İki ay öncə dövlət başçısının qərarı ilə təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırıldı. Əhalinin qış aylarında təbii qaza tələbatının yüksək olması və bu səbəbdən illik limitin keçilməsi ilə bağlı kommunal xərclərinin artmasını nəzərə alan hökumət bu addımı atdı. Hazırda isə yay fəslinin anomal istilərində insanların evdə və iş yerlərində kondisionerləri işə salması elektrik xərclərini hiss olunacaq dərəcədə artırıb. Bir çoxları isə aylıq elektrik xərclərini ödəməkdə çətinlik çəkdiyindən evdə, ofisdə kondisioner yandırmaqdan imtina edir. Bu insanların həyat şəraitinin yaxşılaşdırılması və rifahının təmin olunması üçün həm iqtisadçı ekspertlər, həm də deputatlar aylıq elektrik limitinin artırılmasını təklif edirlər. Həmçinin 3 aylıq yay mövsümü dövründə limitin ləğvini təklif edənllər də var. Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Deputat Fazil Mustafa bildirib ki, hökumətin bu istiqamətdə müəyyən addım atacağı gözləniləndir: “Milli Məclisin sonuncu iclasında mən məhz bu məsələyə toxunmuşdum ki, insanların elektrik enerjisindən istifadə ilə bağlı müəyyən problemləri var və bu limitin də müəyyən qədər qaldırılmasına ehtiyac var. Elektrikdə limit aylıq olduğu üçün il ərzində təsir etmir, ancaq yay aylarında təsirini göstərir. Hökumət bunun üzərində yəqin ki, düşünür, müəyyən addımlar atıla bilər. Son zamanlar vətəndaşların maraqlarını nəzərə alaraq prezident tərəfindən atılan addımlara nəzər salsaq bu da mümkün variantlardan biridir. Biz bu məsələni qaldırmışıq, hazırda aktualdır. Hesab edirik ki, bu limit ən azı yay aylarına şamil edilə bilər. Ən azı 3 ay müddətində insanların elektrik enerjisindən rahat istifadəsi üçün limit götürülə bilər. Belə bir addım atılsa vətəndaşın rifahında da öz təsirini göstərəcək”. Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Xəzəryanı ölkələr arasında ən bahalı elektrik enerjisi Azərbaycana məxsusdur:“Əgər biz özümüzü qonşu ölkələrlə müqayisə ediriksə, o zaman Ermənistanla, Gürcüstanla, Moldova ilə deyil, Rusiya, Qazaxıstan, Özbəkistan və Türkmənistanla, İranla müqayisə etməliyik. Bu ölkələr də bazar iqtisadiyyatına uyğunlaşıb. Elektrik məsələsində də ilk növbədə bu xidmətin maya dəyəri əsas götürülür, ikincisi də, əhalinin əlçatanlığının təmin olunması nəzərə alınır. Tarifləri qaldıranda bir neçə nəfəri televiziyaya çıxarıb izah edirlər ki, Avropada elektrik enerjisi daha bahadır, 1 kilovatt elektrik enerjisinin qiyməti 25 sentdir. Ancaq heç kim demir ki, avropalı 5 min avro əməkhaqqı alır. Ona görə də, sadaladığım Xəzəryanı ölkələr arasında ən bahalı elektrik enerjisi Azərbaycandadır”. İqtisadçı alim Vüqar Bayramov da əhali üçün elektrik enerjisinə tətbiq edilən limitlərin artırılmasının tərəfdarı olduğunu bildirib: “Azərbaycanın mövcud iqtisadi durumu və xüsusən də 2017-ci ildə iqtisadi stabilliyin əldə edilməsi nəticədə kommunal xidmətlərin daha ucuz təklif edilməsinə imkan verir. Elektrik enerjisinin istehsalında ciddi artımlar müşahidə olunub. Elektrik enerjisinin istehsalı da nəticədə kommunal xidmət olaraq elektrik enerjisinin daha ucuz qiymətə və daha artırılmış limitlər daxilində təklif edilməsinə imkan verir. Azərbaycan iqtisadiyyatında artım tempinin bərpa edilməsi, neftin qiymətinin məqbul səviyyədə olması işığın limitinə baxılması və onun artırılması üçün baza formalaşdırıb. (Musavat.com)