Kreml “düyməyə” basır - Rusiya Ermənistanı qarışdırır

22-06-2019, 09:17   


İrəvana qarşı şok demarş: rusiyalı səfir Paşinyana qarşı daha bir qalmaqallı gediş etdi; tərəflər son “döyüşə” hazırlaşır; Xocalı hərbi canisi Köçəryan Moskva üçün niyə qiymətə minib?...

Rusiya-Ermənistan münasibətlərində sular durulmur. Xüsusən də işğalçı ölkənin rəhbəri, baş nazir Nikol Paşinyan inqilab yolu ilə hakimiyyətə gələr-gəlməz, Putinin “ayağını” bir neçə dəfə tapdamasını sonuncu ona heç cür bağışlaya bilmir.

“Yeni Müsavat” xatırladır ki, Paşinyanın yeni postda ilk qərarlarından biri Rusiyanın, daha doğrusu, Vladimir Putinin layihəsi sayılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - “Rus NATO-su”) erməni əsilli baş katibi, general Yuri Xaçatorova qarşı Moskvadan xəbərsiz cinayət işi açıb, onu həbs eləməsi oldu. Doğrudur, az sonra Rusiyanın təpkisi ilə Yuri Xaçaturov azadlığa çıxdı və Ermənistandan qaçdı. Ancaq KTMT-nin nüfuzuna artıq zərbə vurulmuşdu. Rusiya isteblişmentində bunu elə belə də qəbul elədilər. Üstəlik, Paşinyanın Kremlə, Putinə qarşı demarşı kimi qiymətləndirdilər. Həm də ona görə ki, general Y.Xaçaturov Rusiyaya sədaqətli, ona bağlı adamlardan biridir.

paÅinyan kreml ile ilgili görsel sonucu

Ardınca N.Paşinyan Putinin yaxın dostu, sabiq baş nazir və Xocalı hərbi canisi Robert Köçəryanı 2008-ci il 1 mart qırğınına görə içəri saldı. Təbii ki, bu da Kreml sahibinin xoşuna gəlmədi. Bu qəzəbin təzahürü olaraq, Putin nümayişkaranə şəkildə həbsdə olan Köçəryanı ad günü münasibətilə təbrik elədi. Halbuki Paşinyana baş nazir seçilməsi münasibəti quru təbriki belə çox görmüşdü. 

Lakin çox keçməmiş Moskva Köçəryanın da sərbəst buraxılmasına nail oldu. Bundan bir qədər sonra isə Rusiyanın işğalçı ölkədəki səfiri Sergey Kopərkin yenə nümayişkaranə şəkildə R.Köçəryanla görüşdü - təbii ki, rəsmi Moskvanın təlimatı əsasında.           

Hazırda Köçəryanın işi Ermənistanın Konstitusiya Məhkəməsinin icraatındadır. Onun taleyi ilə bağlı yekun qərarı o verəcək. Bu qərar da böyük ehtimalla, Paşinyanın xeyrinə olmayacaq. Çünki Rusiya hələ ki Ermənistanda güclüdür və əli çox yerə çatır, o cümlədən məhkəmələrə. Yaddan çıxarmaq olmaz ki, Ermənistan məhkəmələrində Sərkisyan-Köçəryan dönəmindən qalma kadrlar hələ də üstünlük təşkil edir.

*****

paÅinyan kreml ile ilgili görsel sonucu

İşğalçı ölkədən gələn xəbərlər Paşinyan hakimiyyətini şimaldan heç də yaxşı sürprizlərin gözləmədiyini söyləməyə əsas verir. Bu da növbəti, təzə fakt.                   

“Rusiyanın Ermənistandakı səfiri Ermənistan Konstitusiya Məhkəməsinin rəhbərinə Robert Köçəryanı müdafiə etmək qarşılığında zəmanət verib”. Bu sensasion sayılan məlumatı Teleqram sosial şəbəkəsində “Baqramyan 26" kanalı paylaşıb (Axar.az).

