Çoban yoldaşını diz çökdürüb yalvartdı, vəhşicəsinə öldürdü - DƏHŞƏTİN TƏFƏRRÜATI

19-06-2019, 17:29   




 
Bir nəfəri öldürüb, iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən 1995-ci il təvəllüdlü çoban Aqşin Astanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakupost.az xəbər verir ki, ittihama görə, Astanov Aqşin Gülüş oğlu Saatlı rayonu, Orta Muğan kəndi ərazisində yerləşən fermada birlikdə çoban işlədiyi Gülbalayev Natiq Mikayıl oğlu ilə fermanın həyətində təsərrüfat işlərinin görülməsi üstündə mübahisə edib və sonuncu onun ünvanına nalayiq söyüşlər söyüb. Ferma nəzarətçisi Mirzəyev Sərxan Elxan oğlu da həmin münaqişə ilə əlaqədar A.Astanovu günahlandırıb və onun ünvanına nalayiq sözlər işlədib. A.Astanov bundan sonra hər iki şəxsdən qisas almaq niyyəti ilə onları qəsdən öldürmək qərarına gəlib.

A.Astanov fermanın yaxınlığında yerləşən ovçuluq mağazasına gedərək  hər birinin qiyməti 60 qəpiyə 25 ədəd 16 mm kalibrli patron alıb. Daha sonra çoban Sərxan Mirzəyevin yatdığı çarpayının altında qeydiyyatsız saxladığı və istifadəyə yararlı olan 16 mm kalibrli, «İjK» modelli, K 44969 nömrəli təklüləli, yivsiz odlu ov tüfəngini götürüb su bərəsinə baxmaq adı ilə Natiq Gülbalayevi aldadaraq onu Sabirabad rayonu, Xəlfəli kəndi ərazisindən keçən «Şor su» kollektorunun üzərində olan körpünün üstünə aparıb.

Təqsirləndirilən şəxs N. Gülbalayevin ayağına atəş açaraq onu dizi üstə yerə çökdürüb və daha sonra ünvanına söydüyü söyüşlərə görə üzr istəməsini, onu bağışlamasını üçün yalvarmasını tələb edib. N. Gülbalayev onun dediyi tələbləri edərək, onu öldürməməsi üçün yalvarıb. 

Lakin A.Astanov buna məhəl qoymayaraq N. Gülbalayevə daha iki dəfə atəş açaraq onu xüsusi amansızlıqla qətlə yetirib. 

O, daha sonra Sərxan Mirzəyevi öldürmək qərarına gəlib. Fermanın yaxınlığına gələrək oradakı yulğun ağaclarının arxasında qaranlıqda gizlənib S. Mirzəyevin qayıtmasını gözləyib. Təxminən saat 22 radələrində Sərxanın fermaya qayıtdığını görüb, ona atəş açıb. Güllə S.Mirzəyevin sağ əlindən dəyib.

Sərxan Mirzəyev canını qurtarmaq üçün qaçmağa başlayıb. Bu zaman A. Astanov S. Mirzəyevin arxasınca qaçaraq atəş açıb. Lakin güllə S. Mirzəyevdən yan keçib. A. Astanov öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyib.

Daha sonra A.Astanov anası Rəna Astanovanın işlədiyi qoyunçuluq fermasının sahibi Məmmədov Mahir Şahmar oğlunu da öldürmək qərarına gəlib. O, Mahir Məmmədovun fermasının yerləşdiyi istiqamətə gedərkən, oradan keçən su arxından balıq tutan şəxslərin fermada polis əməkdaşları olduğunu bildirdiklərinə və oraya gedən torpaq yolda avtomaşın şinlərinin izlərini gördüyünə görə fermada həqiqətən polis əməkdaşlarının olmasını yəqin edərək geri qayıdıb. O daha sonra Bakı şəhərinə gedib. Bundan sonra öz məqsədini reallaşdırmaq üçün istintaqla müəyyən olunmamış mənbədən bıçaq əldə etməklə Mahir Məmmədovu görüşmək adı ilə Bakıya dəvət edib. Sonuncu görüşə getmədiyinə görə cinayətkar məqsədinə nail ola bilməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hakimlər kollegiyasının hökmü ilə A. Astanov 18 il müddətə azadlıqdan məhrum edilib. Ona Mahir Məmmədovun epizodu üzrə bəraət verilib. 

Lakin prokurorluq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən protest verib. Protestdə A. Astanova daha ağır cəza verilməsini və Mahir Məmmədov epizodu üzrə də cəza təyin edilməsi tələb edilib.

Şirvan Apelyasiya Məhkəməsində prokurorluğun prostesti qismən təmin edilib. Belə ki, Mahir Məmmədov epizodu üzrə ona verilən bəraət hökmü ləğv edilib. Yeni hökmə əsasən A. Astonov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar