Stalinin müharibə xəbərinə ilk reaksiyası: “Mən rəhbərlikdən imtina edirəm” - FOTOLAR

21-06-2019, 17:12   


“Müdafiə komissarı Timoşenko mənə göstəriş verdi ki, təcili Stalinə zəng vurum. Nömrəni yığdım. Heç kim cavab vermədi. Bir neçə dəfə təkrar etdim. Nəhayət, xəttin o başından Mühafizə İdarəsinin rəisi, general Vlasikin yuxulu səsi eşidildi:

- Danışan kimdir?

- Baş Qərərgah rəisi Jukov. Xahiş edirəm, məni təcili yoldaş Stalinlə calaşdırın.

Vlasik təəcüblü səslə soruşdu:

- Necə? İndi bu saat? Yoldaş Stalin yatır.

- Ləngimədən yoldaş Stalini yuxudan oyadın, almanlar şəhərlərimizi bombalayır, müharibə başlanıb.

Araya bir neçə saniyəlik sükut çökdükdən sonra Vlasik telefonda gözləməyimi xahiş etdi. Təxminən 2-3 dəqiqədən sonra Stalin dəstəyi götürdü. Mən vəziyyəti məruzə etdim və alman qoşunlarına cavab vermək üçün hərbi əməliyyata başlamağa icazə istədim. Stalin susurdu, mən yalnız onun ağır nəfəsini eşidirdim.

- Yoldaş Stalin, siz məni anladınız? Hansı göstərişiniz olacaq?

images.jpg (76 KB)

Sükut davam edirdi. Nəhayət, Stalin ayılmış kimi ağır səslə soruşdu:

- Narkom hardadır? (Timoşenko nəzərdə tutulurdu)

- Hazırda o, Ukrayna dairəsinin hərbi hissələri ilə rabitə əlaqəsindədir.

- Təcili hər ikiniz Kremlə yollanın, Poskerbışevə (Stalinin köməkçisi) deyin, Siyasi Büronun üzvlərini də Kremlə yığsın...”

Bu sətirlər marşal Georgi Jukovun müharibənin başladığı günlə bağlı yazdığı xatirələrdə öz əksini tapıb.

78 il öncə, 22 iyun 1941-ci ildə, gecə 4-ə 15 dəqiqə işləmiş almanlar tərəfindən Sevastopola ilk bombaların atılmağı ilə Almaniya ilə SSRİ arasında müharibə başlanıb. Bu haqda ilk olaraq Hərbi Dəniz Qüvvələri komissarı Kuznetsov müdafiə komissarı (müdafiə naziri) marşal Semyon Timoşenkoya məruzə edib.

Artıq gecə 4-ün yarısında alman artilleriya qoşunları bütün sərhəd boyu SSRİ ərazilərini atəşə tutublar. Ukraynanın, Belarusiyanın, Baltikyanı respublikaların iri şəhərləri, o cümlədən, hərbi aerodromlar bombalanıb.

Maraqlıdır, ilk dəfə müharibənin başlanması ilə bağlı məlumatı Stalinə kim verib? SSRİ liderinin bu məlumata reaksiyası necə olub?

Ümumiyyətlə, Stalinin müharibənin başlanmasına ilk reaksiyası uzun illər müzakirə mövzusuna çevrilib. Müxtəlif fərqli versiyalar söylənilib.

32507.jpg (85 KB)

Bəs, həqiqət necə olub? Şahidlər və “məxfi” statusundan çıxmış sənədlər bu haqda nə deyir?

Yuxarıda qeyd etdiyimiz kimi, müharibə ilə bağlı ilk məlumatı Stalinə müdafiə komissarı marşal Timoşenkonun göstərişi ilə marşal Jukov çatdırıb və Stalin telefonda Jukova Kremlə toplaşmaqla bağlı göstəriş verib.

Bu göstərişdən sonra Stalin özü də Kremlə yollanıb. Həmin dəqiqələrdə onun reaksiyasını baş mühafizəçi, general Vlasik xatirələrində belə əks etdirib: “Kuntsevodan (Stalinin bağından) Kremlə uzunan yolda bir-birini əvəzləyən mənzərələr, şəhərin gecə ponaraması, istirahət günü mürgüləyən Moskva, arxa oturacağında əyləşdiyi avtomobilin mühərrikinin səsi, bütövlükdə o anın, o dəqiqələrin hər bir saniyəsi onun dəmir iradəsini əzirdi. Müharibə başlanmışdı, alman qoşunları sərhəd dirəklərini aşırıb, SSRİ-nin ərazisinə soxulmuşdular, şəhərlər bombalanırdı. O, buna inanmaq istəmirdi və yolboyu özünü aldadırdı ki, bu provokasiyadır, yolboyu arzulayırdı ki, bir-neçə dəqiqə əvvəl aldığı xəbər doğru olmasın. Bəlkə də Stalin heç vaxt belə narahat olmamışdı, heç vaxt belə həyəcan keçirməmişdi, o, öz-özünə nə isə danışırdı, yolboyu mənə tapşırıqlar verirdi, fikirləri dağınıq, danışığı qeyri-səlist idi...”

594.jpg (88 KB)

Müharibənin başlandığı ilk günə Nikita Xruşov da öz xatirələrində geniş yer ayırıb. Əgər Xruşovun yazdığı xatirələrə inansaq, Stalin müharibə başlananda hətta rəhbərlikdən də imtina edib. Xruşovun xatirələrində bu fikirlərə rast gəlirik: “Müharibə xəbərini alan Stalin dəhşətli sarsıntı keçirmişdi. Bu xəbər sanki onu iflic vəziyyətinə salmışdı, o, iş qabiliyyətini də itirmişdi. Üzünün cizgilərindən açıq-aydın süstlük, əsəbilik, qeyri-müəyyənlik hiss olunurdu. Stalin nə hökumət, nə də şəxsən öz adından bəyanat vermək fikrində deyildi. Mən sonralar bildim ki, Stalin bunu etmək iqtidarında deyildi, fikirlərini cəmləməyi bacarmırdı. O, bütün qətiyyətini itirmişdi və o, müharibə haqqında fikrini bir neçə cümlə ilə yalnız Siyasi Büronun üzvləri qarşısında  ifadə etmişdi:

- Almanlar müharibəyə başladılar. Hitler SSRİ-yə hücum etdi. Hadisələr bizi fəlakətə sürüyəcək şəkildə cərəyan edir. Lenin bizim üçün proletar sovet dövləti yaradıb getdi, biz isə onu batırdıq. Mən rəhbərlikdən imtina edirəm.

340653.jpeg (110 KB)

Stalin bu sözləri dedikdən sonra Kremli tərk edib, Kuntsevoya öz bağına yollanıb. Sonradan Siyasi Büronun üzvləri Stalinlə görüşüb, onu işinə qayıtmaq üçün bağa gedəndə hətta Stalin qorxub, elə düşünüb ki, onu həbs etməyə gəliblər...”

Maraqlıdır, Xruşov həmin ərəfədə, müharibənin başlandığı günlərdə bir saniyə də olsun, Stalinlə ünsiyyətdə olmayıb, onun üz cizgilərinin dəqiq ifadələrini görməyib, ümumiyyətlə, həmin ərəfədə ayağı Kremlə dəymədiyi halda, bu fikirləri necə qələmə ala bilib? Özünün dediyinə görə, o, bu fikirləri Beriya və Mikoyanın danışdıqları əsasında yazıb.

Əslində həqiqət necə olub? Hansı konkret faktlar Stalinin müharibəyə ilk reaksiyasını həqiqət kimi üzə çıxarıb? Stalin müharibənin başlandığı günlərdə harada olub, kimlərlə görüşüb?

Beləliklə, Stalin müharibənin başlanması ilə bağlı xəbəri eşidən kimi dərhal Kremlə yollanıb. Saat 5.45-də Siyasi Büronun iclası keçirilib. 3 saat davam edən iclasdan sonra Stalin Xruşovun yazdığı kimi Kremli tərk etməyib.

550738.jpg (142 KB)

Bunu bir çox sənədlər də sübut edir. Kremlin katibliyində qeydlər aparan Georgi Dimitrovun gündəliyindəki sətirlərə nəzər yetirək:

“22 iyun 1941-ci il.

- Molotov, Voroşilov, Kaqanoviç, Malenkov yoldaş Stalinin kabinetində müzakirə aparırlar;

- Yoldaş Stalin və onun kabinetində olan şəxslər yüksək təmkin, inam və möhkəmlik nümayiş etdirirlər;

- Hazırda yoldaş Stalinin kabinetində müharibənin başlanması ilə bağlı xalqa müraciət hazırlanır;

- Ordu hissələrinə göstərişlər verilir;

- Səfərbərliklə bağlı tədbirlər planı hazırlanır və s...”

Göründüyü kimi, müharibənin başlandığı gün Xruşovun yazdığının əksinə Stalin təmkinini və iş qabiliyyətini itirmədən zəruri, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə məşğul olub. Həmin gün müxtəlif direktivlər hazırlanıb.

Daha bir fakt isə 22-23 iyun tarixlərində Stalinin qəbil otağında onun kabinetinə giriş və çıxışların dəqiq vaxtı ilə bağlı qeydlər olunan jurnaldır. Bu jurnala nəzər salmaqla, həmin çətin anlarda Stalinin gərgin iş rejimini və kimlərlə müzakirələr apardığını aydın görmək olar.

Bəzi tarixçilərin söylədiklərinə görə, müharibə başlanan gün Stalin çox yorğun və əsəbi görünüb. Bu isə təbii haldır. Çünki qarşıda onu nə az, nə çox, 1418 gün davam edəcək müharibə gözləyirdi və onun bu əsəbiliyi, yorğunluğu da düz 1418 gündən sonra Kremlin Georgiyevsk zalındakı ziyafətdə Böyük Qələbənin şərəfinə qaldırdığı qədəhlə sona çatacaqdı...

İlham Cəmiloğlu, 
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar