübahisə böyüyüb.
S.Hüseynov deyir ki, Digah kəndinin axundu Hacı Rza adlı şəxs tərəfləri barışdırmaq adı ilə araya girib. Q.Salahova zəng edən axund onu məscidə çağırıb və bildirib ki, məqsədi tərəfləri barışdırmaqdır. Q.Salahov axşam namazında məscidə gəlsə də, axund görüşün məsciddə deyil, başqa yerdə olacağını bildirib.  Q.Salahovu kəndin kənarında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı çayxanaya dəvət edib. Axundun dediyi yerə öz oğlu ilə gələn Salahov onunla mübahisə edən şəxslə bərabər 10-a yaxın tanımadığı adamın da burada olduğunu görüb.
S.Hüseynov deyir ki, barışığa deyil, döymək, bəlkə də öldürmək üçün buraya gətirildiyini anlayaraq, axunda iradını bildirən Q.Salahova çayxanadan uzaqlaşmağa imkan verməyiblər. Bir dəstə şəxs onun həm özünü, həm də oğlunu vəhşicəsinə döyüblər. Bu zaman beşbarmaqdan və digər küt və kəsici alətlərdən istifadə edən şəxslər xüsusilə də Q.Salahova çox ağır bədən xəsarətləri yetiriblər. Nəticədə huşunu itirən və ağır vəziyyətdə olan Salahov hadisədən xəbər tutan qohumları tərəfindən “Semaşko”ya çatdırılıb. Yalnız 3 gündən sonra özünə gələn və danışmağa belə çətinlik çəkən Q.Salahovun adından polisə müraciət olunub.
Lakin maraqlıdır ki, bu zaman onun xəstaxanaya daxil olan zaman qeydiyyatını və ilkin müayinənin nəticələrini əks etdirən tibbi sənədlər “yoxa çıxıb”. S.Hüseynov deyir ki, xəstəxananın həkimi Ramiz Codarov xəstənin yaxınlarına həmin sənədləri vermir və bildirir ki, müayinənin nəticələri itib. Şikayətçi deyir ki, növbə həkimləri məsuliyyəti bir-birilərinin üzərinə ataraq, sənədləri gizlətməyə çalışır.
Bunun hansı məqsədlə edildiyinə gəldikdə isə şikayətçi deyir ki, böyük ehtimalla məqsəd cinayəti ört-basdır etməkdir və bu işdə hadisəni törədən Fərid, Rövşən və Ruslan adlı şəxslər, eləcə də Digah axundu Hacı Rza maraqlıdır. Belə ki, şikayətçinin dediyinə görə, artıq polis də ağır bədən xəsarətləri alan Salahovu barışmağa dəvət edir və hadisəni törədənlərin cəzalandırılmasında maraqlı görünmür.
Hüquq-mühafizə orqanlarına və “Semaşko” xəstəxanasının tabe olduğu Səhiyyə Nazirliyinə üz tutan şikayətçi aldığı ağır bədən xəsarətlərini əks etdirən nəticələrin dərhal tapılıb üzə çıxarılmasını və bu hadisəni törədənlərin qanun qarşısında cavab verməsinin təmin olunmasını tələb edir. Həmçinin Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri Allahşükür Paşazadədən xahiş olunur ki, bu cinayətə rəvac verən Digah axundu Hacı Rza adlı şəxslə bağlı müvafiq ölçü götürülsün.
“AzPolitika.info” şikayətdə adı keçən tərəflərin də mövqeyini dərc etməyə hazırdır.
Tahir
“AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar