İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında 2-ci yeri tutan yunan-Roma güləşi üzrə yığmamız bu gün Vətənə qayıdıb.
Üç qızıl, bir gümüş və iki bürünc medal qazanan millimizin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təntənəli qarşılanma mərasimi keçirilib. Komandamızı Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri, güləşçilər, yığma üzvlərinin ailə üzvləri və media nümayəndələri qarşılayıb. AGF-nin yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev komandanı tərkib etdikdən sonra brifinqdə bunları deyib:
"Komandamız bir neçə ay Avropa çempionatına hazırlaşıb, yüksək səviyyədə təlim-məşq toplanışları keçib. Bunun üçün federasiya tərəfindən lazımi şərait yaradılmışdı. Bu da öz nəticəsini verdi. Yunan-Roma güləşçilərimiz 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla böyük uğura imza atdılar. Üç dəfə himnimiz səslənibsə, bu, görülən işlərdən xəbər verir. Bu idmançıların bir neçəsi iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalında da iştirak edəcək. İnanırıq ki, güləşçilərimiz həmin yarışda da sözlərini deyəcəklər".
Daha sonra müvafiq millimizin böyük məşqçisi Taleh İsrafilov yarışla bağlı təəssüratlarını bölüşüb:
"Gözlənilən nəticələr idi. 51 kq-da da uğurlu çıxış gözləyirdik. Ancaq o çəkidə ümidimiz doğrulmadı. Türkiyə, Ermənistan və Gürcüstan kimi güclü yığmaları geridə qoyduq. Yalnız Rusiyadan geridə qaldıq. Onlarla da dünya çempionatında görüşəcəyik. Bakıdakı yarışda ehtiyatda saxladığımız bir neçə güləşçi də iştirak edəcək".
Sonda çempionlar ürək sözlərini çatdırıb:
Fərid Sadıqlı: "Belə asan çempion olacağımı gözləmirdim. Taleh müəllimə təşəkkürümüzü bildiririk. Onun əməyi nəticəsində belə uğurlar qazandıq. Növbəti hədəfim festivalda və dünya çempionatında qızıl medal qazanmaqdır".
Məlik Əliyev: "Avropa çempionu olduğum üçün çox sevinirəm. Şükürlər olsun, əziyyətimiz yerdə qalmadı. Çempion olmaq üçün getmişdim, bu nəticəni gözləyirdim. Ən çətin görüşüm Belarus güləşçisiylə oldu".
Nihat Məmmədli: "Dörd görüş keçirdim. Bəzi qarılaşmalar daha çətin keçdi. Burada göstərdiyim nəticəni Avropa Gənclərinin Yay Olimpiya Festivalında və dünya çempionatında da təkrarlayacağıma inanıram".
Xatırladaq ki, millimizin tərkibində Fərid Sadıqlı (45 kq), Məlik Əliyev (48 kq) və Nihat Məmmədli (55 kq) Avropa çempionu olaraq İtaliyada himnimizi səsləndirib. Laçın Vəliyev (92 kq) gümüş, Xasay Həsənli (65 kq) ilə Allahverdi Əliyev (71 kq) isə bürünc medala sahib olub.