Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərin “AzPolitika.info”-ya müsahibəsini təqdim edirik: - Sülhəddin bəy, bir neçə gün əvvəl Prezident İlham Əliyev hüquq-mühafizə və təhlükəsizlik sektorlarında çox ciddi dəyişikliklərə getdi. Yeni təyinatları necə qarşıladınız? – Son təyinatlarla bağlı cəmiyyətdə böyük gözlənti yaranıb. Mənə elə gəlir ki, bu gözlənti əsassız və mövcud duruma adekvat deyil. Nə qədər ki, hakimiyyətin təbiətində, siyasətində köklü dəyişiklik baş verməyib, kadr təyinatları, yerdəyişmə ilə hər hansı bir nəticəyə nail olmaq mümkün deyil. Bu kadrların hamısı hakimiyyətin siyasətinə xidmət edir. Bəzi yerdəyişmələr olub, düzdür, bu yerdəyişmələrin özü də həm daxili mübarizə, həm də xarici təsir baxımından analiz üçün müəyyən ipucları verir. - Elə bu kontekstdən yanaşsaq, xüsusən Dövlət Təhlükəsizliyi Xidmətində baş verən rəhbər dəyişikliyini necə şərh edərdiniz? – Dövlət Təhlükəsizliyi Xidmətindəki təyinat onu göstərir ki, hakimiyyəti ciddi narahat edən proseslər gedir. Bu prosesin qarşısını almaq üçün ora struktura dərindən bələd olan, bu sahədə səriştəsi və təcrübəsi olan bir şəxsin gətirilməsi qərarına gəlinib. Bu baxımdan mən Dövlət Təhlükəsizliyi Xidməti ilə bağlı atılan addımın yerində olduğunu düşünürəm. Orada uzun illər ərzində elə vəziyyət yaranıb ki, qısa müddətdə ciddi dəyişikliklərin olacağını gözləmirəm. Nəzərə almaq lazımdır ki, kəşfiyyat, əks-kəşfiyyat, təhlükəsizlik sahəsi spesifik sahə olduğundan orada hər hansı bir nəticə əldə etmək üçün zaman tələb olunur. Yəni bunun üçün uzun zaman tələb edilir. O şərtlə ki, bu istiqamətdə məqsədyönlü və sistemli iş aparılsın. Bu sahədə məqsədyönlü və ardıcıl iş aparılacaqsa və bu zaman Azərbaycanın milli təhlükəsizlik maraqları rəhbər tutulacaqsa, bu halda bir müddətdən sonra müsbət dəyişiklikləri gözləməyə dəyər.
- Bu təyinatlara münasibətdə ən diqqətçəkən məqamlardan biri budur ki, Əli Nağıyevin DTX rəhbərliyinə gətirilməsini mütləq əksəriyyət, hətta müxalif cəbhəyə yaxın ekspertlər də təqdir etdilər. O cümlədən elə Siz də bu qərarı dəstəklədiyinizi bildirirsiniz. Əvvəllər belə vəziyyət çox nadir hallarda müşahidə olunub. Sizcə, bu, nə ilə bağlıdır? – Əvvəla qeyd edim ki, Əli Nağıyev hələ sovet dövründə Dövlət Təhlükəsizlik Komitəsinin məktəbini bitirib, o dövrdən bu orqanda fəaliyyətə başlayıb. Uzun illər bu sahədə işləyib. Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu istiqamətdə çalışıb, bizim hakimiyyətimiz zamanı və bizdən sonra da bu sahədə olub. Son illərdə, Eldar Mahmudovun nazir olduğu zaman Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə keçib. Onun kifayət qədər təcrübəsi var, bu sahənin xüsusi təhsilini alıb və uzun illər bu nazirlikdə çalışıb. Bu baxımdan Əli Nağıyevi peşəkar adlandırmaq olar. - Necə düşünürsünüz, yeni DTX rəisi vaxtilə Eldar Mahmudov tərəfindən “vurulan” peşəkar kadrları yenidən işə qaytaracaqmı? – Əslində mən bayaq bu məsələyə üstüörtülü toxundum. Təhlükəsizlik sahəsində bir əməkdaşın yetişməsi və püxtələşməsi üçün uzun zaman lazımdır. Bu baxımdan əgər dönüş əldə etmək istəyi varsa və bu dönüşün qısa zaman kəsiyində baş verməsi tələbi varsa, heç şübhəsiz ki, təcrübəli işçilərə ehtiyac var. Yeni DTX rəisinin bu sahədə atacağı addımlar qısa zamanda görünəcək. Çünki o yaxşı bilir ki, ağır və məsuliyyətli işin altına girib. Buna görə də inandığı və etibar etdiyi peşəkar kadrlardan ibarət komanda formalaşdırmalıdır. - Daxili İşlər Nazirliyində baş verən rəhbər dəyişikliyini, gözlənildiyi kimi, Vilayət Eyvazovun nazir təyin olunmasını necə qiymətləndirərdiniz? – Ramil Usubovun vəzifədən kənarlaşdırılması daha ciddi faktordur, nəinki onun yerinə Vilayət Eyvazovun təyin edilməsi. Çünki Vilayət Eyvazov əvvəl nazir müavini, daha sonra nazirin birinci müavini vəzifəsini daşıyırdı. Yəni nazirlikdə ən çox nüfuzu və təsiri olan vəzifəli şəxs idi. Bu baxımdan Vilayət Eyvazovun təyinatı daha çox gözlənilən və yerində idi. Sadəcə burada diqqəti cəlb edən əhəmiyyətli məsələ, nəhayət, Ramil Usubovun bu sistemdən çıxarılması və əlində olan real gücün alınmasıdır…
- Bəs Mədət Quliyevin Müdafiə Sənayesi Nazirliyinə keçirilməsi?… – Burada bir qədər qüsur ortaya çıxdı. Çünki əvvəlcə bu nazirlik ləğv edilmişdi və yerinə “Azərsilah” yaradılmışdı. İndi bu qurum ləğv olundu və yenidən Müdafiə Sənayesi Nazirliyi yaranır. Məncə, Mədət Quliyevin narazı olmaması üçün bu addım atılıb. Çünki Azərbaycan daxili vəziyyət baxımından və regionda baş verən proseslər baxımından həssas bir mərhələyə daxil olur. Odur ki, Prezident öz komandasındakı sadiq və etibarlı adamları itirmək və ya incitmək istəmir. - Bir qədər də Qarabağ danışıqları haqda… Bakıda yeni təyinatlar baş verən ərəfədə Azərbaycanın xarici işlər naziri Vaşinqtonda ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Boltonla müzakirələr aparıb, eləcədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ABŞ-ın təşəbbüsü ilə Ermənistanın xarici işlər naziri ilə danışıqlar keçirilib. ABŞ, az qala 17 ildən sonra Qarabağ münaqişəsinə yenidən diqqət ayırmış kimi görünür. Vaşinqtondakı görüşləri və müzakirələri necə şərh edərdiniz? – Məncə, bu ilk növbədə İran və bu ölkənin ətrafında yaranan vəziyyətlə bağlıdır. Mən bir neçə dəfə demişəm ki, İran məsələsi gündəliyə gəldikdən sonra İran ətrafındakı ölkələrdə yenidən siyasi formatlanma prosesi gedir və ya buna cəhd edilir. Con Bolton bundan əvvəl Bakıda və Yerevanda səfərdə oldu, hər iki paytaxtda da verdiyi mesajlar demək olar ki, eyni mahiyyətdə idi. Burada istər Rusiyanın, istərsə də Amerikanın operativ taktiki məqsədi var: İran məsələsinin gündəliyə gəldiyi bir vaxtda Azərbaycanda hərbi iştirakı və mövqeyi gücləndirmək. Məncə, verilən təkliflərə də bu prizmadan baxmaq lazımdır. Bu təkliflərin Moskva və ya Vaşinqton tərəfindən verilməsi mahiyyəti dəyişmir. - Hansı məqamları nəzərdə tutursunuz? – Söhbət ondan gedir ki, Azərbaycan İranla quru, hava və su sərhəddinə malikdir. Bundan vacib olanı isə Azərbaycanın tarixi coğrafiyasının və Azərbaycan türklərinin əksəriyyətinin İranda yaşaması faktıdır. Xüsusilə vurğulamaq lazımdır ki, İran məsələsi həm də Azərbaycan məsələsidir. Odur ki, Azərbaycana ancaq İranla qonşu ölkə kimi baxmaq lazım deyil. İran məsələsində Azərbaycan strateji dərinliyi olan yerdir. - Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ-ın Qarabağ münaqişəsində fəallıq göstərməsinin səbəblərini şərh edərkən qeyd edib ki, ABŞ arzu etmir ki, İran kampaniyasının başa çatmadığı ərəfədə Qarabağ münaqişəsi alovlansın və müharibəyə çevrilsin. Məhz bu səbəbdən də nazirlər arasında görüş təşkil edir. Bu nə dərəcədə ciddi iddiadır? – Təbii ki, İran məsələsinin gündəmdə olduğu bir zaman Vaşinqton istəməzdi ki, diqqəti yayındıran yeni böhranlı vəziyyət yaransın, enerjinin bir hissəsi də buna sərf olunsun. Odur ki, Amerika və İsrail Rusiya ilə dil tapmağa çalışır. Məsələn, bu gün (İyunun 24-də-red.) Qüdsdə İsrail, Rusiya və ABŞ-ın təhlükəsizlik şurasının rəhbərlərinin görüşü keçirilir. Hesab edirəm ki, bu çox mühüm görüşdür. Əgər burada İran məsələsinə dair razılaşma əldə olunarsa, məncə Azərbaycan məsələsi də bunun daxilində olacaq. - Bütün bu qeyd edilənlərdən sonra yaxın dövr üçün Azərbaycan və Ermənistan arasında müharibə ehtimalını görürsünüzmü? – Mənə elə gəlir ki, əgər ABŞ və Rusiya İran məsələsində çərçivə razılaşması əldə etməsə, müharibə ehtimalı artacaq. Çünki tərəflərin hər biri regiona girməyə, möhkəmlənməyə çalışır. Yəni söhbət İranın şimalında möhkəmlənməkdən və Azərbaycan faktoruna kimin nəzarət etməsindən gedir. Bu da mühümdür. Bu mənada razılıq əldə edilməzsə müharibə ehtimalı ilə yanaşı regiona hərbi müdaxilə ehtimalı artacaq. - Son dövrlər cəbhə xəttində müşahidə olunan gərginlik də bununla bağlı ola bilərmi? – Əslində, məncə, cəbhə xəttində yaranan gərginlik dünyada və regionumuzda olan gərginliklə bağlıdır. Bu gərginlik ancaq bizim cəbhə xəttində deyil. Dünya çox sıx şəkildə inteqrasiyadadır, bir-birilə bağlıdır. Dünyada və regionda gedən proseslər hər bir ölkəyə təsir edir. Xüsusilə, xarici təsirlərə həssas olan, ərazisinin bir hissəsi işğal altında olan və müharibəyə cəlb edilən ölkələrə. Vaqif NƏSİBOV AzPolitika.info