Zamirə Hacıyevanın məhkəməsi: ögey qız, gizli şahid, "siyasi mövqe" iddiası (FOTO)

26-06-2019, 17:20   

 


Londonda “Westminister Magistrates” məhkəmənin qarşısındaki fotoqraflar ordusunu ötüb içəri keçirəm. Hamısı bugünkü 16 milyonluq “ov”unu gözləyir. Mühafizəni asanlıqla keçirəm.
 
Elə bu an ağlıma gəlir, Bakıda olsam, sorğu- suala tutulmuşdum yəqin. Bura nəyə görə gəldiyim heç kimi maraqlandırmır. İstəyirsən gir-gəz, sonra çıx get. İki il əvvəl, tələbə olarkən “Royal Courts”a gedib gəzməyim yadıma düşür, “məhkəməni gəzmək istəyirəm, icazə varmı?”, deyə, soruşmuşdum. "Foto çəkmədiyiniz müddətdə, əlbəttə, içəri girə bilərsiniz" demişdilər.
 
...Yuxarı qalxıb bir nömrəli otağın qarşısında gözləyirəm. Yarım saat sonra daha öncəki məhkəmədən simasını tanıdığım Zamirə Hacıyevanın vəkillərindən birini görürəm, yanında da bir qadın. Bir qadına, bir vəkilə baxıram. Budur, Zamirə Hacıyeva tam qarşımda dayanıb, bir-birimizə baxırıq. Üç dörd ay öncə polis stansiyasından çıxanda onu çəkmişdim. Görəsən, tanıdımı məni? Onda suallarıma cavab verməyib “məni tək buraxın” demişdi.
 
İclasın başlamağına 10 dəqiqə qalmış vəkilləri ilə içəri keçir. Elə mən də onlara baxıb içəriyə keçirəm. Əvvəlcə arxada, jurnalistlərin olduğu yerdə oturur. Bəli, məndən iki stul o tərəfdə 99.000 funt sterlinqə oyuncaq almış azərbaycanlı bir qadın oturur...
 
Zamirə Hacıyevaya baxıram. Həyəcanlı olduğu hər halından bəllidir. İlk dəfədir ki, məhkəməsində iştirak edir. Bu, onun üçün çox önəmlidir. Özü ilə təxminən eyni yaşlarda olan qadın və gənc oğlan ona dəstək olmaq üçün gəlib. Bəlkə də oğludur, nə bilmək olar, ancaq sonra “oğlu”nun sadə geyiminə baxıram, "ola bilməz" deyirəm. Yəqin ki, yanındakı qadının oğludur. Bu da bir təxmindir...
 
Və beləliklə hakim içəri girir, hamı ayağa qalxır. Vəkilləri Zamirə Hacıyevanı təqdim edir. Zamirə Hacıyeva jurnalistlərin olduğu yerdən sol tərəfdəki şüşəli otağa dəvət edilir. Prosesin axırına qədər orda tək-tənha oturur. Hakim onun adını, doğum tarixini soruşur, o da cavablayır. Bundan sonra o susur, vəkili onun üçün danışır.
 
Proses uzun çəkir, ümumilikdə 4-5 saat. Sizə yadda qalan məqamlardan danışım...
 
O, Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş 28 kartdan istifadə edib, bu kartlardan 10-u şəxsən Zamirə Hacıyevanın adına açılıb. Digər kartlardan bəziləri isə ərinin şəxsi mühafizəçisinin, ögey qızının adınadır. Bu məqamda fikirləşriəm, ögey qız? Bu haqda heç eşitməmişdim.
 
Zamirə Hacıyevanın vəkili bir ara belə deyir ki, müvəkkilinə kredit kartları veriləndə o, bunların ölkə qanunlarının pozularaq verilməsindən xəbərsiz olub. Ona görə də " Harrods"da bu qədər pul xərcləmək çox da düzgün olmasa da, hər hansı hüquqi cinayət təşkil etmir.
 
Daha sonra vəkil Azərbaycandakı siyasi məhbusların vəziyyətindən danışır. Bildirir ki, Zamirə Hacıyeva Azərbaycana göndərilsə o, siyasi görüşlərinə görə ədalətli mühakimə olunmayacaq. Bu məqamda Azərbaycan hökumətini təmsil edən Helen Malkolmun cavabı ürəyimcə olur: "Bizim bildiyimiz qədər, Zamirə Hacıyevin siyasi mövqeyi yoxdur”.
Zamirə Hacıyevanın özü barəsində, xərclədiyi pullar haqqında məlumatlar verilir. Ərinin ildə 55 min funt sterlinqdən çox pul qazanmadığı qeyd olunur. 11.5 milyon funt sterlinq dəyərindəki evindən danışılır. "Neçə uşaq oxudulardı o pulla" deyə, fikirləşirəm...
İkinci yarı üçün fasilə verilir. Zamirə Hacıyevanın dostları onun çiynini ovub, dəstək olurlar. Elə çölə çıxanda sadə geyimi gözümü oxşayır. Evinin qarşısında idman paltarı ilə çəkilən məşhur görüntü yəqin ki yadınızdadır. İdman geyiminin belə minlərlə funt sterlinq qiyməti var idi. Yəqin ki, indi bir az daha ehtiyatlı davranıb.
 
"Aranızda Azərbaycan hökumətindən ya da səfirliyindən kimsə var? "
 
Prosesin ikinci yarısında Zamirə Hacıyevanın vəkilləri bir-bir jurnalistlərə yaxınlaşıb bizdən bu suala cavab istəyirlər. Çünki gizli şahid gələcək birazdan. O, tanınmaqdan, ifşa olunmaqdan qorxur. Vəkillər əl-ayağa düşür, məndən də soruşurlar eyni sualı. Jurnalist olduğumu deyirəm.
 
Gizli şahid həyəcanlıdır, boğazı quruyur danışdıqca. Tez-tez hakim və Zamirə Hacıyevanın vəkili daha yüksəkdən danışmağı məsləhət görür. Bəzi sualları başa düşməyəndə tərcüməçi köməyinə yetişir. Gizli şahidi isə hakimdən başqa heç kəs görmür. Bir ara şahidin özü də bayaq vəkillərin bizdən soruşduğu sualı soruşur. Hakim onu əmin edir ki, içəridə Azərbaycan hökumətindən, ya da səfirliyindən heç kəs yoxdur.
 
Bax belə, şahid də siyasi məhbuslardan danışır. Elə bu yerdə Helen Malkolmun bayaq yuxarıda dediyi arqument yadıma düşür. Ancaq görəsən, Zamirə Hacıyeva bahalı daş-qaş almaqdan başqa hər hansı bir məsələ ilə maraqlanıb bu son illərdə?
 
Gizli şahidin səsinin yavaş çıxmağı, dediklərinin çox anlaşılan olmamağı məhkəmə prosesini yavaşladır. Hakim prosesin növbəti iclasda davam edəcəyini elan edir...(APA)
 

  
 



 
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar