Andro Malkin
regnum.ru, 24.06.2019
Gürcüstan paytaxtının mərkəzi prospektində baş verməkdə olanlar əsas məqsədi “Gürcü arzusu”nu hakimiyyətdən uzaqlaşdırmaq olan kobud, amma diqqətlə düzəldilən plana çox oxşayır. Amma, ola bilsin, baş verənlər etirazçıların diqqətini yayındırmaq və yumşaltmaq, indiki hakimiyyəti saxlamaq qəsdilə düşünülüb. Çünki burada parlamentə hücum çağırışları daha səslənmir, aksiyaya qatılanlar iddia edirlər ki, yalnız dinc mitinqlər keçirəcək və bütün tələblər yerinə yetirilməyənədək davam etdirəcəklər.
Tələblər isə hələlik üçdür: DİN başçısı Georgiya Qahariyanın istefası, bütün “siyasi dustaqları”, yəni iyunun 20-də Rustaveli prospektindəki aksiya zamanı və aksiya dağıdılanda saxlanan, parlamentə hücumdan savayı xeyli hüquqazidd başqa əməllərdən də çıxan hiyləgərləri azad etmək. Üçüncü tələb isə proporsional sistem üzrə parlament seçkiləri keçirməkdir. Aksiya iştirakçıları iyunun 22-də Gürcüstan parlamentinin yanında bu çağırışlarla durublar. Rusiya prezidentinin ünvanına kobud ifadələrlə başqa plakatlar da, habelə “Rusiya işğalçıdır”, “Gürcüstan Rusiya tərəfindən işğal olunub” şüarları var idi…
Çıxış edənlərin siyahısı qabaqcadan tərtiblənmiş və ciddi məhdudlaşdırılmışdı. Tribunaya ancaq qeyd əsasında buraxırdılar. Hamı eyni sözü deyirdi: Rusiya “işğalçıdır”, Rusiya təmsilçisi Gürcüstan parlamenti sədrinin kürsüsünü “işğal edib”, indiki hökumət Putin planının icraçısı rolunda çıxış edib, Qahariya istefaya getməlidir, çünki başçılıq etdiyi polis zor işlədib, seçkilər proporsional sistemlə olmalıdır.
Əsasən, gənclər, sıravi gürcü tələbəsi, mühacir, ya da Gürcüstanın BMT-dəki elçiləri kimi təqdim olunan oğlan və qızlar çıxış ediblər. Təşkilatçıları qane etməyən nəsə danışanlar tribunaya toplanmış gənclər tərəfindən bir anda oradan aparılırdı. “Vahid Milli Hərəkat”ın 9 illik idarəçiliyinin azğınlıqlarını yada salmağa çalışan tələbə qızı belə aradan götürüblər, Mixail Saakaşvili haqda pis nəsə deməyə cəhd edən gənci də rədd ediblər. Amma çıxış etməyə icazə verilən “tələbələr” “bütün siyasi güclər”dən sərt şəkildə əl çəkib və iddia ediblər ki, etiraz onların iradəsilə təşkil olunub.
21 iyun mitinqindən fərqli olaraq hər halda bu dəfə müxalifəti – “Milli Hərəkat”, “Avropa Gürcüstanı”, Leyborist Partiyanın, gəncliyi təslim olmamağa çağıran, sona qədər getməyə və dəstək vəd edən, habelə hakimiyyət dəyişikliyi zərurəti və ölkənin “baş şəri”ni – oliqarx Bidzina İvanişvilini uzaqlaşdırmaqdan danışan Qərbyönlü müxtəlif qeyri-hökumət təşkilatlarının təmsilçilərini tribunaya buraxıblar.
Vətəndaşların Rustaveli prospektində duraraq adi tamaşaçı rolunda çıxış edən bölümünə gəlincə, onların önəmli qismi bəzən adi sualları cavablandıra bilmirdi: bura nə məqsədlə gəliblər, nə tələb edirlər və nə qədər duracaqlar. Qalanları plakatlarda yazılanları təkrarlayıb və bildiriblər ki, burada Gürcüstanı “Ruisyanın işğalı”ndan qoruyurlar. Konkret deyə bilmirdilər ki, indiki anda Rusiyanı nədə ittiham edirlər, bu aksiyaya bəhanə kim və nədir?
Aksiyada zirvə məqamları az olmayıb, mitinq aparıcılarından biri mikrofona yaxınlaşaraq Putin haqda Ukrayna mitinqlərindən mənimsənilən şüarlaradan birini gürcü rok ifaçılarının havasında oxuyanda bunlardan biri mini konsertə dönüşüb. Mitinqin bütün iştirakçıları isə havanı elliklə tutaraq gürcü xorunun özünəməxsus örnəyini təqdim ediblər. Baş verənləri evlərində televizor ekranında seyr edənlər bu “ifa”nın videoyazısını bir anda köçürüb, sosial şəbəkələrdə yayaraq vurğulayıblar ki, “əsil gürcü vətənsevərləri” məhz belə də edirlər.
Aksiyada Rusiyanın və rəhbərliyinin ünvanına yeni ittihamlar səslənib. Tiflisdə Rustaveli prospektində Rusiyanın Gürcüstana aviareyslərin ləğvi haqda qərarına reaksiya veriblər. Bildiriblər ki, bu, gürcü xalqına heç bir ziyan gətirməz, çünki gürcü tələbələr ən yaxşı təhsil almaq üçün Rusiyaya deyil, ABŞ və Avropanın ali təhsil məktəblərinə gedirlər, çünki azad Gürcüstana Rusiya turistləri əvəzinə Avropa və Asiyanın başqa ölkələrindən turistlər gəlirlər, çünki gürcü şərabının satış bazarı şaxələnib və indi onu başqa ölkələrə daha çox daşıyacaqlar, çünki Gürcüstan energetikaca Rusiyadan artıq heç cür asılı deyil… Lakin qərarın özünü və “Kreml”in Gürcüstan mallarının ixracına tətbiq edə biləcəyi mümkün sanksiyaları qabaqcadan pisləyiblər.
“Biz Rusiyanın təsirindən tamamilə yaxa qurtarmalıyıq, çünki o, bütün bu illər boyu inkişafımıza və bizi mədəni dünyanın sırasına aparacaq yolu davam etdirməyə mane olub” – çoxu öz çıxışını şimal qonşunun və onun siyasi rəhbərliyinin ünvanına ədəbsiz sözlərlə növbələşdirərək çıxış edənlər, təxminən, belə danışıblar.
Aksiyada daha bir məqam “gürcü mühaciri” kimi təqdim edilən kişinin çıxışı olub. O bildirib ki, bura özəl olaraq Yunanıstandan gəlib və başqa mühacirlərdən salam gətirib. İsmarıc isə bundan ibarət idi ki, Mişa Saakaşvili Gürcüstana qayıtmalı və hakimiyyəti indiki hökumətdən geri almalıdır. Düzdür, onu fitə basıblar, amma bu, yetərincə güclü olmayıb. O öz ismarıcını bir neçə dəfə təkrarlayıb və tribunadan düşüb.
…Gürcüstanda baş verənləri hər kəs özünəməxsus dəyərləndirir. Amma ölkədə hamının “açıq dəstəklədiyi” və beləcə açıq ifadə etdiyi bir baxış nöqtəsi və bir versiya formalaşıb. Başqa cür olmaz da. İndiki halda istənilən özgə düşüncə satqınlıq, xəyanət və antimilli fəaliyyət sayılacaq. Bu versiya isə bundan ibarətdir ki, baş verənlərdə Gürcüstan parlamenti sərdrinin kürsüsünə əyləşmiş, özü də bunu Gürcüstana “işğalçıdan” növbəti təhqir gətirmək qəsdilə açıqca Moskvada quraşdırılmış plan üzrə etmiş Rusiya vətəndaşı günahkardır. Müxalifət bu versiyaya öz ittihamlarını əlavə edir: assambleyanın toplantısını planlaşıdıran və deputat Qavrilova parlamentdə fəxri yeri tutmağa imkan verən Gürcüstan hökuməti təqsirkardır. Buna görə də özünün əsil mahiyyətini göstərən hökumət getməli və yerini başqasına verməlidir. Hökumətdən belə bir qərara nail olmaq səyləri hələ 20 iyunda ilk aksiyada göstərilib, amma müxalifət üçün uğursuz qurtarıb: polis xüsusi vasitələr tətbiq edərək hər halda mitinqi boğub. Eynilə Mixail Saakaşvilinin dəfələrlə etdiyi kimi. Xüsusi vasitələri isə Saakaşvili hökumətinin təlim keçdiyi xüsusi təyinatlılar tətbiq edib və mitinqi boğub. Amma bu gün məhz onun silahdaşları parlamentə hücum edən “dinc” vətəndaşları dağıtmağa cürət edən “Gürcü arzusu”nun ünvanına ittihamlar yağdırır.