“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanla görüşüb. Tovmasyan Serj Sərkisyanın təyin etdiyi adamdır. Öz karyerasında irəliləməsinə görə o, Serj Sərkisyana borcludur. Səfir Köçəryanla görüşdən sonra Tovmasyanla görüşür, halbuki məhz Köçəryanla görüşə görə onu Ermənistan Xarici İşlər Nazirliyinə çağırıb, ölkənin daxili işlərinə müdaxilə etməməsi istənilmişdi. Kopırkinlə görüşə qədər isə Tovmasyan Qarabağda olub. Burada onunla eyni zamanda Serj Sərkisyan da olub və o, Tovmasyana gələcək fəaliyyəti ilə bağlı məsləhət verib”, - deyə kanal qeyd edib.

paÅinyan kreml ile ilgili görsel sonucu

Məqalədə daha sonra deyilir: “Aydındır ki, səfirlə Tovmasyanın görüşündə Rusiya-Ermənistan əməkdaşlığı müzakirə edilməyib. Səfir, sadəcə, Robert Köçəryanın ittiham olunduğu 1 mart işinin gələcəyi ilə bağlı maraqlanıb. İş artıq Konstitusiya Məhkəməsinə göndərilib. Burada Köçəryana qarşı cinayət işinin davam etdirilib-etdirilməməsinə qərar verilməlidir. Yəqin ki, səfir Tovmasyana Rusiya tərəfinin Köçəryan işi ilə bağlı arzularını çatdırıb və Konstitusiya Məhkəməsinin hakiminə Moskvanın ona kömək və dəstək verəcəyi ilə bağlı zəmanət verib. Səfir Kopırkin çox təhlükəli oyuna daxil olub və əvvəl yazdığımız kimi, Rusiyanın Belarusdakı eks-səfiri Babiçin taleyini təkrarlaya bilər”.

*****

Kopırkin-Tovmasyan görüşü Rusiya səfiri XİN-ə çağırılaraq xəbərdarlıq ediləndən dərhal sonra baş tutması ilə xüsusi diqqət çəkir. Ona da zərrəcə şübhə yox ki, Kopırkin özbaşına deyil və yalnız Moskvanın, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) göstəriş və direktivləri ilə hərəkət edir. Rusiya XİN-i isə hələ də öz səfirinin Ermənistan XİN-ə çağırılmasına reaksiya verməyib. Əvəzində Kopırkin az keçməmiş Konstitusiya Məhkəməsinin rəhbəri ilə görüşüb.

Bu, əslində elə diplomatın XİN-ə çağırılmasına  Kremlin cavabıdır. Daha doğrusu, İrəvana, Paşinyan hökumətinə qarşı Moskvanın demarşı, sərt mesajıdır. Belə görünür ki, Rusiya lideri Vladimir Putin köhnə dostu, Xocalı hərbi canisi Robert Köçəryana və onun təmsil elədiyi qüvvəyə Ermənistanda həqiqətən də indiki hakimiyyətə real alternativ kimi baxır və bu qüvvəni, onun başçısını qorumaq qərarı verib. Başqa sözlə, Moskva işğalçı ölkədə hakimiyyət dəyişikliyi üçün qiyama “düymə”yə basmış kimi görünür. Bunu Rusiya ilə Qərb arasında oyun oynayan Paşinyan iqtidarında da bilməmiş deyillər. 

Maraqlıdır ki, bu arada Ermənistanın baş naziri Nikol Paşinyan öz işçilərinə Rusiyadakı neqativ proseslər, mərkəzi hakimiyyətə qarşı fəaliyyətlər, eləcə də Putinin reytinqi haqqında xüsusi hesabat hazırlanması barədə tapşırıq verib. Məlumatı “Past” qəzeti yayıb. Paşinyan xüsusi olaraq Rusiyadakı antihökumət nümayişləri və etirazların dinamikası haqqında məlumat almaq istəyib. Məlumatda hələlik Paşinyanın belə qərar verməsinin nə ilə əlaqədar olduğunun müəyyən edilə bilmədiyi vurğulanıb.

Beləcə, İrəvan-Moskva münasibətlərində gərginlik getdikcə güclənməkdə və özünü daha qabarıq büruzə verməkdədir. Tərəflər son “döyüşə” hazırlaşır...  

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar