Bakı Ağır Cinayətlər Məhkəməsində "Range Rover”lə qəza törədərək iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən polis əməkdaşı Xəyal Məmmədova hökm oxunub. "Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə X.Məmmədovun günahsız olduğu qənaətinə gəlinib və ona bəraət verilib. X.Məmmədov məhkəmə zalından azadlığa çıxıb.
İttihama görə, iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb. Hadisədən sonra başından xəsarət alan sürücü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb. Daha sonra həmin sürücünün şəxsiyyəti müəyyən edilib və o, həbs olunub.
Məlum olub ki, qəza baş verən zaman "Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, saxlanılaraq məhkəmənin qərarı ilə həbs edilib.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadədə uzun müddət sabiq daxili işlər naziri Ramil Usubovun cangüdəni olduğunu bildirib.