Tiflisdə baş verənlərdə fitnəkarlıq olubmu? Hadisələrin inkişafına əsasən, olub. Məsələ yalnız bundadır ki, bunu kim təşkil edib və bu fitnə kimi qane edirdi. Burada isə fikirlər ayrılır. Hakim partiya müxalifəti və … Rusiyanı ittiham edir. Müxalifət isə Rusiyanı və “Gürcü arzusu”nu. Belə ki, burada Rusiyasız heç cür ötüşülmür.
Amma axı yetərincə dinc və “Rusiya işğalı” mövzusuna heç cür bağlı olmayan tədbir – Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) əvvəlki 25 toplantısı başqa üzv ölkələrdə keçirilmiş 26-cı sessiyası planlaşdırılmışdı. İndiki isə Gürcüstan tərəfinin xahişi və dəvəti ilə Tiflisdə Gürcüstan parlamentinin binasında olmalıydı.
Yanaşı olaraq bu günlərdə Tiflisdə cinsi azlıq təmsilçilərinə Homofobiya ilə mübarizə Gününü bayram etmək imkanı verilmədiyi üçün “uduzduqlarını qaytarmağa” toplaşdıqları “gey-parad” deyilən tədbir hazırlanmışdı. Çünki Gürcüstanda bu gün Ailənin Müqəddəsliyi Günü elan olunub. Düzdür, gey-parad təşkilatçılarını hərfi mənada dabanbasma izləyən və tədbiri pozmağa söz verən müxtəlif “millətçi” təşkilatların fəalları və pravoslav ictimaiyyətinin təmsilçiləri LGBT-nin planlarına ciddi mane olublar. Gürcüstan paytaxtında hadisələrin inkişafı bu mövzunu və onunla bağlı qarşıdurmanı ikinci plana keçirib. LGBT cəmiyyətinin ən fəal üzvləri, gey-parad təşkilatçıları isə parlament binası yanındakı aksiyalarda qeydə alınıb vvə hətta aksiya təşkilatçılarının şüar və çağırışlarına dəstəklə çıxış ediblər.
PPA da Tiflis hadisələrinin cavabında özəl bəyanat verib. O vurğulayıb ki, 26-cı sessiyanı Gürcüstanda keçirmək haqda qərar Gürcüstan parlamenti sədrindən dəvətdən sonra qəbul edilib. Etirazçıların diqqətinə çatdırılıb ki, Rusiya təmsilçisi 2018-ci ildə Afina toplantısında assambleyanın prezidenti seçilib, assambleya prezidenti assambleyanın baş katibi ilə əməkdaşlıqla sədrlik edir və adətən, qəbul edən ölkənin parlamentinin binasında sədrlik edən şəxs üçün ayrılan yeri tutur. Qavrilovun tutduğu yer isə “PPA-nınn Baş Assambleyasının prezidentinə qəbul edən tərəfdən təqdim olıunub”.
Assambleya Qavrilovun rus dilində çıxışının qəzəbləndirdiyi kəslərin nəzərinə çatdırıb ki, qurumun rəsmi dili yunan, rus, ingilis və ərəb dilidir.
Bu bəyanat Gürcüstan sosial şəbəkə istifadəçiləri arasında maraqlı reaksiya doğurub. Fəal qadın vətəndaşlardan biri yazıb ki, xristianlıq və pravoslavlıqdan imtina və müsəlmanlığı etməyə hazırdır, təki “işğalçı” ilə bir təşkilatda olmasın. Onun postu yalnız bir yığın müsbət rəy və oxşar şərhlər doğurub.
Gürcüstandakı hadisələr bununla bitmir və Gürcüstan vətəndaşlarını, hər şeyə əsasən, olduqca – təkcə hava mənasında deyil, həm də siyasi planda – “alovlu” yay gözləyir.
Tərcümə Strateq.az-ındır.